Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8044/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə planı və ölçüsünün tərtib edilməsi, hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «torpaq sahəsinə planı və ölçüsünün tərtib edilməsi, hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin “Zeytun” Aqrofirmasının fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahələrinin ayrılması barədə 12 avqust 1989-cu il tarixli 194 nömrəli qərarı ilə İddiaçı X1 ərazisindən 0,10 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı həmin sahəni hasarlamış və orada fərdi ev inşa etdirərək, ailəsi ilə birlikdə uzun illərdir həmin evdə yaşayır. Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə əlaqədar sənədlər nzərdən keçirildikdə məlum olmuşdur ki, Abşeron Rayon XDS İK-nın 12 avqust 1989-cu il tarixli 194 nömrəli qərarına torpaq sahəsinin plan-sxemi əlavə edilməmişdir. Torpaq sahəsi əvvəllər Abşeron rayonunun ərazisində olsa da, qəbul olunmuş müvafiq qərarlar əsasında Bakı şəhəri Sabunçu rayonunun idarəçiliyinə verilmişdir. Bu səbəbdən iddiaçı həmin torpaq sahəsinə plan-sxem alınması üçün Bakı şəhəri Sabunçu RİH-ə müraciət etmişdir. Bakı şəhəri Sabunçu RİHdən alınmış cavab məktubunda bildirilmişdir ki, Abşeron rayonunun göstərilən torpaqları Sabunçu rayonuna keçərkən vətəndaşlara ayrılmış həyətyanı torpaq sahələrinin plansxemləri, koordinatlarını əks etdirən sənədlər təhvil verilməmişdir, bu səbəbdən də ərizənin təmin olunması mümkün hesab edilməmişdir. Abşeron RİH-in iddiaçıya müvafiq müraciətə cavab olaraq ünvanlanmış məktubunda izah edilmişdir ki, torpaq sahəsinin plan-sxeminin tərtib olunması üçün Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinin cavab məktubunda isə, göstərilmişdir ki, Abşeron Rayon XDS İK-nın 12 avqust 1989-cu il tarixli 194 nömrəli qərarına torpaq sahəsinin plan-sxemi əlavə olunmamışdır. Bundan sonra iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsə də, Xidmətin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, ona məxsus 0,10 ha torpaq sahəsinin yerləşmə sxemi arxivdə aşkar edilməmişdir. Halbuki, iddiaçı cavabdehə məktubunda arxiv qurumuna müraciət etməsinə baxmayaraq, torpaq sahəsinin yerləşmə sxemini əldə edə bilmədiyini, sxemin olmadığını qeyd etmiş və sxemin həmin qurum tərəfindən tərtib olunmasını xahiş etmişdir. Cavabdeh isə, torpaq sahəsinin yerləşmə sxemini tərtib etmək və torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq əvəzinə, idduaçıya formal cavab vermişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10-cu maddəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nizamnaməsinin müddəalarına əsaslanaraq, Abşeron Rayon XDS İK-nın 12 avqust 1989-cu il tarixli 194 nömrəli qərarı ilə X1 ərazisində iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi, torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 23 may 2023-cü il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması, qeydiyyatın rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən çıxarışın təqdim olunması, həmçinin texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texnii pasportun) tərtib edilməsi publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirildiyi üçün cavabdehin əls cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı bakı Ərazi İdarəsi ilə əvəz olunması xahiş edilir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq bildirişlər ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmijn Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Nizamnamənin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə həmin İdarə daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. Qeyd olunmalıdır ki, hazırkı inzibati məhkəmə icraatında iddiaçının tələb etdiyi məsələ cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin deyil, həmin publik hüquqi şəxsin yerli qurumlarının – ərazi idarələrinin səlahiyyətlərinə aiddir və bu qurumlar inzibati icraatl müstəqil inzibati orqan kimi aparırlar. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsindən və iş materiallarından iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yerli quruma müraciət etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsini iddiaçıya tövsiyə etməmişdir. Hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə gəldikdə isə, məhkəmə belə nəticəyə gəlir ki, həmin cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Məhkəmə həmçinin diqqətə çəkir ki, iddiaçı tələbini əsaslandırarkən Abşeron XDS İK-nın 12 avqust 1989-cu il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin torpaq sahəsinin plan-cizgisinin alınmasının zəruriliyini bildirmişdir. Bu isə o deməkdir ki, iddiaçı qeydiyyat orqanının torpaq sahəsinin cizgisi olmadan ona hüququn qeydiyyata alınmasından imtinasını formal şəkildə mübahisələndir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8044/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8044/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver