Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8046/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü olmaqla Daşkəsən şəhərində və hazırda Bakı şəhəri Kürdəxanı qəsəbəsi Meyvə Tincliyi, 59 saylı yaşayış sahəsində yaşayır. Sentyabr 1992-ci il tarixdə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə Daşkəsən Hərbi Komissarlığından yollanıb. Həmin müddətdən N saylı hərbi hissənin sıravi əsgəri kimi xidməti davam edib. xx.xx.1993-ci il tarixdə döyüşlərə gedən zaman yaralanıb. xx.xx.1992-ci il tarixdən 10 noyabr 1992-ci il tarixədək 230 saylı hərbi hospitalda müalicə alıb. Yaralanmağı haqqında xəstəlik vərəqəsi (forma 102) arayış və 230 saylı hərbi hospitaldan verilmiş epikrizi var. O, xidmətilə bağlı Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Sabunçu rayon İdarəsinə müraciət edib. O, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyat zamanı 09 oktyabr 1992-ci il tarixdə yaralanıb. Qeyd edir ki, Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdə iştirak etməyi və yaralanmağı faktı məhkəmə tərəfindən müəyyən olunmuşdur.
3. Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixdə ünvanladığı cavabını onunla əsaslandırılmışdır ki, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivdə olmadığına, hərbi biletinin 6-cı səhifəsində aparılmış qeydlər üzərindəki möhür aydın oxunmadığına və travmanın alınmasının şəraiti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08 ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edib, lakin iddiasını məhkəmə təmin etməyib. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar qeyd edilən imtinanı elə 2019-cu il tarixdə alıb, lakin ailə vəziyyəti ilə əlaqədar qeyd edilən müddətdə məhkəməyə müraciət edə bilməyib.
II. İddianın növü və mümkünlüyü
5. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
6. İddia tələbindən görünür ki, iddiaçı müvafiq sənədlərlə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, bu məqsədəuyğun hesab edilməmişdir. Odur ki, iddianın növü məcburetməyə dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəasinə əsasən, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından
7. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3).
8. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
9. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə 09 oktyabr 2019-cu il tarixində baxılmış və 12 oktyabr 2019-cu il tarixində cavablandırılmışdır. İddiaçı qeyd edilən imtinanın həmin vaxt ona təqdim edilməsini mübahisələndirmir.
10. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfindən hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı müddətin ötürülməsini əsaslandırmamışdır. Odur ki, iddianın qaldırılması ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva