Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-805/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota (mənzil növbəsinə) götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdeh Xətai RİH-ə müraciət etmiş, lakin cavabdeh 4 mart 2021-ci il tarixli qərarına əsasən onun mənzil növbəsinə götürülməsindən imtina etmişdir. Həmin məktubla müəyyən edilmişdir ki, araşdırma zamanı iddiaçı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzilini bağışlanma müqaviləsi ilə anası X1 mülkiyyətinə keçirərək özünün mənzil şəraitini qəsdən pisləşdirmişdir. İddiaçı hesab edir ki, Xərai RİH başçısının Aparatının 4 mart 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili 28 dekabr 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında anası X3 tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Lakin yaranmış zərurətlə əlaqədar Lida Qasımovanın tələbi ilə yuxarıda qeyd edilən mənzil iddiaçı tərəfindən 13 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında geri qaytarılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili 28 dekabr 2014-cü il tarixdə anası tərəfindən iddiaçıya verilmiş və həmin mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Sonradan yaranmış zərurətlə əlaqədar anasının tələbi ilə qeyd edilən mənsil geri qaytarılmışdır. Həmin mənzil 6 aprel 1992-ci il tarixli 014485 nömrəli order əsasında anası Lida Qasımova tərəfindən özəlləşdirilmiş və MH seriyalı ******* saylı çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Hətta həmin orderdə övlad kimi iddiaçının da adı qeyd olunmuşdur. 13 iyun 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzil iddiaçı tərəfindən geri qaytarılsa da, o, mənzil növbəsinə götürülməsi barədə 2018-ci ildə deyil, 3 il sonra 2021-ci ildə müraciət etmişdir. Mənzil növbəsinə alınmasına dair müraciətin 2021-ci ildə olması onun mənzil şəraitini qəsdən pisləşdirməsi demək deyil. İddiaçı hesab edir ki, cavabdeh Xətai RİH-in bu hərəkəti qanunsuzdur. Ona görə ki, o, mənzil şəraitini qəsdən pisləşdirməmiş və Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzili ona məxsus vəsait hesabına əldə edilməmiş, bağışlanma müqaviləsi əsasında ona verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 15.2, 20.2-ci maddələrinə, İPM-in 2.2.2, 39.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı “mənzil növbəsinə götürülmə barədə” müraciətinə cavab olaraq ona ünvanlanmış 4 mart 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - Araşdırma zamanı məlum olmuşdur ki, o (ərizəçi İddiaçı), Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2 saylı evin 17A saylı mənzilini bağışlama müqaviləsi ilə X2 mülkiyyətinə keçirərək mənzil şəraitini qəsdən pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Qeyd olunanlarla əlaqədar müraciətdə qaldırılan məsələ RİH tərəfindən təmin edilə bilməz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məhkəmə bildiriçi ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mənzili əvvəllər anası ona bağışlamış, 2018-ci ildə isə o, anasına geri qaytarmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi məsələsinə dair müraciətinə mahiyyəti üzrə baxılmış və məsələnin həllindən imtina olunmuşdur. İmtina isə belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan mənzili 13 iyun 2018-ci il tarixdə anasına bağışlamaqla uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə icraatında iddiaçı mülkiyyətində olan mənzilini 2018-ci ildə öz anasına bağışlamasını inkar etməmiş, lakin bu halı onunla əsaslandırmışdır ki, müvafiq mənzil əvvəllər anası tərəfindən ona hədiyyə edilmiş, sonradan isə o, sözügedən əmlakı anasına geri qaytarmışdır. Məhkəmənin qənaəti belədir ki, İddiaçı ona anasının bağışladığı mənzili 2018-ci ildə anasına bağışladıqdan sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsini istəyirsə, onun hərəkəti uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə olan hada isə, Azərbaycan Respublikası Məcəlləsinin 53.1.3-cü maddəsinin tələblərinə əsasən müvafiq mənzilin özgəninkişləşdirilməsindən 5 il müddət keçmədiyindən, iddiaçı uçota alına bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Xətai RİHin imtinası qanuna zidd sayılmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olnanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 81, 85 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-805/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-805/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver