Məhkəmə qərarları › İş №2-1(112)-8051/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8051/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8051/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X1 cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək İddiaçı1lə yanaşı həmçinin İddiaçı2, X1 iddiaçı qismində tanınması və İddiaçı2, X3, X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə İddiaçı2 və X1 iş üzrə iddiaçı qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmaları, iddia tələbinin “İddiaçı2, X3, X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi İddiaçı1 sahiblik və istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əvvəla qeyd olunmalıdır ki, iş materiallarından, o cümlədən iddia ərizəsindən də göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatdan alınması xahiş edilən şəxslər İddiaçı2, X5 və X6r. Nəzərə alınmalıdır ki, hazırki mübahisə predmetini təşkil edən əmlak İddiaçı1 paylı mülkiyyətində olduğundan, iddiaçı qismində çıxış edən şəxslərin qeydiyyata alınması ilə bağlı İddiaçı1 mövqeyinin (razılığın olub-olmaması) müəyyən edilməsi zəruridir. Bu səbəbdən də həmin şəxs iddiaçılar sırasında saxlanılmışdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 4-cü maddəsinə əsasən sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Cavabdeh də həmin imtina əsası kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilmədiyinə istinad etmiş, qeyd olunan səbəbdən də iddiaçıların qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi iş üzrə müəyyən edilməli olan hal öhdəliyin icrası növündə iddia tələbi üzrə imtinada istinad edən faktiki şərtin qanuni olub-olmamasıdır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən əmlak İddiaçı1 mülkiyyətində (paylı) olduğundan, qeydiyyata alınması tələb olunan iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınmaları mümkün deyildir. Qeydiyyata alınması tələb olunan şəxslərin (İddiaçı2, X3, X8) qeydiyyatının həyata keçirilməsi yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulan “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında mümkündür. Bunun üçün isə mütləq qaydada mübahisə əmlaka dair mülkiyyət hüquqlarının kimə məxsus olması istiqamətində araşdırma aparılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Manafoviç (2 otaq), X7 (2 otaq) və X2 (2 otaq) paylı mülkiyyətindədir. İddiaçı qismində çıxış edən və əmlakın payçılarından hesab olunan İddiaçı1 əmlak üzərində mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, hər üç payçı razılaşdırılmış bölgü sxemi əsasında mülkiyyətlərində olan yaşayış sahələrini istifadə etməkdədirlər. Göründüyü kimi İddiaçı1 yaşayış sahəsinin özünə aid hissəsinə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. O, hazırda paylı mülkiyyətində olan yaşayış sahəsinə övladını (İddiaçı2), gəlinini (X3) və nəvəsini (X8) qeydiyyat almaq arzusundadır. Nəzərə alınmalıdır ki, əmlak üzərində mülkiyyət hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil olan ən vacib hüquqi imkandır. Bu hüquqi imkan «İnsan hüquqlarının ümumi Bəyannaməsi»nin 17-ci maddəsində nəzərdə tutulmuşdur: hər bir insanın həm şəxsən, həm də başqaları ilə birgə əmlaka malik olmaq hüququ var. Həmin hüquqi imkan həm də Konstitusiyada formulə edilmişdir. Almaniya Mülki Qanunnaməsinin 903-cü paraqrafına görə, mülkiyyətçi əşya üzərində öz mülahizəsinə və istəyinə uyğun olaraq sərəncam verə bilər, habelə başqalarının əşyaya hər cür təsir göstərməsinin qarşısını ala bilər, bu şərtlə ki, qanunun göstərişlərinə və ya üçüncü şəxslərin hüquqlarına zidd olmasın. Burada mülkiyyət hüququnun məzmununa iki cür anlayış verilir: formal mənada anlayış; maddi mənada anlayış. Formal mənada 258 mülkiyyət hüququnun məzmunu dedikdə, mülkiyyətçinin əşya barəsində etdiyi hərəkətlərin qanunun göstərişlərinə zidd olmaması başa düşülür. Maddi mənada mülkiyyət hüququnun məzmunu dedikdə isə əşya üzərində elə sahiblik (yiyəlik) başa düşülür ki, bu sahiblik (yiyəlik) subyekti səlahiyyətlərin (hüquqi imkanların) sistemi ilə təmin edir. Almaniya mülki hüquq doktrinasında üstün olan konsepsiyaya görə, mülkiyyət hüququnun məzmununa qanuna məlum olan istənilən elə səlahiyyətlər daxildir ki, bu səlahiyyətlər əşya üzərində yiyəliyi (sahibliyi) təmin edir. Əmlak üzərində mülkiyyət hüququna malik olma qabiliyyəti şəxsin (mülkiyyətçinin) həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını yaradır ki, bu huquqlar əsasında şəxsin azad seçimi əsasında, hər hansı müdaxilə olunmadan, öz razılığı əsasında hər hansı bir şəxsin qeydiyyata alınmasının təmin edilməsi mümkündür. Məhkəmənin bununla bağlı mövqeyi odur ki, İddiaçı1 yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarına (paylı) malik olduğundan, o, öz irafə ifadəsi əsasında ailə tərkibini mülkiyyətində olan yaşayış sahəsində qeydiyyata almaq hüququna malik olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə qeydiyyata alınması mümkündür. Məhkəmə, həmçinin şəxslərin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edir. Maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçı və övladlarının faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Azyaşlı kateqoriyasına aid şəxslər kimi iddiaçının övladları olan digər iddiaçı X9 (xx.xx.2018-ci il təvəllüdlü) yaşayış yeri üzrə qeydiyyata alınmalı olması ilə bağlı da bir daha qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin tələblərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı2, X3 və X4 ünvan 2 ünvanına yerləşən yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar