Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8053/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı “sənədlərin surətinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Arxiv İdarəsindən sənədlərin surətlərinin məhkəmə yolu ilə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanına dair məlumatın və sənədlərin surətinin alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin İdarədən bu sənədlərin və həmin ünvana dair texniki pasportun mövcud olmadığı bildirilmişdir. Halbuki bu sənədlər mövcud olmuşdur, çünki iddiaçı hazırda həmin ünvanda qeydiyyatdadır. Bundan sonra o, xx.xx.2022-ci il tarixində Milli Arxiv İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənədi əldə etməyin mümkün olmadığı bildirilmişdir. Bu sənədlərin verilməməsi iddiaçının vərəsəlik hüququnun bərpa olunmasını mümkünsüz edir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək mərhum atası X1 Binə qəsəbəsi, Vaqif küçəsi, ev 37, döngə 4 ünvanında yerləşən torpağının və evinin sənədərinin itdiyini, buna görə də həmin torpağın və evin arxiv sənədlərinin təqdim edilməsini xahiş etmişdir. İddiaçının bu müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Dövlət Arxivinin Bakı Filialında sənədlər müvafiq İcra Hakimiyyətlərinin (İcraiyyə Komitələrinin) qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, adlara və soyadlara əsasən Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək mümkün deyildir. İddiaçı hazırda cavabdehin bu məktubunu mübahisələndirərək həmin sənədlərin surətinin ona təqdim edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; - maddə 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; - maddə 3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət; - maddə 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra sənəd) hesab olunur. - maddə 10.4. İnformasiya sahibi: 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 10.4.2. sənədlərin reyestrini aparmalıdır; - maddə 12.1. Sənədlərin reyestri informasiya sahibinə daxil olan, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılan və ya əldə edilən informasiyaların qeydə alındığı və hər kəsin istifadə edə biləcəyi elektron məlumat toplusudur. - maddə 12.3. İnformasiya sahibi reyestrdə aşağıda göstərilən sənədləri bu maddədə göstərilən müddətdə qeydə almalıdır: 12.3.1. daxil olan, göndərilən və ya idarə daxilində hazırlanan sənədlər - daxil olduğu, göndərildiyi və ya idarə daxilində hazırlandığı gün; 12.3.2. hüquqi aktlar - imzalandığı gün; 12.3.3. müqavilələr - qüvvəyə mindiyi gün. - maddə 12.5. Reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalananlarla yanaşı aşağıdakı məlumatlar da daxil edilməlidir: 12.5.1. sənədin daxil olma və ya göndərilmə üsulu (elektron poçt, poçt, telefaks vasitəsilə, yaxud şəxsən təqdim etməklə); 12.5.2. sənədin növü (informasiya sorğusu, təklif, ərizə və şikayət, raport, normativ xarakterli akt, və s.); 12.5.3. əgər varsa, sənədin əldə olunmasına qoyulan məhdudiyyətlər və s. - maddə 15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir: 15.1.1. sorğuçunun adı və soyadı; 15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı; 15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi); 15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 15.1.5. informasiyanın təqdim edilmə forması. Göründüyü kimi, informasiya sorğusunda sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri göstərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə sorğu ünvanlayarkən, müvafiq daşınmaz əmlakla bağlı tələb etdiyi sənədin nə növünü, nə hansı orqan tərəfindən qəbul edilən sənəd olmasını, nə tarixini, nə də digər zəruri bir rekvizitini qeyd etmişdir. İddiaçı, ümumiyyətlə, həmin əmlakla bağlı tələb etdiyi sənədin mövcud olduğunu belə sübuta yetirə bilməmişdir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3009/2022 saylı qərardadından görünür ki, iddiaçı daha əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 1 ünvanına dair məlumat və sənədlərin surətinin verilməsini xahiş etmiş, İdarə xx.xx.2021-ci il tarixli məktubla ünvan 1 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X1 adına həmin ünvana dair texniki pasport aşkar edilmədiyini bildirmişdir. İddiaçı İdarənin bu imtinasını məhkəmə qaydasında mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3009/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə qərarında qeyd edilmişdir ki, “...cavabdeh qismində qoyulmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bilavasitə səlahiyyətləri fiziki və hüquqi şəxslərin təqdim etdikləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqların əmələ gəlməsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirmək və həmin qeydlərin dəqiqliyi və tamlığını təmin etməkdir. Başqa sözlə, cavabdeh orqan ona təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin və həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərlə bağlı təsdiqedici sənədlərin saxlayıcısı olmaqla eyni zamanda həmin sənədlərin fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının sorğusu əsasında təqdim etməyə məsuldur. Hazırkı iş üzrə iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero) təqdim etmiş, ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar olunmadığını bildirmişdir. Belə olan halda cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz.” Göründüyü kimi, iddiaçının ünvan 1 ünvanında yerləşən əmlaka dair sənədlərin əldə edilməsi ilə bağlı digər bir inzibati orqana müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı ilə iddiaçının belə bir sənədə malik olmasının sübuta yetirilmədiyi müəyyən edilmişdir, hansı hazırkı iş üzrə də eyni hal mövcuddur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı məhz hansı adda sənədi tələb etdiyini, həmin sənədin özünün və cavabdehdə mövcudluğunu sübuta yetirə bilməmiş, bununla da cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilməmişdir. Buna görə də hazırkı iddia tələbi mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8053/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8053/2022
15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver