Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8055/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin ödənilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə "xxxx"QSC arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ№1011970 saylı daşınmaz əmlakın “nisyə alqı-satqı müqaviləsi”nə qanunsuz hüquqi qiymət verilməsi, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı1 bank tərəfindən mənimsənilən 4.800 AZN maliyyə vəsaitinin ümumilikdə 9.800 AZN "xxxx"QSC-nin hesabından tutularaq İddiaçı1 hesabına ödənilməsi, İmişli rayonu, Rəsulu kəndində İddiaçı1 istifadəsində olan evə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həmin evə "xxxx"QSC-nin adına verilən xx.xx.2020-ci il tarixli, **********34-10301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixində kredit müqavilsəinə əsasən 36 ay müddətinə aylıq faiz dərəcəsi 2% faiz olmaqla, kredit xətti üzrə 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılsa da, xx.xx.2014-cü il tarixli, 28R000006023saylı kredit razılaşması üzrə "xxxx" QSC tərəfindən ona 36 ay müddətinə aylıq faiz dərəcəsi 2% olmaqla,ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə ona 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən həmin kredit müqaviləsinin icrasının təminatı kimi tanışı İddiaçı1 mülkiyyətində olan evini, həmin evin tərəfindən ona qeyri-şərtsiz qaytarılacağı barədə onunla bağladığı şifahi müqaviləyə əsasən üzərinə öhdəlik götürüb, "xxxx" QSC-lə bağladığı kredit müqaviləsinin təminatı olaraq həmin banka girov qoymuşdur. Lakin 2015-ci ilin oktyabr ayında ölkədə milli valyutanın-manatın ABŞ dollarına münasibətdə iki dəfə ucuzlaşması nəticəsində "xxxx" QSC-lə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşmasının icrasının təminatı olaraq İddiaçı1 mülkiyyətində olan evini "xxxx" QSC-yə girov qoyduğu, Rəsulu kəndindəki evini ona qaytaracağı barədə üzərinə götürdüyü öhdəliyə iradəsindən asılı olmayan səbəb üzündən əməl edə bilməmişdir. "xxxx" QSC tərəfindən ona təqdim edilən xx.xx.2024-cü il tarixli, 003017 nömrəli cavab məktubunda təsdiqlənir ki, hazırda xx.xx.2014-cü il tarixli müqaviləyə xitam verilib və onun həmin banka borcu mövcud deyil və bu səbəbdən də hesab edir ki, həmin kredit müqaviləsinin təminatı kimi faktiki olaraq tərəfindən banka girov qovulan İddiaçı1 hal-hazırda mülkiyyətində, istifadəsində olan İmişli ravonu Rəsulu kəndindəki evi girovluqdan çıxarılmalı, evin sənədləri texniki passportu və digər sənədlərlə birlikdə sahibinə-X1 "xxxx" QSC tərəfindən qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçılar xx.xx.2024-cü il tarixdə “iddianın dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində Cavabdeh QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi göstərilməklə İddiaçı1 ilə "xxxx"QSC arasında bağlanan xx.xx.2022-ci il tarixli, AN-İ№1011970 saylı daşınmaz əmlakın “nisyə alqı-satqı müqaviləsi”nə qanunsuz hüquqi qiymət verilməsi, Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “nisyə alqı-satqı müqaviləsi” əsasında İddiaçı1 bank tərəfindən 4.800AZN maliyyə vəsaiti mənimsənilmiş və 5.000 AZN məbləğində vurulan mənəvi ziyan, ümumilikdə 9.800 AZN maliyyə vsaitinin Cavabdeh QSC-nin hesabından tutularaq İddiaçı1 hesabına ödənilməsi, İmişli rayonu, Rəsulu kəndində İddiaçı1 istifadəsində olan evə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən həmin evə Cavabdeh QSC-nin adına verilən xx.xx.2020-ci il tarixli, ********** daşınmaz əmlakın reyestr nömrəli çıxarışının etibarsız hesab edilməsi, İddiaçı1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X3 publik hüquqi şəxsi üzərinə onun yaşadığı İmişli rayonu, Rəsulu kəndində yerləşən evə mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçıların “iddianın dəyişdirilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçıların tələbləri kredit müqaviləsindən irəli gələn tələblər və çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi Cavabdeh QSC inzibati orqan olmadığından ona qarşı iddia tələbi iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi halında belə mümkün sayıla bilməz. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh QSC həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamış və inzibati akt qəbul etmək səlahiyyəti olan hüquqi şəxs deyildir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum (Cavabdeh QSC) inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissəsi zahirən inzibati xarakterli tələb kimi görünsə də, bu tələb daşınmaz əmlakın “nisyə alqı-satqı müqaviləsi”nə hüquqi qiymət verilməsindən asılı olduğundan o da, inzibati mübahisə hesab edilə bilməz. Belə ki, yuxarıda adıçəkilən qərarın 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iddianın mümkünlüyü məsələsi ilə bağlı iki məsələni də vurğulayır ki;
1. Prosessual həmiştirakçılığa yol verilməməsi
2. Aidiyyət qaydalarının pozulması. Məhkəmə birinci ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. İPM-in: 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İş materiallarından görünür ki, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. İkinci məsələ ilə bağlı məhkəmə qeyd edir ki, işə inzibati məhkəmə icraatı qaydasında baxılsa idi belə, Bakı İnzibati Məhkəməsində deyil, Şirvan İnzibati Məhkəməsində baxılmalı idi. Belə ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Həmin normada iddianın hər hansı növləri istisna edilməyərək, bütün iddia növlərinə aid xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisə predmeti daşınmaz əmlak İmişli rayonunda yerləşir. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şirvan İnzibati Məhkəməsi olardı. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin ödənilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının “iddianın dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov