Məhkəmə qərarları › İş №2-1(112)-8056/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8056/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8056/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanunçuluq Vəkil bürosunun vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.05.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, sonuncunun 09.06.2021-ci il tarixli cavab məktubu ilə mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması əsası ilə müraciətindən imtina olumuşdur. İmtina məktubunda qeyd olunan mənzilə dair Binəqədi rayon İHB-nın 298 saylı sərəncamının 19.11.2018-ci il tarixdə verildiyi əsas götürülərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İnzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********73 saylı 18.08.2021-ci il tarixli yazılı etirazında göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikr. Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir Həmçinin qeyd olunan mənzilə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 298 saylı sərəncamı 19.11.2018-ci il tarixdə verilmişdir. Bu barədə iddiaçıya 09.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq iddia tələbi ilə bağlı iddiaçının inzibati məhkəməyə daha əvvəl müraciəti olmuş, bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019cu il tarixli, 2-1(81)-1828/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İdarə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəməyə hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin surətini məhkəməyə təqdim edərək. məhkəmədən bu məsələyə də hüquqi qiymət verilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatın üzvlərin siyahısında adınız aşkar olunmadı. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinə dair digər şəxsin adına (ləğv edilmiş) X5 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Odur ki, torpaq sahəsinin sənədləşməsi ilə bağlı Sizin adınıza dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Hazırda iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 saylı evin, 87 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarından iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edilir ki; İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun 2017-ci ildən qeydiyyatda olmaqla faktiki 1996-cı ildən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı binanın, 87-ci mənzilinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 298 saylı,19.11.2018-ci il tarixli sərəncam əsasında ona verildiyini, həmin mənzilə dair 1996-cı il tarixli kirayə müqaviləsinin bağlandığını, mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyini, sonuncu, 11.03.2019-cu il tarixli məktubla Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 298 nömrəli, 19.11.2018-ci il tarixli mənzilə dair kirayə müqaviləsinin onunla bağlanması haqqında sərəncamının 19.11.2018-ci il tarixdə verildiyinə və 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilə bildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, 1996-cı ildən həmin mənzildən istifadə etdiyini bildirərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2-1(81)- 1828/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 89 saylı evin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,09 kv metr, o cümlədən yaşayış sahəsi 75,99 kv.metr olan 87 nömrəli mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2197/2019 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Məhərrəmova Sevda Mərdan qızı kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2019-cu il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2020 (iş № 2-1(102)- 211/2020) ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq, kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar