Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8058/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi əməliyyatlarının digər şəxs tərəfindən aparılmasının müəyyən olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, ********** saylı VÖEN-lə aparılmış əməliyyatların X5 tərəfindən aparılması müəyyən olunması və həmin VÖEN-lə aparılmış əməliyyatlar üzrə yaranmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X6 və onun tanışı Həmidov Sadiq adlı şəxslər iddiaçını işə götürmək adı ilə Nərimanovda yerləşən Dövlət Vergi Xidmətinə apararaq ********** saylı VÖEN açdırmışdır. Daha sonra isə adına asan nömrə aldı və alan zaman asan nömrəni ona verəcəyini bildirdi. Asan nömrəni aktiv etdirdikdə sonra nömrəni ona verməyərək özündə saxladı. Vüqar Sadıqov iddiaçıdan işə girmək üçün sənədləşdirmə işləri süründürməçilik olduğundan etibarnamə istədi, iddiaçı da etibarnamə verməyə razılaşdı. Beləlikə 04 may 2019-cu il tarixdə X3 3 illik etibarnamə verdi. Etibarnamə verdiyi bir müddətdən sonra evə məktublar gələrək vergi borcunun olduğunu öyrədi. İddiaçıdan bunu Həmidov Vüqardan soruşanda boş şeylər olduğunu dedi, o da razılaşdı. Oxumağı olmadığından qonşunun qızı məktubu oxuyaraq 36.991.93 manat vergi borcunun olduğunu bildirdi. İddiaçı aldadıldığını biləndən sonra dərhal Sadıqov Vüqarı yığdı. Vüqar telefonlarına cavab verməyəndən sonra hüquq mühafizə orqanlarına müraciət etdi və onu tutdular. Hazırda ona məxsus tel nömrələrinə zəng çatmır. Vüqarın və Sadiqin tutulduğunu ona bildirdilər. Özü psixoloji problemləri olduğundan ömürlük 2-ci qrup əlildir. Ölkədən çıxmağına qadağa qoyulmuşdur. İddiaçı hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Hər hansı bir daşınar və daşınmaz əmlakı yoxdur. Özü bazarda qutab peraşki bişirirərək dolanır. Məcbur olub ona lazımı orqanlara müraciət etməklə həmin etibarnaməni ləğv etdirmişdir. Vergilər Nazirliyinə məktub yazaraq adına açılmış vöenin ləğv edilməsini və borcun silinməsini xahiş etmişdir. Cavabdeh orqana sahibkar olmadığını, 2-ci qrup əlil olmağını, fəaliyyət qabilliyyətinin tam olmadığını bildirsə də, onlar imtina verərək məhkəməyə müraciət etməyini bildirmişlər. İddiaçı X5 tərəfindən aldadılaraq ona etibarnamə vermiş, etibarnamənin əsasında İddiaçı adına VÖEN açılmış və əməliyyatlar aparılaraq ümumilikdə 494730,93 manat məbləğində vergi borcu yaradılmışdır. Buna görə də vətəndaş İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X5 barəsində şikayət edəndən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində əməliyyat aparılaraq tutulmuşdur. Hazırda onun harda olması barədə məlumat yoxdur.
3. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş “Fiziki şəxsin uçotu haqqında” ərizəsinə əsasən ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fərdi sahibkar kimi vergi uçotuna alınmışdır. İddiaçının elektron iş qovluğu üzrə aparılmış araşdırma nəticəsində uçotun ləğv edilməsi ilə əlaqədar vergi orqanına müvafiq ərizə ilə müraciət edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”na əsasən uçotun ləğv edilməsi ilə bağlı vergi orqanına müvafiq ərizə (əlavə olunur) təqdim edilməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsində digər şəxs tətəfindən aldadıldığını və bunun nəticəsində vergi borcunun yarandığını bildirməklə, ********** saylı vöen-lə aparılmış əməliyyatların X4 tərəfindən aparılmasının müəyyən olunması və həmin VÖEN-lə aparılmış əməliyyatlar üzrə yaranmış vergi borclarının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hər hansı VÖEN üzrə aparılmış əmliyyatların başqa bir şəxs tərəfindən aparılmasının müəyyən edilməsi və bu əsasla vergi borcunun silinməsi səlahiyyəti yoxdur. Habelə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin məlumatına əsasən İddiaçı barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət xarakterli araşdırma aparılmamışdır. İddia tələbinin vergi borcunun silinməsi öhdəliyinin cavabdehə havələ edilməsi hissəsində isə iddiaçı mübahsələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini əsaslandırmamışdır. Odur ki, iddianın mümkün sayılmaması xahiş edilir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral yoxlamasını keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
13. İddia tələbi İddiaçı adından aparılmış vergi əməliyyatlarının digər şəxs tərəfindən həyata keçirilməsinin müəyyən olunması və nəticəsində yaranmış vergi borclarının silinməsindən ibarətdir.
14. Məhkəmə hesab edir ki, vergi qanunvericiliyinə əsasən cavabdeh qurumun belə vəzifəsi (səlahiyyəti) nəzərdə tutulmamışdır. Belə ki, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir və vergini ödəməli olan şəxsin vergi ödəyicisinin adından hərəkətlər edən başqa şəxs olmasının müəyyən edilməsi həmin Məcəllə ilə tənzimlənmir.
15. İddiaçıya izah olunsun ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onun adından vergi ödəyicisi kimi hərəkət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və dəymiş zərərin ödənilməsi ilə bağlı cinayət təqibi orqanlarına şikayət ərizəsi ilə müraciət edə bilər.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva