Məhkəmə qərarları › İş №2-1(112)-8059/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8059/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8059/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək imtinanın əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin onun adına ilkin hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçıya torpağın mülkiyyətə verilməsinə dair JN-16187H nömrəli 00500066 kodlu Şəhadətnamə ilə verilmişdir. Həmin ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində ümumi sahəsi 132 kv.metr fərdi yaşayış evini 2004-cü ildə inşa etdirmişdir. Həmin 0,12 ha torpaq sahəsi daş hasarla əhatə olunmuş, torpaq sahəsində müxtəlif meyvə və bəzək ağacları əkmiş, torpağa kultivasiya və aqrotexniki qulluq göstərmişdir. Qeyd olunan torpaq sahəsindən istifadəyə görə iddiaçı vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Bundan başqa, torpaq sahəsindən istifadə edərkən təbəqə qoruyucu tələblərə əməl etmiş, torpağın münbit qatını qoruyub saxlamış, ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamışdır. Qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur. İddiaçı qanuni əsaslarla istifadəsində olan torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla xahişini təmin etməkdən imtina etmiş, imtinasını, torpağın mülkiyyətə verilməsinə dair JN-16187H nömrəli 00500066 kodlu Şəhadətnamə barədə İdarənin arxivində hər hansı məlumatın aşkar edilməməsi ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********80 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunan JN – 16187H (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq üzrlü səbəbdən iclasda iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə ərizəyə üzrlü səbəbləri təsdiq edən sübutlar əlavə edilmədiyindən işə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və cavabdeh tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi iddia tələbinin mümkün sayılmamasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsidir. Lakin iddiaçı eyni tələb ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən iddiaçının cavabdehə təşkilata ünvanlanmış müraciəti və cavab məktubu məhkəməyə təqdim edilmişdir. Həmin ərizədən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid Forma 1 saylı arayışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-13-0618-8/2024-**********80 nömrəli cavab məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma 1) verilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və müraciətə əlavə edilmiş JN-16187H (kod********) nöçrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə barəsində İdarənin arxivində hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olduğu halda, cavabdehə müraciəti həmin əmlak üzərində yüklülüyün olub-olmamasına dair arayışın (Forma 1) verilməsi ilə bağlı olmuş və müraciətin məzmununa uyğun cavablandırılmışdır. Həm imtina məktubunda, həm də etirazda iddiaçının ancaq ********** daxil olma nömrəli müraciətinə istinad edilmiş, cavabdehin nümayəndəsi iddiaçının bundan sonra hazırkı tələbi ilə bağlı heç bir müraciətinin olmadığını bildirmişdir. İddiaçı tərəf göstərilənlərin əksini təsbit edən hər hansı əlavə sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının cavabdehə müraciəti tamamilə fərqli xarakterli olduğundan və onun məhkəmədə qaldırdığı tələblə bağlı cavabdehə ilkin müraciətinə dair sübutlar təqdim etmədiyinə görə, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası növünə aid olduğundan əvvəlcə müvafiq tələb üzrə cavabdehə müraciət edilməsi şərtinə tabedir. Başqa sözlə, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bu mənada, indiki vəziyyətdə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi belə, işə mahiyyəti üzrə baxılması üçün əsas yaratmayacaq. Çünki, bu halda dəqiqləşdirilmiş tələb üzrə cavabdehə ilkin müraciət şərtinin ödənilməsi tələb olunacaqdır. Belə bir müraciətin mövcudluğu isə işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd aydın olduğundan, bu baxımdan iddianın dəqiqləşdirilməsi halında da işə mahiyyəti üzrə baxılması mümkün olmayacağından, eləcə də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan, işin hallarının iddiaçı ilə müzakirə edilmədən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hazırkı tələbi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin olunmasından imtina edildiyi halda hazırkı cavabdehə qarşı müvafiq iddia tələbi ilə məhkəmədə iddia qaldıra bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar