Məhkəmə qərarları › İş №2-1(112)-8061/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8061/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8061/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddia onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsi olduğundan və onun qeydiyyatı Bakı şəhəri olduğundan, o, Xətai rayonuna yeni qeydiyyata düşdüyün ünvan üzrə mənzil növbəsinə götürülməsini arzulayır. İddiaçı hazırki tələb ilə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək Şəhid ailəsi olduğunu bildirərək, yaşayış yeri üzrə mənzil növbəsinə alınmağını xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki o, xx.xx.2022ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata alınmışdır. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüququ və mənzillərin bölüşdürülməsi qaydalarının 8-ci bəndinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürürlər ki, azı son beş il ərizində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Bakı İnzibati Məhkməəsinin qərardadı ilə hazırki iş üzrə X2, X4, X3, X5 və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İddiaçı, X2, X4, X3, X5 və X1 mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması şəxsin yaşayış yerindən asılı olmuşdur. Şəxsin yaşayış yeri anlayışı isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun müddəalarında nəzərdə tutulmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun: M a d d ə 2 . Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Belə ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun (ailə üzvləri ilə birgə) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməli olmasını onunla əsaslandırmışdır ki, onun hazırki qeydiyyatı Bakı şəhərinin ərazisində yerləşən yaşayış sahəsidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının hazırda qeydiyyatda olduğu ünvanın Bakı şəhərinin ərazisində yerləşməsi, onun daimi olaraq Bakı şəhərində yaşamasını təsdiq etmir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan məlum olmuşdur ki, iddiaçı hazırda Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Samux rayonunun inzibati ərazi vahidi olan Ziyadlı kəndində yaşayır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, ümumiyyətlə iddiaçı ilə bərabər sözügedən ünvanda yüzlərlə şəxsin qeydiyyatda olması iddiaçının həmin ünvanda yaşamasını istisna edən haldır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət etməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51 ünvanına qeydiyyata alınmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı ilə bərabər həmin ünvanda yüzlərlə şəxs (şəxslərin adları arayışın 12 səhifəsində qeyd olunmuşdur) qeydiyyata alınmışdır. Məntiqli haldır ki, bu qədər şəxsin bir ünvanda faktiki yaşaması qeyri-mümkündür. Yəni, bu qədər şəxsin bir ünvanda yaşaması nə Azərbaycan Respublikasının ərazisində adambaşına nəzərdə tutulan yaşayış minimumunun normasını ödəyir, nə də ki faktiki olaraq mümkündür. Bundan başqa, Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumatlardan da aydın olmuşdur ki, ümumiyyətlə iddiaçının uzunmüddətdir ki qeydiyyatı Gəncə şəhəri olmuş, yalnız inzibati orqana müraciət etməzdən 1 ay öncə yaşayış yeri üzrə qeydiyyatı dəyişdirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Mənzi- Kommunal Təsərrüfat Birliyi iddiaçının göstərilən ünvanda (ünvan 5 ünvanda yaşamamasını müvafiq olaraq arayış ilə təsdiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Göründüyü kimi yuxarı instansiya məhkəməsinin bu növ mübahisələrdə formalaşmış mövqeyi məhz şəxsin daimi olaraq Bakı şəhərinin ərazisində yaşamasının təsdiq olunması və yalnız bundan sonra onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının mümkün olub-olmaması (daşınmaz əmlakın olub-olmaması və s.) istiqamətindədir. Məhkəmə tərəfindən yuxarı instansiya məhkəməsinin qərarı əsas götürülərək, qərarda əks olunmuş hallar üzrə ətraflı araşdırılma aparılmış və iddiaçının Bakı şəhəri ərazisində yerləşən ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin yaşayış yerində yaşamadığı müəyyən olunmuşdur. Bununla da onun hazırki mərhələdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbləri əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkün deyildir. Məhkəmə,həmçinin cavabdehin iddiadan imtina ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən Ali Məhkəmənin qərarından da görünür ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat edilməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Lakin, məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda da analoji mövqedən çıxış edilmiş, məhkəmənin cavabdehin imtina əsaslarından asılı olmaması öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar