Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8062/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi İsgəndərov Pərviz Dədəbəy oğlunun iştirakı ilə, İddiaçı Atakişiyeva Validə Əli qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Atakişiyeva Validə Əli qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 750 kv.sajın (34 sot) torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın reyestri kitabında qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1981-ci ildə Atakişiyev Famil Ağasəlim oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşağı var. Atakişiyev Famil Ağasəlim oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atakişiyev Famil Agasəlim oğlundan miras qalmış əmlaklar Nərimanov rayonu, H.Əliyev prospekti, ev-74 ünvanında yerləşən 2 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən sahəsi 34 sot (750 kv.sajın. 1 kv.sajın = 4,550 kv.m) olan torpaq sahəsi olmuşdur. 9 saylı notariat kontorunun xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Atakişiyev Famil Agasəlim oğlunun vərəsələri kimi - onun arvadı, özü, qızı Atakişiyeva Samirə Famil qızı və oğlu Atakişiyev Fuad Famil oğludur. Həmin vaxt 9 saylı notariat kontoru ondan Nardaran kəndindəki torpaq sahəsi ilə bağlı qohumluq əlaqələrinin təsdiq edilməsi üçün miras qoyanların doğum haqqında şəhadətnamələrini istəsə də, həmin sənədləri təqdim edə bilməmiş və buna görə də müvafiq vərəsəlik şəhadətnaməsini ala bilməmişdir. Halbuki bu günədək də sözügedən torpaq sahəsi onların sahibliyindədir. Bütün Nardaran qəsəbəsinin sakinləri bu torpaq sahəsinin ata-babadan onların olduğunu biliblər. 2(008)-2963/2022 saylı xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə məhkəmə onun tərəfindən Nardaran kəndində 750 kv.sajın (34 sot) torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsini qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 2(008)-2963/2022 nömrəli Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Atakişiyeva Validə Əli qızı, Atakişiyev Fuad Famil oğlu və Atakişiyeva Samirə Famil qızının Nardaran kəndində 750 kv.sajin (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Sözügedən qətnamə İdarəyə rəsmi qaydada daxil olmamış və qeyd olunan məsələ ilə bağlı İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Belə ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********20 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İdarənin elekron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bütövlükdə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2963/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Atakişiyeva Validə Əli qızı, Atakişiyev Fuad Famil oğlu və Atakişiyeva Samirə Famil qızının Nardaran kəndində 750 kv.sajin (34sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi TA-00050-2022 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədləri üzrə Nardaran kəndinin 1886-cı ilə dair kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunub: İbrahim Xəlil Kərbəlayı Ata Kişi oğlu - 32 yaş. Oğlu: Ata Kişi İbrahim Xəlil oğlu - 1 yaş 4 aylıq. İbrahim Xəlil Kərbəlayı Ata Kişi oğlunun qardaşı: Əmir Xəlil Kərbəlayı Ata Kişi oğlu -14 yaş. Ailənin Nardaran kəndində sahəsi 750 kv. sajina bərabər üzüm sahəsi olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq 3-21-3-30/2-A-1118- 8/2023 **********20 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilən xx.xx.2022-ci il tarixli, 2(008)-2963/2022 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Atakişiyeva Validə Əli qızı, Atakişiyev Fuad Famil oğlu və Atakişiyeva Samirə Famil qızının Nardaran kəndində 750 kv.sajin (34 sot) torpaq sahəsinin tərəflərindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Qeyd olunan məsələ ilə bağlı İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqları dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən torpaq sahəsinin sahəsi 0,34 ha müəyyən edilmişdir. Torpaq sahəsinin sərhədləri şərtidir. Tikili yoxdur. Göstərilən yerin sərhədləri dəqiq olmadığından şərti olaraq koordinat cədvəli əlavə edilmişdir. İdarənin aidiyyəti şöbələrində baxılması məqsədəuyğundur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiçının nümayəndə və vəkilinə hüquqi yardım göstərərək iddia tələbinin “hüququn ölmüş şəxsə məxsusluğu barədə arayışın verilməsi” kimi dəqiqləşdirilməsini, eləcə də torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və iddiaçının subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlərin təqdim edilməsi təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən:
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər (o cümlədən order, icarə müqaviləsi və s.) təqdim edilmədiyindən iddia etdiyi torpaq sahəsinin ona məxsus olub-olmaması aydın deyil. İddiaçının idda etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi ilə bağlı ona hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən subyektiv hüququnu (hüquqi marağını) təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici, hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia düzgün qaldırılmamışdır və məhkəmə tərəfindən iddia tələbinin “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəlinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi təklif edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova