Məhkəmə qərarları › İş №2-1(112)-8066/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8066/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8066/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı “məktubun qanunsuz hesab edilməsi, kompensasiyanın ödənilməsi və sorğunun cavablandırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 13.04.2022ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubunun qanunsuz hesab edilməsi və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10 000 manat pul tutulması, Bakı şəhər Baş Polis İdarəsinin informasiya sorğusunu cavablandırmaması, razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Rusiya Federasiyasının Ukraynaya təcavüzünə, mülki şəxslərin hədəf alınmasına, kütləvi qırğınlara, eyni zamanda Azərbaycanın işğal altında olan, X1 müvəqqəti nəzarəti altında olan ərazilərdə təxribatlarına, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən ifadələrdən istifadəsinə etiraz məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 16 aprel 2022-ci il tarixində, saat 13:00-da Rusiya Federasiyasının Azərbaycan Respublikasının səfirliyinin qarşısında piket, 16 aprel 2022-ci il tarixində saat 17:00-da isə aşağıdakı meydanlardan birində Ukraynaya dəstək aksiyası keçirməklə bağlı müraciət etmişlər: 1) Qış parkı, 2) Fəvvarələr meydanı, 3) Cəfər Cabbarlı heykəlinin ətrafı. İddiaçılar piketdə sayı 20 nəfəri keçməyəcək bir qrupun, aksiyada isə 500-700 nəfərlik bir qrupun toplaşacağı barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat vermişlər. Bakı Şəhər İcra Hakimiyyəti 13 aprel 2022-ci il tarixində H-81/2-003/2-t/1 saylı məktubla aksiya təşkilatçıları və bu iddia ərizəsində iddiaçılara cavab göndərərək aksiyanın keçirilməsini məqsədə müvafiq saymadığını bildirmişdir. BŞİH bu cavabını həmin ərazilərdə insanların istirahət etməsi, eyni zamanda ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əsaslandırmışdır. Halbuki, 2021-ci ildən 2022-ci təqvim ilinə keçid gecəsi paytaxtın müxtəlif yerlərində minlərlə insanın atəşfəşanlığa, konsertə toplaşması, yaxud Fəvvarələr Meydanında quraşdırılmış “Soyuq əllər, isti ürək” yarmarkası zamanı xüsusi karantin rejiminin tətbiqi ilə bağlı bu narahatlıq ifadə olunmayıb. Eyni zamanda BŞİH iddiaçılar tərəfindən təklif olunmuş ünvanlarda yox, başqa ünvanda toplaşmağı təklif etməmişdir. BŞİH-nin bu cavabından sonra iddiaçılar Bakı şəhər Baş Polis İdarəsinə razılaşdırılmamış aksiyalar keçirilməsi zamanı polisin aksiyaya müdaxilə edib-etməyəcəyi ilə bağlı informasiya sorğusu göndərmişdir. BŞBPİ hələlik bu sorğuya cavab verməmişdir. Əvvəlki təcrübə onu göstərir ki, BŞİH ilə razılaşdırılmamış aksiya zamanı polis zorakılıq nümayiş etdirərək, aksiya iştirakçılarını saxlayaraq onları müxtəlif polis bölmələrinə aparır, bəzi hallarda fiziki güc tətbiq edir, onların sağlamlıqlarına zərər vurur və Bakıdan kənar rayonlarda aksiya iştirakçılarını müxtəlif yerlərdə azad edirlər. Həm BŞİH-nin, BŞBPİ-nin hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdən görünür ki, iddia tələbi 2 iddiaçı tərəfindən 2 cavabdeh inzibati orqana qarşı yönəlmişdir. İddia tələbləri aşağıdakılardan ibarətdir: 1-ci cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı: -Bakı Şəhər İcra Hakimiyyətinin 13.04.2022-ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubunUN qanunsuz hesab edilməsi; -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərbəst toplaşmaq azadlığının təmin edilməsi; -vurulmuş mənəvi zərərə görə 10 000 manat pulun tutulması. 2-ci cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı: -informasiya sorğusunun cavablandırılması; -razılaşdırılmamış aksiyalara müdaxilənin qanunsuz hesab edilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab vermir. İşdən görünür ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu müraciətini 13.04.2022-ci il tarixli, H-81/2-003/2-t/1 saylı məktubla cavablandırmışdır. Müraciətə cavab məktubunda Cəfər Cabbarlı heykəlinin ətrafındakı meydan, Fəvvarələr meydanı və Qış parkı insanların daha çox istirahət üçün üz tutduğu və sıx fəaliyyətdə olduğu ərazilər olduğundan qeyd edilən ünvanlarda planlaşdırılan toplantıların keçirilməsi toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların hərəkətinə narahatlıqlar yaradAcağı, eləcə də “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-cı maddəsinin və 7-ci maddəsinin İ hissələrini, həmçinin mövcud epidemioloji vəziyyətlə əlaqədar respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, müraciətdə qeyd edilən ərazilərdə planlaşdırılan piket və aksiyanın keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçılar hazırda bu cavabın qanunsuz sayılmasını və cavabdehin üzərinə sərbəst toplaşmaq hüququnun təmin edilməsi öhdəliyinin qoyulmasını xahiş edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçılar piketin 16.04.2022-ci il tarixdə Cəfər Cabbarlı heykəlinin ətrafındakı meydan, Fəvvarələr Meydanı, Qış parkında keçiriləcəyini bildirmiş, cavabdeh də buna uyğun olaraq iddiaçıların müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən 5 və 7-ci maddələrinin 1-ci bəndlərinin tələblərinə uyğun olmadığını bildirmişdir. Digər tərəfdən, cavabdehin məktubundan aydın olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq piket və aksiyanın keçirilməsi məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-cü maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə borcludur. Həmin vəzifə fövqəladə vəziyyətlərdə, o cümlədən bəlli pandemiya şəraitində ictimai sağlamlığın qorunması məqsədləri üçün dövlət tərəfindən müvafiq və geniş əhatəli məhdudlaşdırma tədbirlərinin tətbiqini də zəruri edə bilər. Tətbiq edilən həmin məhdudlaşdırma tədbirləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmə qeyd edir ki, dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2022-ci il tarixli 52 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 may saat 06:00-dək uzadılması qərara alınmışdır. Aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq karantin rejiminin uzadılması barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi”ndən ibarət hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Bu əsasdan məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İddia tələbinin mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin inzibati akt, hərəkət (və ya hərəkətsizliyi) ilə hüquqlarının pozulmasını əsaslandıra bilmədikləri kimi iddiaçılara cavabdehin hansı hərəkətləri nəticəsində mənəvi zərərin vurulmasını da əsaslandıra bilməmişlər, bu baxımdan qeyd edilən tələbə münasibətdə də ümumi mümkünlük şərti ödənilmir. Eyni zamanda məhkəmə iddianın bu hissəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, zərərin ödənilməsi tələbi həm də xüsusi mümkünlük şərtinə də cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi zərərin ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İş materiallarından, iddiaçıların məhkəmə iclasında verdiyi izahatlardan iddialarındakı qeyd edilən tələblə - mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi müəyyən olunmamışdır. İddia tələbinin ikinci cavabdeh - Bakı şəhər Baş Polis İdarəsinə olan tələblərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, İddiaçı1 Bakı şəhər Baş Polis İdarəsinə informasiya sorğusu ünvanlayaraq sonuncudan 16.04.2022-ci il tarixdə aksiya keçirilən zaman Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın polis tərəfindən qarşısının alınıbalınmayacağı ilə bağlı məlumat verilməsini xahiş etmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. -3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. -3.0.5-ci maddəsinə görə informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə görə informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Hazırkı iş üzrə iddiaçının Bakı şəhər Baş Polis İdarəsindən əldə etmək istədiyi məlumat mahiyyətinə görə “İnformasiya əldə etmək haqqında” Qanunla tənzimlənən informasiya deyil, bu barədə cavabdeh orqana ünvanlanmış müraciət isə informasiya sorğusu hesab edilmir. Belə ki, sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. İddiaçının ünvanladığı müraciət hələ baş tutmamış, razılaşdırılmamış piketin keçiriləcəyi təqdirdə polis əməkdaşlarının aksiya keçirilməsinə müdaxilə edibetməyəcəyinə cavab verilməsi ilə bağlıdır. Halbuki qeyd edildiyi kimi bu müraciətdə hər hansı yaranmış informasiya mövcud olmadığından onun təqdim edilməsi informasiya sorğusu ilə müdafiə və təmin olunmur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin maddənin ikinci hissəsinə əsasən polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Sərbəst toplaşmaq haqqında” Qanunun 14cü maddəsində toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri, Qanunun müvafiq tələbləri pozulduqda toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquqları bilavasitə sadalanmışdır. Belə olan halda Qanunun özündə nəzərdə tutulmuş polis tərəfindən hansı tədbirlərin həyata keçirilə biləcəyinin öyrənilməsinə zərurət yoxdur. Bununla əlaqədar məhkəmə eyni zamanda “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.11 və 29.2-ci maddələrinin tələblərinin nəzərə alaraq bu nəticəyə gəlir ki, normativ hüquqi aktlarda açıqlanmış informasiya normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən açıq informasiya hesab olunur və bu baxımdan informasiya sorğusunun predmeti kimi çıxış edə bilməz. Qeyd edilənlərə əsasən hesab edilir ki, hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunun təsir dairəsinə düşmür. İddiaçıların Bakı şəhər Baş Polis İdarəsinin razılaşdırılmamış aksiyalara müdaxiləsinin qanunsuz hesab edilməsi barədə tələbini isə məhkəmə qeyri-dəqiq tələb kimi qiymətləndirir. Belə ki, toplantının keçirilməsi qaydaları bilavasitə “Sərbəst toplaşmaq haqqında” Qanunla tənzimlənir və aksiyaların qanunsuz olub-olmaması qanunla müəyyən olunur. Digər tərəfdən, hazırkı iş üzrə razılaşdırılmamış hər hansı toplantı keçirilməmiş və ya bu cür toplantının keçirilməsi zamanı polisin qanunsuz müdaxilə edilməsi halı, yəni inzibati orqanın başa çatmış hərəkəti yoxdur. Bu baxımdan mövcud olmayan hərəkətin isə məhkəmə icraatında qiymətləndirilərək qanunsuz hesab edilməsi tələbi əhəmiyyətsizdir. Beləliklə, hazırkı iddia mümkünlülük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Baş Polis İdarəsinə qarşı “məktubun qanunsuz hesab edilməsi, kompensasiyanın ödənilməsi, informaiya sorğusunun cavablandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar