Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8068/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “inzibati binaya qeydiyyatının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ünvan 1 ünvanına inzibati binaya pasport qeydiyyatının bərpa edilməsinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu ünvandan məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına - ünvan 2 ünvana inzibati binaya qeydiyyata alınmışdır. Yaxın zamanda Binəqədi Rayon Polis İdarəsi tərəfindən inzibati binadan pasport qeydiyyatından çıxarılmışdır və ona məxsus şəxsiyyət vəsiqəsi etibarsızdır. İddiaçı faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 11-də yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və hüquqmüəyyənedici sənədləri olmadığından ora pasport qeydiyyatına alınmaq mümkün deyildir. İddiaçının başqa bir ünvana da qeydiyyata alınması mümkünsüzdür. Pasport qeydiyyatının bərpası ilə bağlı Binəqədi RPİ-yə müraciət edilmiş, lakin əsassız olaraq imtina edilmişdir, verilmiş cavabda yaşayış yeri olmayan şəxs kimi qeydiyyata alınma barədə müsbət rəy verilməsinin qanuna müvafiq olmaması və yaşadığı fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra iddiaçının yaşadığı ünvana qeydiyyata alınma məsələsinə baxılacağı və imtina sayılmaması göstərilmişdir. İddiaçı hesab edir ki, bu tamamilə əsassızdır, belə ki, fərdi yaşayış evinin nə vaxt konkret olaraq sənədləşdiriləcəyi məlum deyildir, onun hal-hazırda qeydiyyatsız qalması hüquqlarını tamamilə məhdudlaşdırmışdır və bu halın nə qədər davam edəcəyi məlum deyildir. İddiaçının yaşadığı özbaşına tikilinin sənədləşdirilməsi hal-hazırda mümkünsüzdür, ölkədə bu prosesə başlanılmamışdır və belə görünür ki, bu hal uzun müddət davam edəcəkdir, məhkəmə qaydasında da özbaşına tikililərə mülkiyyət hüququ tanınması mümkünsüzdür və qanunvercilikdə nəzərdə tutulmamışdır. Yaşadığı fərdi yaşayış evinə ünvan-nömrə belə verilməmişdir. İmtina sayılmaması göstərilməsi vətəndaşın məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması deməkdir və bu cavab imtina sayılır . İddiaçının qeydiyyatdan çıxarılması onun qeydiyyatsız qalması, həmçinin şəxsiyyət vəsiqəsinin etibarsızlığı bir vətəndaş kimi Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsini heçə endirmişdir. Sosial və digər hüquqlarının həyata keçirilməsi mümkünsüz olmuşdur, məlumdur ki, şəxsiyyət vəsiqəsi etibarsız olduqda hər hansı bir xidmətdən yararlanmaq mümkün deyildir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 3 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evin olduğu üçün onun, yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi və ünvan 7 ünvanına qeydiyyata alınması qanuna müvafiq hesab edilməmişdir. İddiaçıya yaşadığı evin sənədləşdirilməsi üçün müfavıq icra hakimiyyəti orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Fərdi yaşayış evinin sənədləşdirilməsi yekunlaşdıqdan sonra yaşadığı ünvana qeydiyyata alınması məsələsinə təkrar baxıla biləcəyi qeyd edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna uyğun verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Kazim oğlu xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayon, X1 küçəsi, ev 1 ünvanından qeydiyyatdan çıxma səbəbi ilə şəxsiyyət vəsiqəsi deaktivləşdirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, inzibati binada qeydiyyatda olan vətəndaşların hərbi çağırışçı yaşına çatmış hərbi çağırışdan qəsdən və ya faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi səbəbindən hərbi çağırışdan yayınması, qanunvericiliklə barələrində mülki hüquqi öhtəlik təyin olunmuş şəxslərin öhdəlikdən boyun qaçıraraq, baş vermiş cinayətlərdə şübhəli şəxs qismində axtarılan vətəndaşların faktiki yaşayış yerlərinin müəyyən olunmaması, habelə məhkəmə və digər dövlət qurumlarının inzibati bina qeydiyyatında olan vətəndaşlara ünvanladığı bildiriş və məktubların vətəndaşlara faktiki yaşayış yerləri məlum olmadığı üçün vaxtında və operativ qaydada çatdırılmalarında, aidiyyəti qurumların fəaliyyətinin fəal təmin edilməsi və bu vətəndaşların tapılmasının operativliyini təmin etmək məqsədilə vətəndaşların faktiki yaşadığı ünvan üzrə yaxud ailə üzvlərinin və ya qohumlarının ünvanına qeydiyyata alınması daha məqsədə müvafiq hesab edilmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçı Binəqədi rayonu ərazisi ünvanında istifadəsində olan, lakin hüquqi sənədi olmayan mənzildə faktiki yaşayır və bu səbəbdən onun yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkünsüzdür. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, döngə 11-də yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Yaşadığı evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış sahəsinə köçmək üçün hüquq verən sənədləri mövcud deyil. İddiaçı uzun müddət olaraq Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuş, xx.xx.2022-ci ildə oradan qeydiyyatdan çıxarılmışdır. İddiaçı hazırkı tələbi ilə yaşadığı Binəqədi rayonu üzrə əvvəllər qeydiyyatda olduğu polis idarəsinin inzibati binasına qeydiyyatının bərpa edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Ona görə də iddiaçının uzun müddət özbaşına inşa edilmiş tikilidə məhz yaşaması faktına istinad etməsi onun mübahisəli ünvana qeydiyyata alınması üçün əsas verə bilməz. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli “55 s” saylı Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Sərəncamı ilə yaşayış yeri olmayan şəxslərə münasibətdə onların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur. Sözügedən Sərəncam yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal iş üzrə mövcuddur. Belə ki, məhkəmə tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X1 küçəsi, ev 1 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılmışdır. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması, onun yaşayış yerinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması, hal-hazırda faktiki yaşadığı ünvanın Binəqədi rayonunun inzibati ərazisi daxilində yerləşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İ-ci hissəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin şəxsin qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 3 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına, yəni ünvan 3 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8068/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8068/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver