Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-807/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Türkan bağ massivi ünvanında yerləşən 197B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 b saylı bağ sahəsi 10 fevral 1989-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçının anası - mərhumə X6 məxsusdur. Həmin icarə müqaviləsi ilə 0,18 ha bağ sahəsi və üzərində inşa edilmiş ev iddiaçının anasının sahibliyinə və istifadəsinə verilmişdir. Anası 07 avqust 1992 ci il tarixdə ölümündən sonra açılmış vərəsəlik işi üzrə onun yeganə qanun üzrə vərəsəsi olaraq 2 saylı Notariat Ofisi tərəfindən mübahisəli bağ evinə çıxarış verilməsi xahiş olunmuşdur. Bu müraciət də cavabsız qaldığından o özü ərizələrlə cavabdeh inzibati orqana müraciət etmişdir. O, qeyd olunan sənədlərə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsinə sonuncu dəfə 2022 ci ilin yanvar ayında müraciət etsə də onlar 03 fevral 2022 ci il tarixli imtina ilə ərizəni icrasından imtina etmişdirlər. İmtinaya əsas kimi də iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi, anasına ayrılmış 0,18 ha torpaq sahəsinin qanunla müəyyən edilmiş normadan artıq ayrılması, torpaq sahəsinin faktiki yerləşməsinin sxematik planla uyğun olmaması, 197 b saylı bağ sahəsi boş olsa da 197 saylı bağ sahəsi başqa şəxslərin mülkiyyətində olması ilə əlaqələndirmişdirlər. Cavabdeh həmin bağ sahəsinin üzərindəki tikili ilə 1989-cu ildən icarə müqaviləsi ilə mərhumə anasına ayrıldığını, həmin vaxtdan hazırkı vaxtadək bağ sahəsinin sahibliyində və istifadəsində olmasını, bağ sahəsinin sahəsinin faktiki 0,18 ha olmaqla faktiki uzun illərdir istifadəsində olmasını bilərəkdən nəzərə almamışdırlar. Nəticədə artiq 32 ildən çox sahiblik və istifadəsində olan bağ sahəsinin sənədləşdirilməməsinə dair kobud qanun pozuntusuna yol verilmişdir. Bundan başqa artıq bu qanunsuzluqlarla bağlı o, cavabdeh orqanı məhkəməyə versə də və xeyrinə qərar qəbul edilsə də sonradan apellyasiya məhkəməsi iddia tələbini məhz 197b saylı bağ sahəsinə dair inzibati orqana müraciət etməməsi əsası ilə qeyri-mümkün hesab etmişdir. Məhz bundan sonra o, hazırda da bağının yerləşdiyi 197b bağ sahəsi üzrə arayış(çıxarış) verilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir, amma heç bir əsas göstərmədən yenə imtina verildi. O artıq yaşlı bir qadın olaraq cavabdehin qanunsuzluqlarından qorunmaq yolu bilmir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə İddiaçı arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1490/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə İddiaçı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə" dair iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkilov Müşfiq isa oğlunun Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən "197” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli 11.01 2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsi başqa icarə müqaviləsi əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan başqa, sənədlərdə bağ nömrəsi “197” qeyd edilsə də, İdarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin faktiki yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sözügedən bağ sahəsi “197b” saylı bağ sahəsinin ərazisinə uyğundur. Həmçinin bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq olunmamışdır. Əlavə olaraq, sənəd üzrə bağ sahəsinin ölçüsü 1800 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. Müvafiq ünvanda inşa edilmiş yaşayış evi və köməkçi tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olan hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bu barədə iddiaçıya **********61 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1490/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində ünvanında yerləşən 197 B saylı bağ sahəsinə və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə İddiaçı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddia tələbi mümkün sayılmamışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Həmçinin həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 b saylı 0,1588 ha bağ sahəsi və üzərindəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - ünvan 4 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 86 nömrəli məktubuna əsasən X4 07 avqust 1992-ci ildə vəfatı ilə əlaqədar vərəsə İddiaçı 28 fevral 2019-cu il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.Həmin əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 197 saylı bağ evinə və torpaq sahəsinə çıxarış verilməsi cavabdehdən xahiş olunmuşdur. - AZ-İ № 654731, xx.xx.2014-cü il tarixdə verilmiş, ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X13 xx.xx.1992-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində (22 il sonradan) 30№-ilə qeyd edilmişdir. Öldüyü yer Basqal, ismayıllı rayonu. (Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi) - AZ № 153807 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən Vəkilov isa Teymur oğlu və X8 xx.xx.1969-cu il tarixdə evlənmişlər.Bu barədə Bakı şəhəri 26 Bakı Komissarları VVAQ Bürosunda xx.xx.1969-u il tarixdə 753 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri X11 X7 və istismarı Birliyi ilə X13 arasında bağlanmış 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqaviləyə əsasən həmin birlik X5 Türkan qəsəbəsində yerləşən 197 nömrəli, 0,18 ha sahəsi olan bağ sahəsi üzərində ümumi sahəsi 70,2 kv metr olan 2 otaqlı tikili və 6,6 kv metr sahəsi olan köməkçi tikili (mətbəx) ilə birlikdə icarəyə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli yerli müayinə aktından görünür ki, hüquqmüəyəynedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.18 ha, faktiki 0.1588 ha təşkil edir. Bağ sahəsnin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağın ərazisi mişar daşından hasarla iki hissəyə ayrılıb, bir hissədən digər issəyə keçmək üçün qapı oyuğu qoyulub. Sxematik xəritəyə əsasən göstərilən sahə 197b saylı bağın ərazisidir. Bağ sahəsində A 2 mərbəli bağ evi, köməkçi tikili (tövlə, hin, anbar) və hovuz var. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********55 nömrəli məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1800,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1588,0 kv.m təşkil edir. Sözügedən sahə mişar daş hasarla iki hissəyə ayrılıb. Torpaq sahəsinin üzərində 2(iki) mərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 197 saylı bağ sahəsi kimi göstərilən sahə "1970” saylı bağın ərazisidir. Lakin göstərilən sahə arxiv cizgisinin bir hissəsinə uyğun gəlir. İdarənin arxiv məlumatlarına əsasən “197” saylı bağ sahəsi başqa müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məktubla iddia olunan torpaq sahəsinin yerləşmə koordinatları təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-01682/2023 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: - Bakı şəhəri X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarına əsasən Bakı şəhər sovetnin yaşayış sahələrinin baş idarəedicisi olan Texniki İnventarlaşdırma Bürosuna göstərilən bağ sahələrində salınmış bağ sahələrinin bağlar idarəsinin balansına götürülməsi üçün 1 ay müddətində inventarlaşdırılmasının həyata keçirilməsi, bağlar idarəsinə aktda göstərilən siyahıya uyğun olaraq bağların icarəsi və icarə haqları ilə bağlı lazımı sənədlərin rəsmiləşdirilməsi tapşırlmışdır. -Həmin qərara əlavə edilmiş xx.xx.1987-ci il tarixli akta əsasən Türkan bağ massivində bağ sahələrinin istifadədə olduğu müəyyən edilmişdir: ..... 197- (....). Müəyyən edilmişdir ki, bu bağ sahələri iş yerindən və bağlar idarəsi tərəfindən verilməyib, bağ sahələrinin icarəsi üçün lazımı sənədləşmə işləri aparılmamışdır. Bu akta əlavə edilmiş siyahıdakı vətəndaşların əksəriyyəti fəhlə, təqaüdçülər, X15 iştirakçıları və əlilləridir. Bununla əlaqədar Bakı şəhər Sovetinin qarşısında uzun müddətdir ki, bağ sahələrindən istifadə edən bu vətəndaşlarla müqavilə bağlanması məsələsi qaldırılır. Türkan bağ massivində sənədsiz bağ sahələrindən istifadə edənlərin siyahısında :
197. X13-təqaüdçü qeyd edilmişdir. Məhkəmənin qərardadına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüş iddiaçının iddia etdiyi Türkan bağ massivi 197 bağ sahəsi ilə bağlı əslinə baxış keçirilmiş arxiv qovluğundan aşağıdakı sənədlər müəyyən olunmuşdur: -X4 bağlar idarəsinə ünvanladığı xx.xx.1988-ci il tarixli ərizəsində Türkan ərazisində 197 nömrəli bağ sahəsinə aid müqavilə bağlanmasını xahiş etmişdir. -Bakı şəhəri X11 İcraiyyə komitəsinin X7 və istismarı Birliyi ilə X13 arasında 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli bağlar idarəsinin direktoru və icarəçi tərəfindən müqavilə bağlanmışdır. Müqavilənin arxiv nüsxəsində möhür əksi yoxdur. -Türkan 197 nömrəli bağa dair aktda bağın yerləşmə cizgisi, bağ sahəsində A tikilisi, köməkçi tikili, hovuz olduğu əks olunub. -xx.xx.1980-ci il tarixli akta əsasən bağlar idarəsi tərəfindən X5 aid 197 nöməli bağ sahəsinin inventarlaşdırılması həyata keçirilmişdir. Akta əsasən torpaq sahəsi 0.1799 ha, yaşayış otağı 2, sahəsi 24.80 kv.m, köməkçi tikili 1, sahəsi 6.60 kv.m, hovuz 1, hasarməftildən, meyvə ağacları 13 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197B saylı bağ sahəsi və üstündəki ev üzərində mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması barədə İddiaçı arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1490/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi ilə (hüququn məxsus olması barədə arayışın verilməsi barədə) cavabdeh orqana ilkin müraciəti olmadığından Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-1536/2020 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1536/2020 saylı iş üzrə: -Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi Türkan bağ massivində yerləşən bağ sahələrinin sxematik xəritəsində 197 saylı və 197 b saylı (rus qrafası ilə “б”) nömrəli bağ sahələri əks olunmuşdur. -Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Bakı Bağ Təsərrüfatı İdarəsi ilə X9 arasında imzalanmış 11434 nömrəli, xx.xx.1983-cü il tarixli icarə müqaviləsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, ******* nömrəli və ******* nömrəli çıxarışlara, ******* nömrəli, xx.xx.2018-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə, xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 197 nömrəli bağ sahəsi (0,25 ha) xx.xx.2018-ci ildə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2018-ci ildə X10 adına qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən həmin bağ sahəsi (0,25 ha) xx.xx.2018-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda onun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi X3 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********861 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “197” saylı bağ sahəsi başqa müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır Elektron kadastr məlumatına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi "197b saylı bağın ərazisinə uyğundur. Həmçinin, bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq olunmamışdır Əlavə olaraq, sənəd üzrə bağ sahəsinin ölçüsü 1800 kv.m qeyd edilsə də faktiki ölçüsü 1588 kv m təşkil edir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 b saylı bağ sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin vahid əmlak kimi qeydiyyatının aparılmasını tələb edir. İddiaçı sözügedən bağ torpaq sahəsinin mərhum anası X5 bağlar idarəsi ilə bağlanmış 10 fevral 1989-cu il tarixli icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verildiyini əsas gətirərək, N.Ağayeva vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün vahid əmlak (torpaq sahəsi və ev) kimi mülkiyyət hüququnun mərhum N.Ağayevaya məxsus olması barədə arayışın verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -bağ sahəsinin istifadəyə verilməsi barədə müqavilə səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq olunmamışdır. -İdarənin arxiv məlumatlarına əsasən eyni nömrəli bağ sahəsi başqa icarə müqaviləsi əsasında digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. - sənədlərdə bağ nömrəsi “197” qeyd edilsə də, sözügedən bağ sahəsi “197b” saylı bağ sahəsinin ərazisinə uyğundur. - Sənəd üzrə bağ sahəsinin ölçüsü 1800 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1588 kv.m təşkil edir. -Müvafiq ünvanda inşa edilmiş yaşayış evi və köməkçi tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olan hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Hazırkı halda iddiaya etirazın əsasları cavabdehin imtina əsasları ilə eynidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhəri X11 İcraiyyə Komitəsi X7 və istismarı Birliyi ilə X13 arasında bağlanmış 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqavilədir. Müqaviləyə əsasən birlik X5 Türkan qəsəbəsində yerləşən 197 nömrəli, 0,18 ha sahəsi olan bağ sahəsi üzərində ümumi sahəsi 70,2 kv metr olan 2 otaqlı tikili və 6,6 kv metr sahəsi olan köməkçi tikili (mətbəx) ilə birlikdə icarəyə verilmişdir. Cavbadeh sözügedən müqavilənin səlahiyyətli qurumun möhürü və imzası ilə təsdiq edilmədiyini və bu əsasla həmin sənədin bağın qeydiyyata alınmasını istsina edən faktiki şərt kimi irəli sürür. Məhkəmə bununla əlaqədar ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özünün təqdim etdiyi bağ sahəsinə dair qovluqda sözügedən müqavilə nüsxəsi saxlanılır və həmin müqavilədə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür. Qeyd edilən arxiv nüsxəsində müqavilənin imzalar olan qrafasında bağlar idarəsinin möhür əksi yoxdur. Lakin məhkəmə icraatında iddiaçı onda olan müqavilə nüsxəsinin əslini itirdiyini, bununla bağlı tapıntılar bürosunda məlumatın olmadığını bildirmiş, bu barədə məlumat, eləcə də müqavilənin əslinin itdiyi barədə qəzetdə dərc edilmiş elanın həmin arxiv qovluğunda saxlanıldığı görünür. Bundan əlavə iddiaçı məhkəmə icraatı gedişində sözügedən müqavilənin üzərində möhür əksi olan kserosurətini məhkəməyə təqdim etmişdir. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər-Ağayeva Narınc tərəfindən bağ sahəsinə dair müqavilənin bağlanması ilə bağlı 1988-ci il tarixli bağlar idarəsi rəhbərliyinə ünvanladığı müraciət ərizəsi, müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, həmin bağın yerləşmə sxemi kimi sənədlərin saxlanılması sözügedən bağ sahəsinə dair icarə müqaviləsinin mövcud olduğunu deməyə əsas verir. Nəhayət, qeyd edilməlidir ki, 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqavilədə müqavilənin Bakı şəhəri X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı əsasında bağlandığı qeyd edilmişdir. Dövlət arxivindən əldə edilmiş Bakı şəhəri X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarından müəyyən olunur ki, xx.xx.1987-ci il tarixli akta əsasən Türkan bağ massivində istifadədə olan lakin bağlar idarəsi ilə heç bir rəsmiləşmə aparılmamış bağ sahələrinə dair inventarlaşdırma işlərinin aparılması qərara alınmış, həmin bağlardan istifadə edənlərin siyahısı tərtib edilmiş və siyahıdakı vətəndaşlarla, o cümlədən 197 nömrəli bağ sahəsindən istifadə edən X13 ilə istifadə etdiyi bağ sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Beləliklə, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair arxiv qovluğunda saxlanılan 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli icarə müqaviləsinin kökündə dayanan inzibati akt- Bakı şəhəri X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı dövlət arxivində mövcuddur və bu hal iddia olunan bağın qanuni istifadədə olduğunu təsdiq edir. Odur ki, 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli icarə müqaviləsi mübahisə predmeti olan bağ sahəsinə hüququn qeydiyyata alınmasına əsas verən mötəbər hquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bundan əlavə, cavabdehin istinad etdiyi bağın nömrəsi, bağ nömrəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının iddia etdiyi bağ sahəsi Türkan bağ massivində olan 197 nömrəli bağ deyil, 197 b saylı bağ sahəsidir. İddia olunan 197 b nömrəli bağ sahəsinin mövcud olduğu cavabdehin özünün təqdim etdiyi Türkan bağ massivində olan bağların yerləşmə sxemindən də müəyyən olunur. Belə ki, təqdim edilmiş sxematik xəritədən görünür ki, Türkan bağ massivində həm 197, həm də 197b saylı bağ sahələri var və həmin bağ sahələri bir-birindən aralıdır, fərqli sahələrdə yerləşir. Cavabdeh özü də imtinasında, eləcə də iddiaya etirazında iddiaçının istifadəsində olan bağ sahəsinin sənəd üzrə 197 nömrəsi ilə qeyd edilsə də faktiki bağların bölgüsünə dair sxematik xəritədə 197b saylı bağın ərazisinə uyğun gəldiyini bildirmişdir. Eyni zamanda iş üzrə idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinələrdə də iddia olunan naturada göstərilən torpaq sahəsinin 197b nömrəli bağın ərazisi olduğu qeyd edilmiş, həmin torpaq sahəsinin hər hansı digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü və ya iddia edildiyi müəyyən olunmamışdır. Bundan əlavə bağ sahəsinə dair təqdim edilmiş qovluqda saxlanılan bağın yerləşməsi aktında bağ torpaq sahəsinin cizgi forması sxematik xəritədə olan 197b nömrli bağ sahəsinin forması ilə uyğunluq təşkil etdiyi adi gözlə (vizual) müəyyən olunur. Beləliklə, iddiaçının hüquqmüəyyənedici sənədi olan icarə müqaviləsində bağın nömrəsi 197 kimi qeyd edilsə də iddia olunan bağ sahəsi Türkan bağ massivində sxematik xəritə üzrə 197b saylı bağdır. Daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəsi altında digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş bağ sahəsi nə hüquqi, nə də faktiki əsasla iddiaçının istifadəsində olan bağ sahəsi ilə üst-üstə düşmür və eynilik təşkil etmir. Sənəd üzrə 197 nömrəsinin göstərilməsi yalnız texniki qüsur kimi qəbul edilməli və bu hal nəticə etibarı ilə faktiki və qanuni istifadədə olan 197b nömrəsi ilə mülkiyyət hüququnun qeydiyyatına mane təşkil etməməlidir. Odur ki, cavabdehin bağ nömrəsi, digər şəxsin adına qeydiyyatla bağlı irəli sürdüyü dəlillər formal mülahizə olduğundan iddianın təmini istisna etmir. İddia olunan 197b saylı bağ sahəsinin 20091 nömrəli icarə müqaviləsində ölçüsü 1800 kv.m olaraq qeyd edilmiş, lakin hazırda iddiaçının hasar daxilində faktiki istifadəsində olan bağ sahəsinin ölçüsü 1588 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda iddiaçı hazırkı iddiasında qanuni faktiki istifadəsində olan 0.1588 ha torpaq sahəsinə hüququnun qeydiyyatını mübahisələndirməkdə haqlı hesab edilir. Bundan əlavə, mübahisəli ünvanda inşa edilmiş yaşayış evi və köməkçi tikililərə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olan hüquq müəyyənedici sənədlər təqdim edilməməsinə gəlincə məhkəmə qeyd edir ki, iş üzrə əldə edilmiş Bakı şəhəri X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı, 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqaviləyə əsasən hələ 1988-ci ildən əvvəl N.Ağayevanın faktiki istifadəsində olan sözügedən bağ sahəsi və üzərində fərdi yaşayış evi, köməkçi tikili ilə birlikdə sonuncunun icarəsinə verilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********11 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Bağ sahəsinin sxematik xəritəsinə əsasən Türkan bağ massivində 197B nömrəli bağ sahəsinin üzərində də tikilinin mövcud olduğu görünür. Arxiv qovluğunda inventarlaşdırma ilə bağlı tərtib edilmiş aktda N.Ağayevaya məxsus sözügedən bağ sahəsi üzərində A tikilisi, köməkçi tikililər, onların ölçüləri, yerləşmə cizgisi qeyd edilmişdir. Başqa sözlə, bağ sahəsi üzərində fərdi yaşayış evi öncədən N.Ağayevanın istifadəsində olmuş, 20091 nömrəli, 20 fevral 1989-cu il tarixli müqavilə yalnız sözügedən bağ sahəsi və üzərində yerləşən tikililərin iddiaçının adına rəsmiləşdirilməsini ifadə etmişdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 b saylı 0,1588 ha ölçüdə bağ sahəsi və üzərindəki evə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 197 b saylı 0,1588 ha ölçüdə bağ sahəsi və üzərindəki evə mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova