Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-807/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun əmək pensiyasının yenidən hesablanması, 57 yaşdan bu günə olan 3 illik pensiyanın ona ödənilməsi və zərərli işə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-33330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın pensiyanın məbləğinin hesablanması hissəsində ləğv edib, ümümi və güzəştli iş stajına uyğun yenidən hesablanaraq əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildə 2 saylı Peşə Məktəbinin elektrovoz maşinisti köməkçisi ixtisasına qəbul olmuş və xx.xx.1980-cı ildə həmin məktəbi bitirmişdir. Bununla bağlı, ona B126717 saylı diplom verilmişdir. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1997-ci ilədək Azərbaycan Dəmir Yolları QSC-nin X2 elektrovoz maşinisti köməkçisi, elektrovoz maşinisti kimi işləmişdir. Onun həmin sahədə iş stajı 14 il 1 ay 11 gündür. İddiaçının ümumi iş stajı 44 il 5 aydır. Onun 14 il 5 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlara daxildir. İddiaçının xx.xx.2005-ci ilə qədər 28 il iş stajı vardır. O, pensiyaya 2021-ci ildə çıxmışdır. İddiaçıya 260 manat pensiya təyin edilmişdir. Hazırda iddiaçının pensiyası təxminən 299 manatdır. Hesab edir ki, ona ödənilməyən 57 yaşdan bu yana olan 3 illik məbləğ, zərərli işə görə pensiya, yenidən hesablanma həyata keçirilməlidir. Göründüyü kimi, hər üç hal (yaş, ümumi iş stajı, güzəştli iş stajı) ona münasibətdə nəzərə alınmalıdır. Zəruri pensiya kapitalının mövcud olmaması məsələsi ilə əlaqədar bildirilmişdir ki, tələb xx.xx.2017-ci ildən qüvvədədir. İddiaçı isə pensiya hüququnu çoxdan qazanmışdır. Əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonrakı qanunvericiliklə aradan qaldırıla bilməz. Yəni şəxsin vəziyyətini pisləşdirən normanın geriyə şamil edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əlillik müddətinin bitməsi səbəbi ilə pensiya ödənişinin ödənilməsi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə yenidən cavabdehə müraciət edərək təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-330/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə əmək pensiyasının yenidən hesablanması ilə Qanunun 9.8-ci maddəsinə əsasən hüququnun yaranma tarixi 57 yaşının tamam olduğu xx.xx.2019-cu ilə çəkilmişdir. Əmək pensiyasının yenidən hesablanmasının nəticəsi olaraq 299,08 manat pensiya məbləği 327,21 manat olaraq müəyyən edilmiş və keçmiş dövrə aid 175,6 manat, birdəfəlik isə 200 manat ödəniş həyata keçirilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər ödənilmiş əlilliyə görə əmək pensiyası məbləği nəzərə alınaraq keçmiş dövrə aid fərq məbləğinin ödənişi həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək bildirdi ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. İddiaçı bununla bağlı qərarı mübahisələndirsə də, öz ələbini ümumi şəkildə əsaslandırıb və pensiya hesablanmasında konkret olaraq nədən narazı olduğunu ifadə edə bilmir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 31 iyul 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilədək Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. O, xx.xx.1980-cı il tarixdən xx.xx.1980-cı il tarixədək Ə.Ə.Cəfərov adına Azərbaycan Dəmir Yolları QSC X2 teplovozların hərəkət heyətinin təmiri üzrə çilingər işləmişdir. xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. Sonradan xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Ə.Ə.Cəfərov adına Azərbaycan Dəmir Yolları QSC X2 teplovozların hərəkət heyətinin təmiri üzrə çilingər, xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilədək elektrovoz maşinisti köməkçisi, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək elektrovoz maşinisti dublyoru, xx.xx.1989-cu ildən xx.xx.1997-ci ilədək elektrovoz maşinisti işləmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdə Ə.Ə.Cəfərov adına Azərbaycan Dəmir Yolları QSC Biləcəri lokomotiv deposuna bağban vəzifəsinə götürülmüşdür. O, xx.xx.1998ci ildə fəhlə keçirilmişdir. xx.xx.1999-cu ildə 3-cüdərəcəli suvaqçı rəngsaz ixtisasına yiyələnmişdir. xx.xx.2000-ci ildə 4-cü dərəcəli suvaqçı rəngsaz ixtisasına yiyələnmişdir. xx.xx.2001-ci ildə 5-ci dərəcəli suvaqçı rəngsaz ixtisasına yiyələnmişdir. xx.xx.2005-ci ildə gözətçi vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə rəngsaz suvaqçı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə gözətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci ildə "xxxx" QSC Yük daşımaları Departamentinin Biləcəri stansiyasının yük və kommersiya təsərrüfatına qatarqəbuledicisi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci ildə sərbəst qatar qəbuledicisi kimi işə buraxılmış, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" QSC Yük daşımaları Departamentinin Biləcəri stansiyasının yük və kommersiya Xidmətinin Biləcəri sahəsinə qatarların qəbulçusu vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə "xxxx" QSC Yük daşımaları Departamentinin Stansiyaların idarəedilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasına qatarların qəbulçusu vəzifəsinə qəbul edilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 12 noyabr 1980-cı il tarixdən 16 noyabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. B seriyalı, 126717 nömrəli diplomun surətinə əsasən iddiaçı 01 sentyabr 1977-cı il tarixdə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 28 iyul 1980-cı il tarixdə elektrovozun maşinisti köməkçisi peşəsi üzrə məktəbin tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 dekabr 2021-ci il tarixli B-293/25 nömrəli arayışına əsasən iddiaçı, həqiqətən xx.xx.1977-ci il tarixində 2 nömrəli Peşə Məktəbinin “Elektrovoz maşinisti köməkçisi” ixtisasına qəbul olmuş və xx.xx.1980-cı il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B seriyalı, 126717 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən X2 işləmişdir. xx.xx.1983-xx.xx.1989-cu illərdə elektrovoz maşinisti köməkçisi vəzifəsində işləmiş, xx.xx.1989-xx.xx.1997-ci illərdə elektrovoz maşinisti, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. Ümumi: elektrovoz, teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsində iş stajı 14 il 01 ay 11 gün təşkil edir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” qərarına uyğundur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-330/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, hüququnun yaranma tarixi 57 yaşının tamam olduğu xx.xx.2019-cu ilə çəkilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-33330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın pensiyanın məbləğinin hesablanması hissəsində ləğv edib, ümümi və güzəştli iş stajına uyğun yenidən hesablanaraq əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Göründüyü kimi iddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-33330/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın pensiya məbləğinin hesablanması hissəsində ləğv edib, ümümi və güzəştli iş stajına uyğun yenidən hesablanaraq əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdehin etirazının əsası ondan ibarət olmuşdur ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya təyin olunmuş əmək pensiyasl 57 yaşının tamam olduğu xx.xx.2019-cu ilə çəkilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər ödənilmiş əlilliyə görə əmək pensiyası məbləği nəzərə alınaraq keçmiş dövrə aid fərq məbləğinin ödənişi həyata keçirilmişdir. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmiş və öz mövqeyini tam ifadə etməmişdir. Buna baxmayaraq iddiaçının iddia ərizəsinin dəlilləri və həmçinin hazırlıq iclaslarında verdiyi izahatlarla müəyyən olunur ki, o 2019-cu ildən sonrakı bütün dövr üzrə olan əmək pensiyasının hesabanaraq ona ödənilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanunda göstərilmişdir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır (34.1.). Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir (34.1-1.). Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır (34.2.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra əlillik müddətinin bitməsi səbəbi ilə pensiya ödənişinin ödənilməsi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Sonradan iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-330/2024 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası onun 57 yaşının tamam olduğu xx.xx.2019-cu ilə çəkilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixə qədər ödənilmiş əlilliyə görə əmək pensiyası məbləği nəzərə alınaraq keçmiş dövrə aid fərq məbləğinin ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və bu zaman qanunun tələbləri pozulmamışdır. Bu isə o deməkdir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə baş verməmişdir. İddiaçı bunun əksini sübut edə bilməmişdir. Eyni zamanda iddiaçının müraciətindən 3 il əvvəlki dövr də nəzərə alınmaqla əmək pensiyası hesablanaraq ona ödənilir. İddiaçı ona pensiyanın düzgün hesablanmadığını iddia etsə də, öz iddiasını əsaslandıra bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-807/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-807/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver