Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8076/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X2 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 (ünvan 2ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddiaya əlavə verərək, cavabdehdən onun xeyrinə dəymiş mənəvi ziyana görə 200.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-4790/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2- 1(103)-411/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)- 4790/2020 saylı qərardadının qismən - mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi, Qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli, 2-1(102)-832/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-411/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 04 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Mənəvi ziyanın ödənilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın əməkdaşı tərəfindən ona zəng olunaraq C.Süleymanovla bağlı fotoşəkillərin qeyd olunan telefona göndərilməsi xahiş edilmişdir. 25 iyun 2020-ci il tarixdə cavabdeh orqanın digər əməkdaşı, müraciətlərə (şikayətlərə) baxan şöbənin müdiri tərəfindən onunla əlaqə yaradaraq qeyd olunan şəkillərin ona təqdim edilməsini xahiş etmiş, iddiaçı onunla razılaşmışdır. Onlar görüşmüş və iddiaçı 3 ədəd fotoşəkili cavabdeh inzibati orqanın əməkdaşına təqdim etmişdir. Həmin əməkdaş qeyd olunan şəkilləri rəhbərliyə təqdim etməli olduğunu və məsələnin onlar tərəfindən həll edilməli olduğunu bildirmişdir. Süleymanov Cavidin kimə 10.000 manatın yığdığını soruşduqda aydın olmayan cavab almışdır. Qeyd olunanlara əsasən 200.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanlanmış iddiaçının 03.09.2020-ci il tarixli müraciətinə (daxil olma nömrəsi: H-904, daxil olma tarixi: 16.09.2020-ci il) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmış, qeyd olunan idarənin rəisinin 19.09.2020-ci il tarixli 11/4536 məktubunda mənəvi ziyanın əvəzinin ödənilməsi tələbin ziyanın vurulması halını təsdiq edən sənədlərin (sübutların) əlavə edilməməsi bildirilmiş, ərizədə göstərilən məsələlərin aydınlaşdırılmasına zərurət yarandığından, ona “Qızıl şərq” hərbi şəhərciyi, Eldar Ağayev küçəsi, bina 116 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə gəlmək təklif olunmuşdur. Hüquq İdarəsi rəisinin 19.09.2020-ci il tarixli 11/4536 məktubun aralıq inzibati akt olmasını, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.3.1-71.3.4-cü maddələrində göstərilən halların yer almadığını nəzərə alaraq, qeyd olunan aralıq inzibati aktından şikayətin verilməsinin mümkünsüzlüyü barədə bildirir. Lakin iddiaçı, qanunvericiliyin tələblərinə riayət etmək əvəzinə, inzibati orqanı lüzumsuz məhkəmə çəkişməsinə cəlb etmişdir. İddia tələblərinin rədd edilməsi üçün əsaslar: Ən əsası, iddiaçı cavabdeh orqan tərəfindən onun subyektiv hüququna hər hansı bir müdaxilə edildiyini və ya qanunla qorunan hüquq və azadlıqlarının pozulduğunu sübut etmir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının iddia predmeti üzrə öz hərəkətlərinə hüquqi ixtiyarı olmamış, yəni Azərbaycan Ordusunun hərbi qulluqçular barədə onun müraciətlərinə baxılmaması əsası ilə 200000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırılması üçün subyektiv hüququna malik deyildir. Plenumun mövcud qərarın göstərişləri X1 iddiasına da şamil edilməklə, tələbi rədd edilməlidir... X1 Azərbaycan Resublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddia əsassızdır və rədd olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı mənəvi ziyanın ödənilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərilənlərin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlar dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Resublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı X3 ünvanlanan 19.09.2020-ci il tarixli məktubun mətnindən müəyyən olunur ki, iddiaçının Azərbaycan Resublikası Müdafiə Nazirliyinə ünvanlanan 03.09.2020-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, iddia ərizəsində ziyanın əvəzinin ödənilməsi tələbi yer almamış, ziyanın vurulması halını təsdiq edən sübutların əlavə edilmədiyi. ərizədə göstərilən məsələlərin aydınlaşdırılması zərurəti yarandığından cavabdehin hüquq idarəsininin yerləşdiyi ünvana gəlməsi təklif edilmiş, 25 iyul 2020-ci il tarixli ərizəyə əlavə etdiyi fotoşəkillərin surətlərində göstərilən şəxsin Azərbaycan Ordusuna aid olubolmaması üçün tədbirlərin görülməkdə olduğu bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti tələb edir. Öz iddiasının əsası olaraq iddiaçı cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərin vurulması ilə əsaslandırmağa cəhd etmişdir. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə, cavabdehin təqsirini, bunun nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 200.000 (iki yüz min) manat miqdarında hesablanmasının əsaslandırdığına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Resublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı X3 ünvanlanan 19.09.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçıya ziyanın vurulması halını təsdiq edən sübutların əlavə edilmədiyi, ərizədə göstərilən məsələlərin aydınlaşdırılması zərurəti yarandığından cavabdehin hüquq idarəsininin yerləşdiyi ünvana gəlməsi təklif edilmiş, 25 iyul 2020-ci il tarixli ərizəyə əlavə etdiyi fotoşəkillərin surətlərində göstərilən şəxsin Azərbaycan Ordusuna aid olub-olmaması üçün tədbirlərin görülməkdə olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçının mənəvi ziyanın ödənilməsi iddia ərizəsində və məhkəmə araşdırması zamanı göstərdiyi xüsusatlar həmin dövrdə aidiyyatı orqan tərəfindən araşdırılaraq əsassız olması öz təsdiqini tapmışdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8076/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8076/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver