Məhkəmə qərarları › İş №2-1(112)-8076/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8076/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8076/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilib, onun 06 avqust 2008-ci il tarixdən 08 oktyabr 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajımın hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1993-cü ilin aprel ayının 17-dən 2008-ci ilin avqust ayının 7-dək Azərbaycan Respublikasının Baş Prokurorluğununda fasiləsiz 15 il 03 ay 19 gün idarə prokuroru vəzifəsində ədliyyə müşavir rütbəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2979 nömrəli 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə əvvəlcə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamı ilə 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Məhkəmə Hüquq Şurasının 08 oktyabr 2024-cü il tarixli Qərarı ilə son 65 yaş həddinə çatmağı nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Bununla da onun hakimlik stajının müddəti ümumilikdə 16 il 02 ay 02 gün, prokurorluq orqanları və məhkəmə sistemində isə iş stajının müddəti ümumilikdə 31 (otuz bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün təşkil edir. DSMF tərəfindən ona 3976.78 manat məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi iş stajına daxil edilməmişdir. Bununla bağlı 06 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinə müracit edərək, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilib, 08 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi 30 yanvar 2025-ci il tarixli məktubla ona sabiq hakim kimi əmək pensiyasının müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajı hesablanarkən prokurorluq orqanlarındakı xidmət illərinin nəzərə alınmasının mümkün olmadığı barədə cavab verilmişdir. Cavab məktubunu ona 10 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2008-ci il tarixli 2979 saylı Sərəncamı ilə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi və sonradan 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamı ilə 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Son 65 yaş həddinə çatmağı nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının 08 oktyabr 2024-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərimə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 16 il 02 ay 02 gün təşkil etmişdir. Göründüyü kimi onun pensiya hüququnun yaranmasında heç bir problem yoxdur. Digər tərəfdən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə və s... orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri hakimlik xidmət illərinə daxil edilir. Yuxarıda qeyd etdiyi kimi, 17 aprel 1993-cü il ildən 7 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarda fasiləsiz 15 (on beş) il 3 (üç) ay 19 (on doqquz) gün xidmət etmişdir. Azərbaycan Respublikası «Prokurorluq Orqanlarında qulluq keçmə haqqında» Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqda olan xidmət illəri məhkəmə orqanlarında xidmət illərinə daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasında Prokurorluğun yeri «Məhkəmə Hakimiyyəti» adlanan 7-ci fəslində təsbit edilmişdir. Bu səbəbdən də hesab edir ki, hakim təyin olunarkən onun prokurorluq orqanlarındakı xidmət illərim hakimlik fəaliyyəti zamanı nəzərə alınmalı və xidmət illərinə daxil edilməlidir. Hakim işlədiyi müddətdə prokurorluq orqanlarında işlədiyi müddət nəzərə alınmaqla, əmək haqqına 45% əlavə almışdır.

3. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, “sizə 9 oktyabr 2024-cü il tarixindən 3976,78 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi həmin Qanunla müəyyən edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, əmək pensiyasına qulluq stajına görə əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd edilənlərə əsasən, sabiq hakim kimi əmək pensiyanızın müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajınız hesablanarkən prokurorluq orqanlarındakı xidmət illərinizin nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.”

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtilə prokurorluq orqanlarında çalışdğı stajın pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Prokurorluq orqanlarında olan staj yalnız əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Həmin stajın hakimlik stajına daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkündür. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. Bundan başqa “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Lakin “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, əmək pensiyasına qulluq stajına görə əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Əlavə olaraq iddiaçıya 9 oktyabr 2024-cü il tarixindən 3976,78 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Qeyd edilənlərə əsasən, iddiaçıya sabiq hakim kimi əmək pensiyanın müəyyən edilməsi üçün həmin vəzifə üzrə iş stajı hesablanarkən prokurorluq orqanlarındakı xidmət illərinin nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur.

5. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

8. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən;(xx.xx.2017-ci ildə ləğv edilmişdir) ; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. Bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1,20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

14. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə müvafiq olaraq prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir.

16. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir..

17. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: hal hazırda olan redaksiyasıdır. 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: əvvəlki redaksiyada (xx.xx.2017-ci il tarixə qədər olan) deyilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

19. Məhkəmənin hazırkı iş üzrə mövqeyi sabiq hakimə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-48/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarına uyğundur.

20. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.

21. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır.

22. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.

24. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.

26. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.

27. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2008ci ilədək prokurorluq orqanlarında fasiləsiz olaraq idarə prokuroru vəzifəsində ədliyyə müşavir kimi 15 il 03 ay 19 gün, əvvəl Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi xx.xx.2008-xx.xx.2024-cü il tarixlərarası dövrü əhatə etməklə 16 il 02 ay 02 gün stajı var.

28. İstənilən halda “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.

29. Məhkəmə hesab edir ki, hakim təyin olunarkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəaliyyəti zamanı nəzərə alınmalı və xidmət illərinə daxil edilməlidir.

30. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.

31. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanların işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Belə olduğu təqdirdə, iddiaçının yaşa görə pensiya hüququnun yarandığı vaxtda müvafiq olaraq xidmət illəri 31 ildən çoxdur.

32. “Məhkəmələr və hakimlər haqqında” Qanunun: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, iddiaçı xx.xx.2021-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Odur ki, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.

33. Beləliklə, prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə iddiaçı ona aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.

34. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının xx.xx.2024-cü il tarixə kimi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.

35. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı prokurorluq orqanlarında işlədiyi xidmət illərinin hakim kimi əmək stajına daxil edilməklə 06 avqust 2008-ci il tarixdən 08 oktyabr 2024-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajımın hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar