Məhkəmə qərarları › İş №2-1(112)-8077/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8077/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8077/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı və vəkili Hacıyev Namiq Sərkar oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X6 Filialı göstərilməklə) məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnaməyə müvafiq olaraq iddiaçıya təyin edilmiş pensiyanın Azərbaycan Respublikası Müdafiə X7 üzrə müavini - Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsində xidmətdə olmağını nəzərə almaqla yenidən hesablanılması vəzifəsinin Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X6 Filialının və əmək pensiyasının hesablanılmasma əsas verən, xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı məlumatların müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür və hərbiçi olmaqla Azərbaycan Respublikası Müdafiə X7 üzrə müavini -Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsində xidmətdə olmaqla Müdafiə Nazirinin 02 noyabr 1997-ci il tarixli, 01078 saylı Əmri ilə Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Ona 10 (on) ilidən sonra, yəni 2007-ci ildə pensiya təyin edilmiş və həm göstərilən 10 (on) il müddət nəzərə alınmamış ,həm də pensiyası az miqdarda olmaqla düzgün hesablanılmamış və ona cəmi:-515/beş yüz on beş/ manat pensiya hesablanılmaqla,160 manat rütbə pulu və 64 manat yemək pulu kimi hesablanılmaqla, pensiyası 291/iki yüz doxsan bir/manat olmuşdur. Odur ki, Azərbaycan Respublikasının 1997-ci il tarixli,377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnaməyə müvafiq olaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanılması və eyni zamanda pensiyanın miqdarının hesablanılması zamanı hansı şərtlərin əsas götürülməsi barədə arayışın ona təqdim edilməsinə dair aidiyyəti üzrə göstəriş verilməsinə dair cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X5 xahiş etmişdir. Bu müraciətdən sonra əmək pensiyası yenidən hesablanaraq 1356.18 (bir min üç yüz əlli altı manat on səkkiz qəpik) məbləğində müəyyən edilmişdir və bir daha onun Azərbaycan Respublikası Müdafiə X7 üzrə müavini Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsində xidmətdə olmağı yenidən nəzərə alınmamış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 06 oktyabr 2023cü il tarixli,1542 N-li məktubla və 14 fevral 2024-cü il tarixli, 3-25-19\2-h-2xx-xx/2024 N-li məktubla pensiyasının hesablanılmasına əsas verən, xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı məlumatların müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülməsindən imtina edilmişdir. Sənədlərin əslini məhkəməyə təqdim etməklə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun pensiya təminatı hüquqlarını pozur.

3. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “Sizə təyin olunmuş pensiyanızın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinizə tərəfimizdən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanızın hesablanması üçün əsas götürülən təminat xərcliyində (pul təminatında) heç bir səhvə yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bundan başqa bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Sizin isə “Müdafiə X7 üzrə müavini - Silahlı Qüvvələrin Arxa cəbhə rəisi vəzifəsinin icraçısı” vəzifəsindən “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsinə keçirilməyinizin səbəbi yaşınız və ya səhhətinizlə bağlı olmamışdır. Bu səbəbdən də, adınıza tərtib olunmuş ZE-60370 nömrəli “Məlumat vərəqi”ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə, yəni “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsi üzrə, aldığınız təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına təqdim edilmişdir və pensiyanızın yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi”nin adı çəkilən idarənin “Elektron məlumatlar bazası”na daxil edilməsi qanuna müvafiq deyildir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnik-leytenat İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 01078 nömrəli 02 noyabr 1997-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 18-cı maddəsinin ”q” bəndinə əsasən (təşkilatı tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadiğına görə) müvafiq olaraq, “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsindən ehtiyata təxris olunaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı isə “Müdafiə X7 üzrə müavini - Silahlı Qüvvələrin Arxa cəbhə rəisi vəzifəsinin icraçısı” vəzifəsindən “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsinə keçirilməsi səbəbi yaş və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də, İddiaçı adına tərtib olunmuş ZE- 60370 nömrəli “Məlumat vərəqi”ndə hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə, yəni “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsi üzrə, aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına tərəfimizdən təqdim edilmiş və pensiyanızın yenidən hesablanması məqsədi ilə adı çəkilən orqana yeni “Məlumat vərəqi” tərtib olunaraq göndərilməsi qanuna müvafiq deyildir. Qeyd olunan maddənin müddəaları İddiaçı oğluna şamil edilmədiyindən ona pensiya təyin olunması üçün tutduğu sonuncu vəzifənin, yəni “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsinin təminat xərcliyini əks etdirən yeni "Məlumat vərəqi”ni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X6 filialına təqdim edilmişdir. İddiaçı pensiyasının yenidən hesablanması üçün Müdafiə X7 üzrə müavini Silahlı Qüvvələrin Arxa cəbhə rəisi vəzifəsinin icraçısı vəzifə maaşını əks etdirən yeni “Məlumat vərəqi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X6 filialına göndərilməsi qanuna müvafiq deyildir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.

6. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

16. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, - İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0136 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli 40 №-li əmrilə xx.xx.1995-ci il tarixdən Silahlı Qüvvələrin Baş Müfəttişliyinin baş müfəttişi işini və vəzifəsinin təhvil almiş hesab edilərək Müdafiə Nazirliyi aparatının şəxsi heyət siyahısına, bütün təminat növlərinə salınmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0832 №-li əmrinə əsasən Silahlı Qüvvələrin Baş Müfəttişliyinin baş müfəttişi polkovnik İddiaçı tutduğu vəzifədən azad edilərək Silahlı Qüvvələrin Arxa Cəbhə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0833 №-li əmrinə əsasən Silahlı Qüvvələrin Arxa Cəbhə rəisinin müavini polkovnik İddiaçı Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsinin icrasına buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 01009 №-li əmrinə əsasən, Silahlı Qüvvələrin Arxa Cəbhə rəisinin müavini polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1996-cı il tarixli 196 №-li əmri ilə tutduğu vəzifəsindən azad olunmuş, xx.xx.1996-cı il tarixdən Müdafiə nazirinin sərəncamına keçirilmiş hesab edilmişdir. - Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamında olan, polkovnik İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli 01124 №-li əmrinə əsasən, N №-li hərbi hissədə texniki bölmənin rəisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 67 №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 0295 №-li əmrinə əsasən, N №-li hərbi hissənin texniki bölmənin rəisi vəzifəsinin rəisi polkovnik İddiaçı hərbi rütbəsinin “polkovnik-leytenant” sayılması qeyd edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 194 №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 01078 №-li əmrinə əsasən, N №-li hərbi hissənin texniki şöbəsinin rəisi, polkovnik-leytenant İddiaçı 18-ci maddənin “Q” bəndinə uyğun olaraq (təşkilatı tədbirlər ilə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) xx.xx.1997-ci il tarixdən ehtiyata tərxis olunması və qeydiyyata alınması üçün Xətai rayonu Hərbi Komissarlığına göndərilməsi qeyd edilmişdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

19. Bəhs olunan normaya görə hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavənin bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanması isə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçulara aid edilmişdir.

20. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə müvafiq olaraq İddiaçı “Müdafiə X7 üzrə müavini - Silahlı Qüvvələrin Arxa cəbhə rəisi vəzifəsinin icraçısı” vəzifəsindən “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” vəzifəsinə keçirilməsi səbəbi yaş və ya səhhəti ilə bağlı olmamışdır. Bu səbəbdən də iddiaçının adına tərtib olunmuş Məlumat vərəqində hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə “Bakı Hərbi Tikinti İdarəsi (670 nömrəli hərbi hissə) Texniki şöbəsinin rəisi” aldığı təminat xərcliyi haqqında məlumatlar əks etdirilmişdir.

21. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia əsassız hesab edilməli və rədd edilməlidir.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar