Məhkəmə qərarları › İş №2-1(112)-808/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-808/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-808/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 (ünvan 1 ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X1 (Bakı şəh., 5-ci mkr., Cavadxan küç., ev 31, mənzil 82 qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştıi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə səsən 52 yaşının tamam olduğu 07 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 07.09. 1965-ci ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. 1983-cü ildə orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Ona məxsus xx.xx.2011-ci il tarixli ******* №-li Əmək Kitabçasına əsasən o, xx.xx.1983 - xx.xx.2016-cı illərdə X2 əyirici sexində əyirici vəzifəsində işləmişdir. xx.xx.2019-cu ildən hal-hazıradək "xxxx" İş Mərkəzi MMC-də Mingəçevir şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. Ümumi əmək stajı 35 il, Toxuculuq Kombinatında güzəştli (zərərli) işdə ümumi stajı 32 il 1 ay, 01 yanvar 2006-cı il tarixinədək isə 22 il 13 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-Ш QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirilər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan, 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Odur ki, iddiaçı ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial 18 fevral 2021-ci il tarixli **********4 saylı məktubla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən əsassız imtina etmişdir. Məktubda imtinanın əsası kimi göstərilmişdir ki: "Əmək pensiyaları haqqında ” Qanunun 1.08-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi kimi pensiyanın sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığorta olunanlar üzrə ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkar vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16942,86 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında'’ Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçı qeyd edir ki, imtinanın əsasları ilə razı deyil və qeyd edir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin az olması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün qanuni əsas deyil və ona pensiya təyin edilməsi üçün pensiya kapitalı və ya onun məbləği qanunla tələb olunmur. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq 06 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi ilə tənzimlənir ki, onun da 20 ildən çox ümumi stajı, 01 yanvar 2006-cı il tarixinədək 10 ildən çox güzəştlə iş stajı, tələb olunan yaş həddim (52 yaş) var və həmin qanunda pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsinin pensiya kapitalına dair heç bir müddəa, hüquq norması yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə (52 yaşdan) yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, aşağıda qeyd olunan səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina əsaslı və qanuni olmuşdur. Belə ki, iddiaçı, xx.xx.1983-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək X2 (hazırda - "xxxx" ASC) “əyirici” peşəsində çalışdığını qeyd edir. Lakin təqdim etdiyi ******* saylı Əmək kitabçası işə daxil olduğu tarixdə deyil, xx.xx.2011-ci ildə doldurulub. Əmək kitabçasındakı qeydlər arasında ziddiyyət vardır. Belə ki, kitabçanın 2-ci səhifəsində iddiaçının xx.xx.2016-cı ildə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə xitam verildiyi qeyd edilib. Digər tərəfdən, kitabçanın 4-cü səhifəsində iddiaçının xx.xx.2003-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də əyirici kimi işləməsi barədə qeyd vardır. Prezidentin “X9 yaradılması haqqında” 26 fevral 2015-ci il tarixli, 1077 saylı Sərəncamı vardır. Həmin Sərəncamın 5.2-ci bəndi ilə Nazirlər Kabinetinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görməsi tapşırılmışdır. X8 filialının xx.xx.2020-ci il tarixli, 200-Asan saylı Arxiv Arayışından görünür ki, iddiaçı, 1998-ci ildə və 1999-cu ilin yanvar-iyun ayları ərzində, yəni 01 il 06 ay əmək haqqı almayıb. İddiaçı, iddiaçının əmək kitabçasında xx.xx.2003-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də çalışdığı qeyd olunub. Ancaq iddia ərizəsində bu barədə heç bir qeyd yoxdur. Eyni zamanda, İnternet Vergi İdarəsində "xxxx" MMC ilə bağlı məlumat aşkarlanmır. İddiaçının bu dövrdə əmək haqqı alıb-almadığı da bəlli deyildir. İddiaçı, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsaslanaraq, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun yaş və staja dair tələblərinin ona şamil edilməli olduğu qənaətindədir. Ancaq nəzər almaq lazımdır ki, İddiaçının güzəştli olduğunu iddia etdiyi peşə “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) və (b) bəndlərində öz əksini tapmayıb. İddiaçının tələbinin əsasını “Vətəndaşların pensiya təminatı haqqında” qanunun (e) bəndi təşkil edir. Həmin bəndə görə, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar— Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə-52 yaşına çatdıqda və həmin işlərdə azı 20 ii iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. NK-nın 320 saylı Qərarı ilə yalnız 1 və 2 saylı Siyahılar təsdiqlənməyib. Eyni zamanda, qeyd etdiyimiz (e) bəndinə dair Siyahı da təsdiqlənib. Diqqət edilsin ki, 1 və 2 saylı Siyahılar “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) və (b) bəndlərinə münasibətdə keçərlidir. Digər tərəfdən, 1 və 2 saylı Siyahılarda “Toxuculuq istehsalatı” bölməsində “əyirici” peşəsi nəzərdə tutulmayıb. NK-nın 320 saylı Qərarı ilə təsdiqlənmiş və “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (e) bəndinə dair siyahı belə adlanır: “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”. Həmin Siyahıda “əyirici” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (e) bəndinə əsasən, iddiaçının “əyirici” peşəsində güzəştli iş stajı 20 il olmalıdır. İddiaçının belə bir staja sahib olmadığı aşkardır. Belə ki, iddiaçının özünün təqdim etdiyi arxiv arayışında onun xx.xx.1998-xx.xx.1999-cu illərdə ümumiyyətlə əmək haqqı almadığı qeyd edilib. Digər tərəfdən, iddiaçının 2002-2006-cı illərdə əmək haqqı alması və məcburi dövlət sosial sığorta ayırmaları etməsi barədə heç bir sənəd yoxdur. Halbuki “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin sonuncu abzasına görə, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir”. Fərz edilsə ki, iddiaçı, ümumi və güzəştli iş stajını toplayıb. Bu halda belə, aşağıdakıları nəzərə almaq lazımdır. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 44.400 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 17.416,72 manat təşkil edir. Buna görə də cavabdeh hesab edir ki, İddiaçı "güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1965-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus xx.xx.2011-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə X2 ıv əyrici sexinə əyrici şagirdi qəbul edilmişdir. xx.xx.1984-cü ildə əyrici keçirilmişdir. xx.xx.2016-cı ildə öz xahişi işdən azad edilmişdir. xx.xx.2003cü ildə "xxxx" MMC-də fərdi müqavilə əsasında əyrici qəbul edilmişdir. xx.xx.2007-ci ildə öz xahişi işdən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Mingəçevir şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərinin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 17416,72 manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanların nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının X8 filialı tərəfindən verilən 05 oktyabr 2020-ci il tarixli 200-Asan nömrəli Arayışdan görünür ki, filialda mühafizə olunan arxiv fondu X3 işçilərinin şəxsi vərəqəsində əmək haqqı cədvəllərində Səfərova (Əsədova) Səhərgül İsmayıl qızı qeyd edilmişdir. Səfərova (Əsədova) Səhərgül İsmayıl qızının şəxsi vərəqəsində aşağıdakı kimi qeyd edilmişdir - 16 dekabr 1983-cü il tarixli 564/k saylı əmrinə əsasən xx.xx.1983-cü il tarixdən İV əyrici sexinə əyrici şagirdi qəbul edilmişdir; - 13 iyul 1984-cü il tarixli 244/k saylı əmrinə əsasən xx.xx.1984-cü il tarixdən əyrici; - 11 yanvar 2016-cı il tarixli 2/kş saylı əmrinə əsasən xx.xx.2016-cı il tarixdən işdən azad edilmişdir F.№ 192, siy. № 8, sax/vah. № 684, vərəq № 23. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının X8 filialı tərəfindən verilən Arxiv Arayışında qeyd edilir ki, filialda mühafizə olunan arxiv fondu Toxuculuq Kombinatının şəxsi heyət üzrə əmir kitablarında və əmək haqqı cədvəllərində X5 qeyd edilmişdir. Kombinatın 16 dekabr 1983-cü il tarixli 564/k saylı əmrinə əsasən X6 xx.xx.1983-cü il tarixdən əyrici sexinə əyrici şagirdi kimi qəbul edilmişdir. (F.№ 192, siy. № 8, sax/vah. № 247, vərəq № 481) Kombinatın 13 iyul 1984-cü il tarixli 244/k saylı əmrinə əsasən əyrici şagirdi X5 xx.xx.1984-cü il tarixdən 5 dərərəcli əyrici keçirilmişdir. (F.№ 192, siy. № 8, sax/vah. № 259, vərəq № 206) Kombinatın 24 mart 1993-cü il tarixli 72/kş saylı əmrinə əsasən əyrici X5 xx.xx.1994-cü il tarixdən üç illik analıq məzuniyyətində hesab edilmişdir. (F.№ 192, siy. № 8, sax/vah. № 404, vərəq № 45) Kombinatın 13 avqust 1998-ci il tarixli 194/kş saylı əmrinə əsasən əyrici X5 9/04-98-ci il tarixdən 3 illik analıq məzuniyyətində hesab edilmişdir. (F.№ 192, siy. № 8, sax/vah. № 558, vərəq № 41) Kombinatın 03 avqust 2003cü il tarixli 23 saylı əmrinə əsasən Müəssisənin İstehsal fəaliyyətinin dayanması və maliyyə imkansızlığı nəticəsində işçilərin ödənişsiz məzuniyyətə buraxılmaları ilə əlaqədar xx.xx.2003-cü il tarixli 20 saylı əmrə əlavə olaraq əmr edirəm: xx.xx.2003-cü il tarixli 20 saylı ödənişsiz məzuniyyət haqqında əmrin müddəti xx.xx.2003-cü il tarixdən qeyri müəyyən vaxtadək uzadılsın. (F.№ 192, siy. № 8, sax/vah. № 656, vərəq № 42) Kombinatın 15 yanvar 2016-cı il tarixli 2/kş saylı əmrinə əsasən əyrici X5 xx.xx.2016-cı il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. (F.№ 192, siy. № 8, sax/vah. № 683, vərəq № 2) Kombinatın 1-ci Əyrici sexinin 1996, 2003-2016-cı illərin əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Eyni zamanda bildirilmişdir ki, 2003-2007-ci illərin şəxsi heyət üzrə əmr kitablarında adı qeyd edilməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin iddiaçının əmək stajı 20 ildən az olduğundan və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının fərdi sığorta hesabında toplanılmış pensiya kapitalının pensiya təminatına imkan verib-vermədiyi müəyyən olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunvericiliyin tələbi baxımından 55 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar—Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə 50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il güzəştli iş stajının mövcud olması. 2) İddiaçının 52 yaşının tamam olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan Qanunun tələbi mövcud münasibətlərə tətbiq edilməklə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixə qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının toplayıb-toplamadığı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilə qədər 20 il güzəştli iş stajı mövcud olmamışdır. İddiaçının əmək kitabçasında əks olunan qeydlər bir-digərinə ziddiyət təşkil etmişdir. Belə ki, təqdim olunan arxiv arayışında iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək X2 “əyirici” peşəsində çalışdığını qeyd edilsə də, lakin iddaçıya məxsus əmək kitabçasında işə daxil olduğu tarixdə deyil, xx.xx.2011-ci ildə latın qrafikası ilə doldurulduğu, o cümlədən əmək kitabçanın 2-ci səhifəsində iddiaçının xx.xx.2016-cı ildə "xxxx" ASC ilə bağladığı əmək müqaviləsinə xitam verildiyi qeyd edilmiş, 4-cü səhifəsində isə iddiaçının xx.xx.2003xx.xx.2007-ci illərdə "xxxx" MMC-də əyirici kimi işləməsi barədə qeydlər öz əksini tapmışdır. Odur ki, məhkəmədə iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğunu qeyd edərək sübut kimi qiymtləndirilmədiyi qənaətində olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan müəssisələrdə istinad olunan illər ərzində işləməsini təsdiq edən əsaslı sübutlar, o cümlədən mötəbərliyi şübhə doğurmayan müvafiq arayışlar nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən, cavabdehin imtinasında qeyd etdiyi dəlillər əsaslı olmuşdur. Məhkəmə digər vacib məqamın onda ibarət olduğunu qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan arxiv arayışında iddiaçıya xx.xx.1998-xx.xx.1999-cu illər ərzində əmək haqqı hesablanmadığı, o cümlədən iddiaçının işləmiş olduğu toxuculuq kombinatı müəsssəsinin maliyyə imkansızlığı əsasında 02 avqust 2003-cü il tarixdən işçilərinin qeyri-müəyyən vaxtadək ödənişsiz məzuniyyətə göndərildiyi qeyd olunmuşdur. Belə olan halda iddiaçıya həmin illər ərzində əmək haqqı ödənilmədiyindən və buna müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı tutulmadığından “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin tələbi baxımından həmin illər sosial əmək stajına daxil edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısının Toxuculuq istehsalı bölməsinin əyiricilər peşəsinə uyğun olsa da, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qüvvədə olan qanunvericiliyin tələblərini mövcud münasibətə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşı qadınlar üçün 1 iyul 2020 – 30 iyun 2021 illər üçün (61 il 6 ay yaş) tamam olur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 44.640 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 61.6 yaş – 55 yaş = 6,6 x 12 = 79,2 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 223,2 ay x 200 manat (minimum pensiya məbləği) = 44.640 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 44.640 manat təşkil etməli olduğu təqdirdə, onun qeydə alınmış pensiya kapitalı cəmi 17.416,72 manat təşkil etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən 3 şərtdən (yaş, staj və zəruri pensiya kapitalı) biri - zəruri sığorta kapitalının olması hissəsində də ödənilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan Qanunun tələbi mövcud münasibətlərə tətbiq edilməklə müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2017-ci il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan lazımi pensiya kapitalını toplamadığı əsası ilə məhkəmə tərəfindən ona 55 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbinin dəqiqləşdirilməsi təklif edilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin “Əmək pensiyaları haqqında” Qanunvericiliyinin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək pensiyasının minimum fərdi sığorta hesabı üzrə pensiya kapitalının artırılması məqsədilə xüsusi hesab vasitəsilə əlavə vəsaiti ödəmək hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar