Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-808/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyaya qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyaya qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək ailə üzvlərinin sayına uyğun olaraq dövlət vəsaiti hesabına mənzil ilə təmin edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilərək ailə üzvlərinin sayına uyğun olaraq dövlət vəsaiti hesabına mənzilin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin əsl cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiya ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qaydasında qəbul etdiyi qərardadla əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əsl cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiya ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “2-ci dərəcəli kapitan” rütbəli ehtiyatda olan zabitidir. 1994-2016-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2016-ci il tarixində Müdafiə Nazirinin müvafiq əmri ilə, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin V bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Ordusunda 20 (iyirmi) ildən artıq olaraq qüsursuz xidmət keçmişdir, Azərbaycan Respublikası Prezidentinin adından verilməklə Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə təltif edilmişdir, ailə tərkibi 5 (beş) nəfərdən ibarətdir, 3 (üç) övladı (2 qız, 1 oğlan) vardır. Müdafiə Nazirliyi tərəfindən 2001-ci ildə ona ünvan 1 ünvanında yerləşmiş və yaşayış sahəsi 20,7 kv.metr olmuş 1 (bir) otaqlı mənzili verilmişdir, Nazirliyin icazəsi ilə həmin yaşayış sahəsini özəlləşdirərək maddi sıxıntılar səbəbindən satmışdır. Hal-hazırda ünvan 2 ünvanında 5(beş) nəfərlik ailə üzvləri ilə birlikdə 1 (bir otaqlı) mənzildə yaşayır. Mövcud qanunvericiliyə əsasən dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciətlər etmişdir. Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2023-cı il tarixli 5758 nömrəli məktubda adının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə cənab Prezidentin Fərmanı ilə yaradılmış Komissiyaya təqdim olunduğu bildirilmişdir. Cavabdeh Maliyyə Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-23/378/2024 nömrəli cavab məktubunda qeyd olunur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyaya əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə verilmiş mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması həvalə olunmamışdır” Cavabdehin etirazları: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia ərizəsindən və işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən mənzil verilmişdir, lakin sonradan iddiaçı həmin mənzili özəlləşdirrərək satmışdır. Həmçinin iddiadan görünür ki, iddiaçı hazırda yuxarıda sözügedən evin 69 nömrəli mənzilində yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2022-ci il 29 mart tarixli 243 nömrəli məktubu ilə Komissiyanın növbəti iclasında baxılması və müvafiq qərar qəbul edilməsi üçün əvvəllər Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunmuş və mənzil şəraitinin yaxşılaşdırılması üçün Müdafiə Nazirliyində yaradılmış Komissiyaya müraciət etmiş Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların (o cümlədən İddiaçı) adlı siyahısı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsi ilə yaradılmış Komissiyaya təqdim edilmişdir. Həmin siyahıda ehtiyatda olan hərbi qulluqçu İddiaçı Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanında 1 otaqlı mənzillə təmin edilməsi qeyd edilmişdir. Məlum olduğu kimi, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması isə sözügedən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyaya həvalə olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq: Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Ehtiyatda olan 2-ci dərəcəli kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondundan ünvan 4 ünvanında yaşayış sahəsilə təmin olunduğundan, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunması adı çəkilən Fərmanın təsiri xaricindədir. İşin faktiki hallarından görünür ki, İddiaçı daha əvvəl mənzil növbəsində olmuş, 2 nəfər ailə tərkibinə görə 1 otaqlı (yaşayış sahəsi 20,7 kv.m) mənzillə təmin edilmişdir. Sonra cavabdehə müraciət edərək, ailə tərkibinin hazırda 5 nəfərdən ibarət olduğunu bildirmiş və mənzilin ailə tərkibinə uyğun dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərman Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı 2001-ci ildə 2 nəfər ailə tərkibinə görə Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 1 otaqlı (yaşayış sahəsi 20,7 kv.m) mənzil verilmişdir, lakin sonradan iddiaçı həmin mənzili özəlləşdirrərək satmışdır.Sonra cavabdehə müraciət edərək, ailə tərkibinin hazırda 5 nəfərdən ibarət olduğunu bildirmiş və mənzilin ailə tərkibinə uyğun dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Əvvəllər Müdafiə Nazirliyi tərəfindən şəxsi mülkiyyətinə mənzil verilmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması isə sözügedən Fərmanın 2-ci hissəsi ilə yaradılmış Komissiyaya həvalə olunmamışdır. Fərmanda birbaşa nəzərdə tutulmadığı halda ona istinad edərək əlavə imtiyazların tələb edilməsi, yəni normativ hüquqi aktın genişləndirici şərh verilməsi yolverilməzdir. Həmçinin məhkəmə iddiaçının ailə üzvlərinin sayı sonradan artdığından, ona uyğun olaraq mənzillə təmin olunma dəlili ilə bağlı qeyd edir ki, iddiaçının ailə üzvlərinin sayında və ya onun sosial statusunda hər hansı dəyişikliyin baş verməsi yeni məhkəmə mübahisələrinin yaranmasına əsas verə bilməz. Belə ki, qeyd edilən hallar baş verdikdə və ya hər dəfə qanunvericiliyə dəyişiklik edildikdə yeni mübahisə yaranacaqdır və bu hal da sonsuz məhkəmə proseslərinə rəvac verəcəkdir. Belə olan halda hüquqda müəyyənlik prinsipi öz əhəmiyyətini itirmiş olacaqdır. Hüquqi müəyyənlik, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyaya qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyaya qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-808/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-808/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver