Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8082/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X10, X7, X11, X15) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X5, X3, X6 və X8 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəh., Sabunçu ray., Sabunçu qəsəbəsi, Caparidze küçəsi, ev 1, 11 saylı mənzili iddiaçı X1 adına xx.xx.1994-cü ildə mülkiyyət hüququ tanınmışdır. ünvan 2 saylı mənzildə iddiaçı və ailəsi yaşayır. Bildirir ki, üçüncü şəxslər iddiaçının oğlunun dostlarıdır. Müvəqqəti olaraq iddiaçının evinə qeydiyyata düşməyi xahiş etmişdilər. İddiaçı da oğlunun xətrinə onları müvəqqəti olaraq evinə pasport qeydiyyatına salınmalarına razılıq vermişdir. Bu yaxınlarda MKİS-nə müraciət edərək, mənzilindən həmin şəxslərin qeydiyyyatdan çıxdığına əmin olmaq istəmişdir. Lakin iddiaçıya şifahi olaraq bildirdilər ki, X10, X7, X12 və X15 hələ də iddiaçının mənzilində pasport qeydiyyatındadır. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər oğlunun dostlarıdır və həmin şəxslər qeydiyyatda olduqları ünvan 2 ünvanında yaşamırlar. Həmin şəxslər heç vaxt iddiaçıya məxsus evdə yaşamayıblar. Lakin bütün bunlara baxmayaraq indiyə kimi mənzildə pasport qeydiyyatındadırlar. Mənzilin bütün komunal xərclərini iddiaçı ödəyir. Həmin şəxslərin iddiaçının evində qeydiyyatda qalmağı iddiaçıya maddi cəhətdən ziyan vurduğundan əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də X18 ğlu, X7, X11 və X15 iddiaçıya məxsus evdən istifadə hüquqlarını itirilməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edildiyi kimi icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edir. AR Mənzil Məcəlləsinin 61-cı maddəsinə əsasən istifadə hüququ müvəqqəti başqa yerə getmiş ətandaş üçün saxlanılan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır. AR Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onun getdiyi və ya köçdüyü gündən pozulmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi, sahib olmaq, ondan istifadə etmək və sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bakı şəhər Sabunçu Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə X13, X7, X11, X8 qeydiyyatdan çıxanlması üçün ərizə ilə müraciət etmişdir. Lakin imtina ediblər. Orada iddiaçı onlara X5, X6, X3, X8 qeydiyyatdan çıxarılmasının Bakı şəhər Sabunçu Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin vəzifəsi olduğunu bildirsə də, iddiaçıya bunun onların səlahiyyətində olmadığını bildirdilər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinin tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatdan çıxarılması şəxsin öz razılığı əsasında, əks halda məhkəmənin qərarı əsasında həyata keçirilir. Odur ki, onları mənzilinizdən qeydiyyatdan çıxartmaq üçün İnzıbati Məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “X5, X3, X6 və X8 Sizə məxsus olan ünvandan pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati Məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət etməyiniz məqsədə müvafiq hesab edilir”.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “sorğuda qeyd olunan şəxslərin (X5, X3, X6 və X8) sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Caparidze küçəsi, ev 1, 11 saylı mənzil Davudova (İsmayılova) Təzəgül Aydın qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir”.
5. Cavabdeh Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
10. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X7, X11 və X15 İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdur.
13. Bakı şəhər icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cü il tarixində verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Caparidze küçəsi, ev 1, 11 saylı mənzil Davudova (İsmayılova) Təzəgül Aydın qızının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
14. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-ci il tarixli arayışından görünür ki, X10 (xx.xx.1990-cı il təvəllüdlü); X7 (xx.xx.1989-cu il təvəllüdlü), X11 (xx.xx.1992-ci il təvəllüdlü), X15 (xx.xx.2020-ci il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 35 saylı məktubunda qeyd olunmuşdur ki, “69 saylı MKİS-in balansında olan Sabunçu qəsəbəsi, Caparidze küçəsi, ev 1, mənzil 11 ünvanında X10, X7, X11, X15 qeydiyyatda olsalar da, Sabunçu qəsəbəsi, Caparidze küçəsi, ev 1, mənzil 11 ünvanda yaşamırlar”.
IV. Məhkəmənin mövqeyi
16. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçı ilə yaxın qohumluq əlaqələri yoxdur (ailə üzvü deyil), istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və X2 və X4 ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X5, X3, X6 və X8 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva