Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8085/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbinə dəqiqləşmə verərək X1 cavabdehlikdən çıxarılaraq üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmişdir. İddia tələbinə dəqiqləşmə barədə ərizə icraata qəbul edilmiş, X2 cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxslə nikaha daxil olaraq ailə qurmuşdur. Daha sonra 16 mart 2020-ci il tarixli məhkəmə qətnaməsi əsasında tərəflər arasında olan nikah pozulmuşdur. Üçüncü şəxs onunla ailə qurduqdan sonra mənzilə qeydiyyata düşmüş, lakin nikah pozulduqdan sonra mənzili tərk etmişdir. O, hal-hazırda onun ailə üzvü hesab edilmir, təklif etsə də mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir. Polis orqanı da həmin şəxsin qeydiyyatdan çıxarılmasını təmin etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən hazırda istifadə hüququnun olmaması (heç bir zaman istifadə hüququnun mövcud olmaması və ya əvvəllər mövcud olmuş, hazırda istifadə hüququnun itirilərək mövcud olmaması) münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında ailə münasibətləri nikah rəsmi qaydada qeydə alınmamışdan qabaq 2004-cü il tarixdə mövcud olmuş, 18 noyabr 2004cü il noyabr ayında övladları N.Qasımlı anadan olmuş, rəsmi olaraq nikah 09.03.2005-ci il tarixdə qeydə alınmış, məhkəməyə nikahın pozulması barədə üçüncü şəxs tərəfindən verilmiş iddia üzrə 27.01.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən nikahın pozulması barədə yekun qərar qəbul edilmişdir. Həmçinin, nikahın pozulması haqqında 01.05.2021-ci il tarixli şəhadətnamə verilmişdir. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxs mülkiyyətçi iddiaçının keçmiş ailə üzvüdür. Mənzil isə iddiaçının atası mərhum X4 məxsus olmuş, miras əmlak payının bağışlanması müqaviləsinə əsasən iddiaçının anası və qardaşı tərəfindən iddiaçıya bağışlanılmışdır. Qanun üzrə vərəsəlik şəhadətnaməsindən isə müəyyən edilir ki, həmin əmlaka qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ 2002-ci il tarixdə mərhum X3 adına tanınmışdır. Fərdi kartoçkadan isə görünür ki, üçüncü şəxs həmin qeydiyyat vəsiqəsi, o cümlədən nikah haqqında şəhadətnamə əsasında yaşayış sahəsi üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxsin ailə münasibətləri yarandığı 2004-cü il tarixdə mərhum qayınatası M.Qasımovun ailə üzvü hesab edilərək mənzilə istifadə hüququna malik olması, həmçinin 2013-cü il tarixdə bağışlanan həmin əmlak barəsində üçüncü şəxsin həmin vaxt əri iddiaçı ilə nikahda olması ilə əlaqədar mənzilə istifadə hüququna malik olmasına münasibətdə ayrı-ayrılıqda qiymətləndirmə aparılması zərurəti yaranmışdır. Üçüncü şəxsin mərhum keçmiş mülkiyyətçi Müslüm Qasımovun ailə üzvü hesab edilib-edilməməsi, dolayısı ilə həmin mənzilə həmin şəxsin gəlini kimi istifadə hüququnun olub-olmaması ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında ailə münasibətləri 2001-ci il sentyabr 1-dən sonra yarandığından keçmiş mülkiyyətçi M.Qasımovla gəlini olan üçüncü şəxs arasında yaranan münasibətlərin istifadə hüququnun mövcud olub-olmamasına təsiri baxımından Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Müraciətə görə isə MM-in 228.5-ci maddəsində əks olunan bu müddəanın, yəni «mülkiyyətçinin razılığı»nın təcrübədə müxtəlif təfsirinə, o cümlədən mülkiyyətçi tərəfindən digər şəxslərin köçürülməsinə etirazın edilməməsinin faktiki razılıq kimi qəbul edilməsinə rast gəlinir. MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Göründüyü kimi mülkiyyətçinin ailə üzvləri kimi əri, arvadı, valideynləri, uşaqlar nəzərdə tutulmuşdur ki, üçüncü şəxs keçmiş mülkiyyətçinin övladı olan iddiaçının ailə üzvü kimi iddiaçının arvadıdır. Üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququ o, keçmiş mülkiyyətçinin ailə üzvü olmadığından mülkiyyətçinin yazılı razılığından asılı edilmişdir ki, bu zaman qeydiyyata alınma barədə razılıq yazılı razılıq hesab edilmir. Belə ki, yazılı razılıq dedikdə 3 şərtə əməl olunması tələb olunur ki, həmin şərtlərin heç birinə əməl edilməmişdir. Belə ki, mülkiyyətçi ilə yazılı razılaşma bağlanılmamış, həmin razılaşma notariat qaydasında təsdiq edilməmiş və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadıqlarını bir daha təsdiq edir. Belə ki, həmin məktubdan da görünür ki, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququ qeydiyyata alınmamışdır. Göründüyü kimi 2001-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış yaşayış sahəsinə istifadə hüququ ilə bağlı yaranmış münasibətlər üzrə mülki qanunvericiliyin tələblərinə əsasən 2004-cü il tarixdə mülkiyyətçi olmuş M.Qasımovun gəlini üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququna ümumiyyətlə malik olmadığı müəyyən edilmişdir. Üçüncü şəxsin iddiaçının keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnun olub-olmamasına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər iddiaçı və üçüncü şəxs arasında ailə münasibətləri 2004-cü il tarixdə yaransa da yaşayış sahəsi iddiaçıya vərəsəlik qaydasında 2013-cü il tarixdə keçdiyindən, mülkiyyət hüququnun yarandığı həmin tarixdə mülkiyyətçi kimi iddiaçının mülkiyyətində olmuş yaşayış sahəsinə üçüncü şəxsin istifadə hüququnun mövcud olub-olmaması Mülki Məcəllə ilə yox Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarından da görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə hər nə qədər, ailə münasibətləri 2004-cü il tarixdə yaransa da, burada istifadə hüququ ilə bağlı yaranan münasibətlər dedikdə, yaşayış sahəsinə istifadə hüququ ilə bağlı yaranan yeni münasibətlərdən söz gedir. Belə ki, mülkiyyətçi dəyişərək atadan oğula keçmiş, bu zaman vərəsəlik qaydasında keçən yaşayış sahəsinə dair yeni mülkiyyətçinin ailə üzvünün istifadə hüququna dair yeni növ münasibət yaranmışdır ki, keçmiş mülkiyyətçiyə məxsus yaşayış sahəsinə istifadə hüququ olmamış gəlin ailə üzvü kimi əri olan iddiaçının mülkiyyətinə keçən yaşayış sahəsində iddiaçı ilə birgə ailə təsərrüfatı aparmasından yaranan istifadə hüququna yiyələnmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq həmin yaşayış sahəsi üçüncü şəxs və iddiaçının birgə mülkiyyəti hesab edilməsə də üçüncü şəxsin həmin yaşayış sahəsində birgə təsərrüfat aparmaq, istifadə hüququ olmuşdur ki, bu zaman yeni münasibətlərin yaranması zamanı qüvvədə olan qanunvericilik, yəni 2013-cü il tarixdə tətbiq edilməli olan mənzil qanunvericiliyi əsas götürülməlidir. Halbuki, Mülki Məcəllənin 228.5-ci maddənin məzmununa əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Ümümiyyətlə qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaların tələblərindən göründüyü kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülkiyyətçinin ailə üzvlərinin sırasına isə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, həmçinin mülkiyyətçi tərəfındən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar, himayəsində olan əmək qabiliyyəti olmayanlar daxil edilmişlər. Üçüncü şəxs isə qeydiyyatda olduğu evin mülkiyyətçinin keçmiş ailə üzvü olmaqla, Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən o, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına artıq aid edilmir. Belə ki, yuxarıda adıçəkilən Məcəllənin 30.4-cü maddəsində də qeyd edildiyi kimi yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ itirilir. Göründüyü kimi həm Mülki Məcəllə, həm də Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmış dəyərləndirmə nəticəsində müəyyən edilmişdir ki, üçüncü şəxs Mülki Məcəllənin tələbləri baxımından 2013-cü ilə qədər ümumiyyətlə istifadə hüququ olmayan şəxs hesab edilmiş, miras əmlakın bağışlanması ilə iddiaçının mülkiyyətinə mənzilin keçdiyi həmin tarixdən isə iddiaçı ilə ailə münasibətlərində olduğu müddət ərzində istifadə hüququ mövcud olan şəxs olmuş, lakin ailə münasibətlərinə xitam verilməsi səbəbindən qeydiyyatdan çıxarılması tələb olunan yaşayış sahəsinə münasibətdə onun istifadə hüququ itirilmişdir. Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarının tələblərinə uyğun olaraq üçüncü şəxsin istifadə hüququnun hal-hazırda mövcud olmadığı müəyyən edilmişdir ki, qərarda da qeyd edildiyi kimi istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilmədiyindən, istifadə hüququ mövcud olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaya münasibətdə inzibati məhkəmə səlahiyyətli məhkəmə kimi iddianın təmin edilməsi barədə nəticəni qanuni və əsaslı hesab edir. Budan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Eyni zamanda qeyd edilməlidir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərildiyi kimi şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-8085/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8085/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver