Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-809/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, üçüncü şəxs “xxxx” mənzil tikinti kooperativinin nümayəndəsi X3, üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “xxxx” mənzil tikinti kooperativi və X13 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qaraja dair çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı qaraja dair çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən əri X2 məxsus qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən əri X2 məxsus qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) mərhum əri X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair arayış (çıxarış) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən “xxxx” mənzil tikinti kooperativinə məxsus yaşayış binasına aid olan 19 saylı mənzil və 3 nömrəli daş qaraj əri X2 məxsus olmuş, o, xx xxxx 1999-cu il tarixində ölmüşdür. Adı çəkilən mənzili o, sağlığında qardaşı oğluna bağışlamış, sonuncu da öz növbəsində qızı X10 bağışlamış, hazırda bu mənzil İ.A.Əliyevanın mülkiyyətindədir. Lakin, 3 saylı daş qaraj mülkiyyətə keçməmişdir. X5 vəfat etdiyindən onun vərəsəsi kimi Bakı şəhəri, 3 saylı “Asan-Xidmət” Mərkəzinin notariat ofisinə müraciət olunmuş və orada vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı “Asan-Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən 2194 saylı xx xxxxxx 2019-cu il tarixli məktubla DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (3 saylı daş qaraj) dair hüquqmüəyyənedici sənədin–çıxarış, texniki pasport, arayış (forma-1) verilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq, notariat ofisinin 2194 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlər də göndərilməklə, mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış, texniki pasport, arayış (forma-1) verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən adı çəkilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, sonradan xx.xx.2020-ci il tarixli **********67 saylı məktubla müraciətin təmin olunmasından imtina olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən beş mərtəbədən ibarət yaşayış binasına 1962-ci ilin yanvar ayında Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə torpaq sahəsi ayrılaraq, tikintinin pasportu təsdiq edilmiş, torpaq sahəsinin ayrılması aktı tərtib edilmiş və cizgi layihəsi təsdiq edilmişdir. “xxxx” MTK-nın payçılarının təsdiq edlmiş siyahısından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən 3-cü blok, 2-ci mərtəbə, 3 otaqdan ibarət 19 saylı mənzil əri X2 ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2018-ci il tarixli Ə-308 saylı məktubu ilə verilmiş Oktyabr rayon XDS-nin İcraiyyə Komitəsinin 44 saylı xx xxx 1984-cü il tarixli qərarı ilə “xxxx” MTK-nın payçılarına binanın kürsülü mərtəbəsində 15 qaraj bölüşdürülərək verilmişdir. Bundan əlavə Oktyabr rayon XDS İcraiyyə Komitəsinin məktubu ilə F.M.Ələskərliyə qeyd olunan ünvanda Oktyabr rayon XDS-nin İcraiyyə Komitəsinin 44 saylı xx xxx 1984-cü il tarixli qərarına uyğun olaraq fərdi avtomaşının saxlanılması üçün inventar nömrəsi 3 olan qarajın ayrılması bildirilmişdir. “xxxx” MTK-nın İdarə heyətinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə “xxxx” MTK-nın İnşaatçılar prospekti 12/26 saylı ünvanda kooperativ yaşayış binasına aid olan 3 nömrəli qaraj əri F.M.Ələskərli öldüyü üçün onun adına qeydə alınmışdır. “xxxx” MTK-nın verdiyi xx xxxxxx 2020-ci il tarixli 02/01 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Ysmal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən kooperativ yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binaya məxsus olan 3 nömrəli daş qarajın pay dəyəri F.Ələskərli tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin “xxxx” mənzil tikinti kooperativi və X13 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi **********48 №li xx.xx.2020-ci il tarixli etirazda göstərmişdir ki, iddiaçının qeyd olunan tələbi ilə bağlı xx.xx.2020-ci il tarixdə İdarəyə müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədi, qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbənin Bakı şəhəri İH tərəfindən razılaşdırılmış planı və pay haqqının tam ödənilməsi barədə arayış ərizəyə əlavə olunmamışdır. Həmçinin qeyri-yaşayış sahəsinin dövlət əmlakı olubolmamasına dair aidiyyati təşkilata (Əmlak Məsələləri Dövlət Xidməti) sorğu göndərilmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********67 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunan sorğuya dair xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsi dövlət əmlakıdır. Cavadeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. İddiaçı vəkili Vəkil cavabdehin imtinasının qanunsuz olduğunun nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” mənzil tikinti kooperativinin nümayəndəsi X7 izahatında göstərdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) təhkim olunduğu ünvan 4 ünvanında olan, 19 saylı mənzil iddiaçının mərhum əri X2 məxsus olmuşdur. “xxxx” MTK-nın İdarə heyətinin xx xxxxxx 2018-ci il tarixli 2/2 №li qərarı ilə həmin qarajın əri X6 öldüyü üçün İddiaçı adına qeydə alınması qərara alınmışdır. Üçüncü şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X13 izahatında göstərdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) təhkim olunduğu ünvan 4 ünvanında olan, 19 saylı mənzil atası X12 tərəfindən ona bağışlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”a əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə onun adına qeydə alınmışdır. Ücünçü şəxs mübahisəli daş qarajın İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına etiraz etmədiyinin nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1940-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2018-ci il tarixli Ə-308 saylı məktubla iddiaçıya göndərilmiş keçmiş Oktyabr rayon XDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə xx.xx.1984-cü il tarixli 44 saylı qərarından müəyyən olunur ki, qeyd olunan qərarla “xxxx” MTK-ya binanın kürsülü mərtəbəsində yerləşən 15 qarajın kooperativ üzvləri arasında bölüşdürülməsi məsələsinə yenidən baxılmasına icazə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş ünvan 4 ünvanında olan, 19 saylı mənzillə bağlı sənədlərdən müəyyən olunur ki, X12 (ünvan 5) ilə X6 (ünvan 4, mənzil 19) arasında xx.xx.1998-ci il tarixdə mənzillərin dəyişdirilməsi barədə müqavilə bağlanmışdılr. X12 ilə X13 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, A.T.Ələskərli tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 4 ünvanında yerləşən 19 saylı mənzili İ.A.Əliyevaya bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”ın və texniki pasportun surətlərindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən iddiaçının mərhum əri X2 məxsus olmuş qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) təhkim olunduğu ünvan 4 ünvanında olan, 19 saylı mənzilə dair X8 adına xx.xx.2018-ci il tarixdə əmlakın **********90-05301-093025 reyestr nömrəli texniki pasportu tərtib olunmuş və həmin mənzil xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. “xxxx” MTK-nın İdarə heyətinin xx xxxxxx 2018-ci il tarixli iclasının 2 saylı protokolundan çıxarışdan müəyyən olunmuşdur ki, Heyətin 2/2 №li qərarı ilə “xxxx” MTKnın İnşatçılar prospekti, 12/26 saylı kooperativ yaşayış binasına aid olan 3 nömrəli qarajın əri X6 öldüyü üçün İddiaçı adına qeydə alınması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mübahisəli daş qaraja dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona mübahisəli daş qaraja dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli daş qarajın təhkim olunduğu mənzil iddiaçının mərhum əri tərəfindən sağ ikən (1998-ci ildə) başqa bir şəxsin adına özgəninkiləşdirildiyindən, hazırki iş üzrə İddiaçı həmin qaraja dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir ki, qarajlar həmin əmlaklara aid edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs-inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “xxxx” mənzil tikinti kooperativi və X13 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qaraja dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-809/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-809/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver