Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-809/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 63.5 yaşının tamam olduğu vaxtdan (xx.xx.2023-cü il tarixindən) xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon X3 adına kolxozda çalışdığı illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixədək fabrikində toxucu vəzifəsi üzrə, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Cəbrayıl Xalçaçılıq müəssisəsində xalçaçı vəzifəsi üzrə çalışmışdır. Daha sonra xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon X3 adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1997-ci ildək yenidən Cəbrayıl Xalçaçılıq müəssisəsində xalçaçı vəzifəsi üzrə çalışmışdır. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xadimə vəzifəsi üzrə, xx.xx.2008-ci ildən xx.xx.2018-ci ildək xadimə vəzifəsi üzrə yenidən Abdulla Şaiq adma Azərbaycan Dövlət Kukla Teatrında işləmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi iddiaçı uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, qanunla müəyyən olunmuş qaydada əmək stajını tamamlamış, yaşa görə əmək pensiyasının müəyyən olunması üçün tələb olunan yaş həddinə çatmışdır. Belə olduğu təqdirdə o, qanunla müəyyən olunmuş qaydada yaşa görə əmək pensiyası hüququndan istifadə etmək üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixində 3-17-1/2-A-5999/2024 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Həmin imtina məktubunda xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla ümumi sığorta stajının guya 23 il 11 ay 19 gün təşkil etdiyi, qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalının toplanmadığı, həmçinin xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon X3 adma kalxozda çalışdığım illər doldurulma qaydasının pozulmasına görə nəzərə alınmadığı göstərilmişdir. Lakin iddiaçının stajı yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə ki, cavbdeh orqanın ümumi sığorta sajına daxil etmədiyi xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon X3 adına kolxozda çalışdığı illər ona məxsus əmək kitabçasında öz əksini tapmış, iddiaçı qanunla müəyyən edilmiş qaydada sözügedən kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, onun doldurulma qaydası və s. Ondan asılı olan bir hal olmadığından cavabdehin belə bir qanunsuz əsasla ona hüququ olan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Diqqətə çatdırılır ki, o, 25 ildən artıq müddətə çalışmış, buna görə də yaşa görə əmək pensiyası almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, təqdim olunan əmək kitabçasının, attestatın və təhsil haqqında diplomunun surətlərinə əsasən ümumi sığorta stajı (01,09.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək və 01,09.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla) 23 il 11 ay 19 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 4 ay 19 gün sığorta stajına uyğun olaraq 12397,68 manat, 01.01,2006-cı il tarixindən 01,04.2018-ci il tarixinədək 6191,29 manat olmaqla ümumilikdə 18588,97 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş Cəbrayıl rayon S.Vurğun adına kolxozda xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (düzəlişlər və qaralamalar mövcud olduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassz olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1986-1991-ci il tarixədək Cəbrayıl rayon S.Vurğun adına kolxozda işləmişdir. Həmin dövrlər üçün minimum iş günləri 210-230 gün olmuş, iddiaçı 1985-ci ildə 365, 1986-cı ildə 360, 1987-ci ildə 360, 1988-ci ildə 365, 1989-cu ildə 365 gün, 1990-cı ildə 360, 1991-ci ildə 365 gün işləmişdir. - ИТ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1979cu il tarixlərdə təhsil almış, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə toxucu; xx.xx.1982xx.xx.1984-cü il tarixlərdə Cəbrayıl Xalçaçılıq müəssisəsində xalçaçı; xx.xx.1992xx.xx.1997-ci il tarixlərdə Cəbrayıl Xalçaçılıq müəssisəsində xalçaçı; xx.xx.2006xx.xx.2007-ci il tarixlərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xadimə; xx.xx.2008-xx.xx.2018-ci ildək xadimə işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq: -Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cəbrayıl rayon xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Səməd Vurğun adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır və S.Vurğun adına kolxoz haqqında Cəbrayıl rayon Dövlət Arxivində məlumat yoxdur. -Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cəbrayıl rayon Dövlət Arxivində mövcud olan kolxozçuların əmək stajı və qazancının uçot kitabında ayrı-ayrılıqda hər bir kolxoz üçün minimum iş günü göstərilmişdir. M.Ə.Rəsulzadə adına kolxozda qadınlar üçün minumum iş günü 200, kişilər üçün 220; K.Məmmədli adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230 iş günü; Araz adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230 iş günü; M.Hüseynzadə adına kolxozda qadınlar üçün 160 iş günü ,kişilər üçün 200 iş günü; Dosluq adına kolxozda qadınlar üçün 160 iş günü ,kişilər üçün 240 iş günü Qeyd: Qonşu rayonlar haqqında Cəbrayıl rayon Dövət Arxivində məlumat yoxdur. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (40320 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 23 il 11 ay 19 gün əmək stajı hesablamış və onun əmək kitabçasında kı qeydlərə əsasən, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl rayon S.Vurğun adına kolxozda işlədiyi müddəti nəzərə almamışdır. Cavabdeh bu qənaətini iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının qanunla tələb olunan pensiya yaşına çatdığı və onun fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadı müəyyən edilir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı qeyd edir ki, hər nə qədər də “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edilsə də, xx.xx.2006cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti diqqətə alındıqda əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Lakin hazırkı halda iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərin həqiqiliyi şübhə doğurur. Belə ki, kitabçada iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Cəbrayıl rayon S.Vurğun adına kolxozda işləməsi ilə bağlı qeydlər aparılsa da, işin araşdırılan halları ilə mübahisəli dövrdə iddiaçının həmin kolxozda işləməsinə dair sübut əldə edilməmiş, iddiaçı tərəfindən də bununla bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyi yalnız düzəlişlərin və qaralamaların olması ilə deyil, eyni zamanda orada göstərilmiş əmək fəaliyyətinin məntiqi əsaslandırılması ilə də qiymətləndirilməlidir. Məlum olduğu kimi, kolxozlarda əmək stajının müəyyənləşdirilməsi zamanı şəxsin işlədiyi dövr təkcə təqvim günləri ilə deyil, müvafiq dövr üzrə müəyyən olunmuş “minimum adam günü” norması ilə müqayisəli şəkildə dəyərləndirilir. Başqa sözlə, əmək stajı yalnız şəxsin bu norma çərçivəsində faktiki fəaliyyət göstərdiyi günlərə əsasən hesablanır. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən və əmək kitabçasında mövcud olan qeydlərdən görünür ki, iddiaçının Cəbrayıl rayonu S.Vurğun adına kolxozda çalışdığı illərə dair rəsmi arxiv sənədləri mövcud olmasa da, əmək kitabçasında bir təqvim ili üzrə müəyyən olunmuş minimum adam günü normasının 220 gün olduğu qeyd edilmişdir. Lakin bu kontekstdə nəzərə alınmalıdır ki, əmək kitabçasında iddiaçının müvafiq illərdə 360 və ya 365 gün fasiləsiz çalışdığı göstərilmişdir ki, bu da normativ yanaşma baxımından həddindən artıq maksimal göstəricidir və real əmək münasibətlərinin olduğuna şübhə doğurur. Bundan əlavə, məhkəmə diqqətə çatdırır ki, təqdim olunmuş əmək kitabçasında onun sonradan doldurulması ehtimalını doğuran hallar müşahidə olunur. Belə ki, əmək kitabçasında qeyd olunan məlumatların bir hissəsi latın qrafikası, digər hissəsi isə kiril qrafikası ilə yazılmışdır ki, bu da sənədin vahid doldurulma qaydasına əməl olunmadığını göstərir. Eyni zamanda, sənədin mətnində dil baxımından yol verilmiş uyğunsuzluqlar, məsələn, “minimum” sözünün “minitut” kimi, “günləri” sözünün isə “ü” hərfi ilə yazılması əmək kitabçasının orijinal və dövrün normativ qaydalarına uyğun şəkildə tərtib olunmadığını göstərən əlamətlərdəndir. Qeyd olunan hallar, yəni qrafikaların qarışıq istifadəsi əmək kitabçasının mötəbərliyinə dair əsaslı şübhələr yaradır. Məhkəmə qeyd edir ki, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə, işin məhkəmə araşdırması zamanı iddiaçının Cəbrayıl rayonu S.Vurğun adına kolxozda əmək fəaliyyətinə dair heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Belə ki, ümumiyyətlə həmin dövrdə dair iddiaçının fəaliyyətini təsdiq edən, əmək kitabçasında olan uyğunsuzluqları təkzib edən hər hansı dəlil mövcud deyil. Belə olan halda əmək kitabçasında iddiaçının Cəbrayıl rayonu S.Vurğun adına kolxozdaki əmək fəaliyyəti müddətinin hansı məlumatlar əsasında doldurulması sual doğurur. Göründüyü kimi, iddiaçının qeyd olunan kolxozda işləməsi təkzibolunmaz sübutlarla təsdiqlənmədiyindən həmin qeydlərin aid olduğu dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-788/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür.” İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov