Məhkəmə qərarları › İş №2-1(112)-8093/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8093/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8093/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi İddiaçı, iddaçının vəkili Vəkil, cavabdehin nümayəndələri X1 və X5 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinə qarşı «avtovağzal kompleksinin pasportunun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinə qarşı «avtovağzal kompleksinin pasportunun verilməsinə icazə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Beyləqan rayonunda fəaliyyət göstərmiş avtovağzal 2000-ci ildə iddiaçıya məxsus olan "xxxx" MMC tərəfindən özəlləşdirilmişdir. AR Nəqliyyat Nazirliyinin Apellyasiya Şurasının 31 oktyabr 2016-cı il tarixli 3/Q-AŞ nömrəli qərarına əsasən qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlər görüldükdən sonra avtovağzal kompleksinə icazə verilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq avtovağzal kompleksi təmir edilmişdir. Bütün bunlara əsasən iddiaçının rəhbərlik etdiyi "xxxx" MMC-yə Beyləqan rayonunda Avtovağzal fəaliyyəti göstərilməsi üçün avtovağzal kompleksinə pasport verilməsinə icazə verilməsi ilə bağlı cavabdeh X3 Xidmətinə müraciət etmişdir. Cavabdeh orqanın 26 may 2021-ci il tarixli 104-0105/62-21 nömrəli imtina cavabı verilmişdir. Lakin sözügedən imtina əsassız hesab edilir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərara alınmışdır. Göstərilənlərə və İPM-in İPM-in 2.2.2, 34-cü maddələrinə əsaslanaraq, "xxxx" MMC-yə Beyləqan rayonunda avtovağzal fəaliyyəti göstərilməsi üçün avtovağzal kompleksinə pasport verilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinin məhkəməyə ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC-nin rəhbəri İddiaçı 17 may 2021-ci il tarixdə X3 Xidmətinə müraciət edərək 2000-ci ildə MMC tərəfindən özəlləşdirilmiş və Beyləqan rayonunda fəaliyyət göstərmiş avtovağzal kompleksinə fəaliyyət göstərməsi üçün pasport verilməsini xahiş etmişdir. Məlumat üçün qeyd olunur ki, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq avtovağzallara (avtostansiyalara) dair tələblər, onların fəaliyyətinin əsasları və xüsusiyyətləri, funksiyaları və vəzifələri, iş rejimi və texnoloji iş prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtovağzal və avtostansiya haqqında Əsasnamə» ilə müəyyən edilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq, avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün X3 Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: hüquqi şəxs üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, avtovağzalın planı, xidməti otaqların planları, minik meydançalarının ümumi planı, avtovağzalın qısa xarakteristikası (2 nömrəli əlavəyə uyğun formada), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. İddiaçı tərəfindən avtovağzala pasport verilməsi üçün müraciət qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, eləcə də digər sənədlər təqdim edilməmişdir. İddiaçıya göndərilmiş cavab məktubunda "xxxx" MMC tərəfindən avtovağzal xidmətinin göstərilməsi üçün avtovağzalın fəaliyyətinin «Avtovağzal və avtostansiya haqqında Əsasnamə»nin tələblərinə uyğun təşkil edilməsi, sərnişinlərə lazımi səviyyədə avtovağzal xidmətlərinin göstərilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq sənədlərin təqdim edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda, "xxxx" MMC tərəfindən sözügedən avtovağzal kompleksi özəlləşdirildikdən sonra təyinatı üzrə istifadə edilməmiş, şadlıq evi kimi fəaliyyət göstərmişdir. 2011-ci il 14 fevral tarixli 16/Ü nömrəli əmrlə təsdiq edilmiş «Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaq doldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirməklə yenidən qurulmasına rəyin verilməsi Qaydası» avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına rəy verilməsi qaydalarını müəyyən edir. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa və adıçəkilən Qaydaya görə ərizəçi rəyin alınması üçün X3 Xidmətinə müraciət etməli, ərizədə hüquqi şəxsin adını və hüquqi ünvanını dəqiq göstərməklə aşağıdakı sənədləri əlavə etməlidir: hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti, ərizədə qeyd olunan obyektə ərizəçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, habelə olduğu təqdirdə müvafiq dövlət orqanları ilə razılaşdırmalarının surətləri və obyekt üzrə digər texniki (eskizlər, sxemlər, çertyojlar) sənədlər. Yuxarıda qeyd olunan Qaydanın 3.4.2-ci yarımbəndinə uyğun olaraq, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması nəqliyyat xidmətləri istehlakçılarının tələbatlarını ödəmək qabiliyyətinə malik olmadıqda, Xidmət rəyin verilməsindən imtina edə bilər. Avtovağzal kompleksinin X3 Xidmətində olan fotoşəkillərinə (məhkəmə iclasında təqdim olunacaqdır) əsasən bildirilir ki, sözügedən avtovağzal kompleksi «Avtovağzal və avtostansiya haqqında Əsasnamə»yə 4 nömrəli əlavə – “Avtovağzalların (avtostansiyaların) kateqoriyalarının müəyyən edilməsi Meyarı”na cavab vermir (əl yüklərinin saxlama kamerası, bufet, tibbi yardım məntəqəsi, sərnişinlərin minməsi və düşməsi üçün perronlar və avtobusun salonunun təmizlənməsi postları yoxdur). Bununla yanaşı qeyd olunur ki, Beyləqan rayonunda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq pasport almış ikinci kateqoriya avtostansiyanın fəaliyyət göstərdiyini və Beyləqan rayonu əhalisinin respublikanın digər rayon və şəhərləri ilə gediş-gəlişinin az olduğunu nəzərə alaraq, Beyləqan rayonu ərazisində avtovağzalın yaradılması məqsədəuyğun hesab olunmur. Göstərilənləri nəzərə alaraq, İddiaçı tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul edilməsi məhkəmədənm xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iş üzrə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh orqanın əməkdaşları ona bu vəziyyətdə olan infrastrukturla müvəqqəti olaraq işləməsinin mümkün olduğunu və gələcəkdə onun yaxşılaşdırılması üzrə işlərin görülməsinin zəruriliyini bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh orqan imtina barədə qərar qəbul etməmiş, iddiaçıya müvafiq tövsiyyə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçıya məxsus əmlak kompleksində infrastruktur aşağı səviyyədədir, gücləndirildiyi halda, ona pasport verilə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1). «Avtomobil nəqliyyatı haqqında» AR Qanununun 7-ci maddəsinə görə avtovağzalda 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəniməişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır (maddə 7.2). Avtostansiyada 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahə, sərnişinlərin minib-düşməsi üçün perron olmalıdır (maddə 7.3). Avtovağzallarda (avtostansiyalarda) aşağıdakı növ xidmətlər göstərilir: gediş sənədlərinin (biletlərin) satışı, sərnişin avtonəqliyyat vasitələrinin gəlməsinin və yola düşməsinin idarə olunması, sərnişin avtonəqliyyat vasitələrinin sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və ləvazimatlarla təchiz olunmasına nəzarət, ticarət və məişət xidmətləri, sərnişinlər və daşıyıcılar tərəfindən avtonəqliyyat vasitəsilə sərnişin və baqaj daşınması qaydalarına riayət olunmasına nəzarət (maddə 7.4). Gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun verilməsinə görə «Dövlət rüsumu haqqında» AR Qanununda müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir (maddə 7.5). Avtovağzalların (avtostansiyaların) göstərdiyi xidmətlərin onlara verilmiş pasporta uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) göstərdiyi xidmətlərin səviyyəsi ona verilmiş pasportda qeyd edilmiş kateqoriyadan aşağı olduqda, müvafiq icra hakimiyyəti orqanı pasportun qüvvəsini dayandıra və ya pasportla müəyyən olunmuş kateqoriyanı aşağı sala bilər (maddə 7.6). Azərbaycan Respublikası Nazirlər Kabinetinn 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtovağzal və avtostansiya haqqqında Əsasnamə»nin 2.2-ci bəndinə görə hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3 Xidmətinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada ərizə təqdim etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: (2.2.1) hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti, (2.2.2) avtovağzalın (avtostansiyanın) planları, (2.2.3) xidməti otaqların planları, (2.2.4) minik meydançalarının ümumi planı, (2.2.5) avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası (bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun formada), (2.2.6) dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan, iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olduğundan, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. İddia müddəti ilə bağlı xüsusata münasibıtdə isə, nəzərə alınmalıdır ki, cavabdehin 26 may 2021-ci il tarixli imtina məktubunun iddiaçıya 2 iyun 2021-ci il tarixdən (iddia ərizəsinin məhkəməyə daxil olmasından 30 gün əvvəlki gün) əvvəl çatdırılması ilə bağlı hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddia müddəti buraxılmış sayıla bilməz. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvercilik normaları şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında avtovağzalların təşkili üçün 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım, polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahənin olması ilə şərtləndirir və həmin infrastrukturda biletlərin satışı, sərnişin avtonəqliyyat vasitələrinin sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və ləvazimatlarla təchiz olunmasına nəzarət, ticarət, və digər xidmətlərin göstərilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarına görə iddiaçıya məxsus əmlak kompleksində yuxarıda qeyd olunan gözləmə zalı, tibbi yardım, baqaj saxlama kamerası, müvafiq otaqlar və s., eləcə də müəyyən xidmətlərin göstərilməsi üçün imkanlar mövcud deyil (bu halı iddiaçı heç bir tutarlı dəlillə təkzib edə bilmir). İş materiallarında olan əmlak kompleksinə dair texniki pasportun surətindən və fotoşəkillərdən məlum olur ki, sözügedən əmlak insfrastrukrtur kimi həmin tələblərə cavab vermir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə avtovağzalın planı, xidməti otaqların planları, minik meydançalarının ümumi planı və müvafiq qaydada tərtib edilmiş avtovağzalın qısa xarakteristikası təqdim edilməmişdir. Hansı ki, «Avtovağzal və avtostansiya haqqqında Əsasnamə»nin 2.2-ci bəndi bunu zəruri sayır. Eləcə də nəzərə alınmalıdır ki, cavabdehin imtina üçün dəlillərindən biri də iddiaçıya məxsus əmlak kompleksinin yerləşdiyi Beyləqan rayonunda avtostansiyanın fəaliyyət göstərdiyi halda, ikinci belə nəqliyyat infrastrukturunun fəaliyyəti üçün zərurətin olmamasıdır. İşin halları üzrə hazırkı məhkəmə icraatında bu zərurətin mövcudluğunun müəyyən edilməsi mümükn olmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinə qarşı «avtovağzal kompleksinin pasportunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinə qarşı «avtovağzal kompleksinin pasportunun verilməsi» tələbinə diar iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar