Məhkəmə qərarları › İş №2-1(112)-8095/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8095/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8095/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kamran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Kamran oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2014-cü ildən bu günədək ona əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada iddiaçının məlum olan ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın subyekt və predmet baxımından mümkünlüyünü qiymətləndirir. Belə ki, iddianın əsaslarına görə iddiaçı 1976-1994-cü ilədək Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində asfaltdöşəyən briqadir işləmiş, 24.06.1993-cü ildə avtoqəza nəticəsində xəsarət almış və ona əlillik dərəcəsi təyin edilmişdir. Əmək xəsarəti alan tarixdən 2014-cü ilin əvvəlinədək ona hər ay zərərvurmadan irəli gələn öhdəliyə görə ödənc ödənilmişdir. Ona məlum olmayan səbəblərdən 2014-cü ildən bəri ödənc ödənilməsi dayandırılmışdır. Bununla bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 23.02.2021-ci il tarixdə müraciət etsə də ərizəsinə heç bir cavab verilməmişdir. Hazırkı iddiasında iddiaçı 2014-cü ildən bu günədək ona əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qoyulmasını mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na görə bu Qaydalar “Azərbaycan Respublikasında 1995 - 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların: -2.1-ci bəndinə görə bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. -5.1-ci bəndinə görə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. -5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. -5.3-cü bəndinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. -5.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. -5.6-cı bəndinə görə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il tarixli 242 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın: -1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. 3-cü bəndinə görə aylıq müavinət almaq istəyən şəxs yaşadığı ərazi üzrə Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə bu Qaydanın əlavəsində göstərilən formada ərizə ilə müraciət edir. 5-ci bəndinə görə Qurumlar aylıq müavinət təyinatı üçün tələb olunan sənədləri qəbul etdikdən sonra 3 iş günü müddətində aylıq müavinət təyin edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi hər iki qayda özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin təyin edilməsi və ödənilməsini tənzimləyir. Hər iki Qayda üzrə aylıq müavinətin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edilir və Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları tərəfindən müavinətlər təyin edilməsi barədə qərar qəbul edilərək ödənilir. Hazırkı iş üzrə iddiaçı əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və hazırkı iddiasında cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qoymuşdur. Halbuki, adıçəkilən Qaydalar üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aylıq ödənclərin verilməsi ilə bağlı birbaşa səlahiyyəti müəyyən edilməmişdir. Hər iki Qayda üzrə Nazirliyin səlahiyyəti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi siyahı və məlumatı Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə göndərməklə məhdudlaşır. Yuxarıda da qeyd edildiyi kimi təqdim olunmuş siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edilməsini bilavasitə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya “DOST” mərkəzləri həyata keçirirlər. Beləliklə, cavabdeh qismində qoyulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırkı iş üzrə cavabdehliyi qanunla müəyyən olunmadığından ona münasibətdə iddia tələbi mümkün sayıla bilməz. Digər tərəfdən məhkəmə hazırkı məhkəmə icraatında cavabdeh qimsində qoyulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli qurumu ilə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsinə zərurət görməmişdir. Qeyd edilməlidir ki, nöqsanların aradan qaldırılması ilə bağlı hüquqi yardım yalnız iddia ərizəsi ilə bağlı müvafiq çatışmazlıqlar aradan qaldırıldıqda inzibati məhkəmə icraatında davam edə bilən, baxılması yolverilən iddialara münasibətdə keçərlidir. Yuxarıda adıçəkilən Qaydalar adlarından da göründüyü kimi özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlərin verilməsini nəzərdə tutur. Qaydaların tələblərinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Başqa sözlə, aylıq müavinətlərin ödənilməsi yalnız aşağıdakı müəssisələrdə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilər ilə (ailə üzvləri, himayəsində olan digər şəxslər) bağlıdır: -özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, -özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, -idarəetməyə verilən dövlət müəssisələri. Hazırkı iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi 13.09.2021-ci il tarixli, **********40 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı Kamran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi” tələbinə dair 2-1(112)-8095/2021 saylı inzibati işlə əlaqədar Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsinin özəlləşdirilməsi başa çatmış müəssisə və yaxud özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə olub-olmaması, eləcə də idarəetməyə verilən dövlət müəssisəsi olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı 23 avqust 2021-ci il tarixli, 2-1(112)-8095/2021 nömrəli sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, sorğunuzda qeyd olunan Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi hal-hazırda dövlət müəssisəsi olmaqla Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeçiliyindədir. Beləliklə, iddiaçının işləmiş olduğu Sumqayıt şəhər Abadlaşdırma üzrə İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi Qaydalarda təsbit olunmuş dövlət müəssisələrinin kateqoriyasına, yəni özəlləşdirilməsi başa çatmış müəssisə, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə, eləcə də idarəetməyə verilən dövlət müəssisəsinə aid deyildir. Belə olan halda həmin müəssisə ilə bağlı aylıq müavinətin verilməsi inzibati qanunvericiliyə aid olan Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci il tarixli 242 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın təsir dairəsinə düşmür. Belə olan halda hazırkı mübahisənin bilavasitə inzibati mübahisəyə aidiyyəti müəyyən olunmur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ hüquqi akt qəbul edilmişdir. Adıçəkilən Qaydaların 1.1-ci bəndinə görə işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddia istər subyekt baxımından, istərsə də predmet baxımından inzibati məhkəmə icraatında mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Kamran oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək xəsarətinə görə aylıq ödənclərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar