Məhkəmə qərarları › İş №2-1(112)-8096/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8096/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8096/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən etibarən 3-cü dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1992-1994-cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ehtiyata buraxıldıqdan sonra ona xx.xx.2011-ci ildə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş, xx.xx.2021ci ilədək fasiləsiz olaraq 10 il 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. xx.xx.2021-ci ildə iddiaçı barəsində tibb müəssisəsinin göndərişi təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh əlillik təyinatından imtina etmişdir. Cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o 2011-ci ildə qiymətləndirilmiş və 10 ildir əlildir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəs... Diaqnozun mətni: Sağ ayağın dəlib keçən güllə yaralanmasından sonra 4 barmağının proksimal falanqasının q\d bitişmiş sınığı. Aşıq baldır oynağ kontrakturası və funksiyanın pozulması. Bronx astma i\a forma,o\a dər. Ağ ciyər emfizeması.TÇ 2. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R83-R89 - Diaqnoz olmadığı halda, digə... Diaqnozun mətni: Sağ ayağın dəlib keçən güllə yaralanması 4 barmaq q\d bitişmiş sınığı Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Güllə yaralanması" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R83-R89 - Diaqnoz olmadığı halda, digə... Diaqnozun mətni: Sağ ayağın dəlib keçən güllə yaralanması 4 barmaq q\d bitişmiş sınığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Güllə yaralanması” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr.sağ pəcənin dəlib keçən güllə yaralanmasından sonra sağ ayağın arxa və alt səthinin dartıcı ağrılı çapıq toxuması.Sümük sınığının pis bitişməsi, Sağ ayağın İV barmağının əsas falanqasının qeyri-düzgün bitişmiş sınığı.Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma infeksion - allergik forma Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Həmçinin iddiaçı əyani müayinədə olmuş və barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəs... Diaqnozun mətni: Sağ ayağın dəlib keçən güllə yaralanmasından sonra 4 barmağının proksimal falanqasının q\d bitişmiş sınığı. Aşıq baldır oynağ kontrakturası və funksiyanın pozulması. Bronx astma i\a forma, o\a dər.Ağ ciyər emfizeması.TÇ 2. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə.” səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlilliyinə yenidən baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R83-R89 - Diaqnoz olmadığı halda, digə... Diaqnozun mətni: Sağ ayağın dəlib keçən güllə yaralanması 4 barmaq q\d bitişmiş sınığı Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Güllə yaralanması" səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. İşdən görünür ki, xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən elektron təyinatla iddiaçıya eyni diaqnoz və əsasla yenidən 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçının əlillik müddəti bitdiyindən Bakı 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ pəcənin dəlib keçən güllə yaralanmasından sonra sağ ayağın arxa və alt səthinin dartıcı ağrılı çapıq toxuması. Sümük sınığının pis bitişməsi, Sağ ayağın İV barmağının əsas falanqasının qeyri-düzgün bitişmiş sınığı. Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma infeksion - allergik forma” diaqnozu üzrə əlilliyi cavabdeh tərəfindən qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. İşdə olan Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********4 saylı qərarından görünür ki, iddiaçı cavabdehin imtinası ilə razılaşmadığından xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əyani müayinə olunmuş və müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 225 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ pəncənin dəlib-keçən qüllə yaralanması. Sağ pəncənin İV barmağın proksimal falanqasının əsasının açıq sınığı. Kəskin bronxit, xroniki tonzillit, dekompensasiya olunmuş forma" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı auskultasiyada tənəffüs keçiriciliyi simmetrik, ağciyərlər üzərində vezikulyar tənəffüs, qanda oksigenin saturasiyası 98% qeyd olunmuşdur. Sağ pəncənin V-ci barmaq nahiyyəsindən yaralanmadan sonrakı çapıq izi aşkarlanmışdır. Pəncənin hərəkəti sərbəstdir. Əlillik təyinatına əsas verən funksional pozuntular qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçının müraciəti əsasında 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində “Əsas diaqnoz S99.7. Aşıq-baldır oynağı və ayağın çıxsaylı travmaları, Müharibə dövründə sağ ayaq pəncəsinin odlu sialhla dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə təkrar göndəriş verilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə göndərişin natamam doldurulması əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin bu imtinası ilə razılaşmayaraq, ona əlillik müddəti bitdiyi xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyətinorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. İstinad olunan normalardan görünür ki, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması olmaqla, şəxsin həyat fəaliyyətini məhdudlaşdıran, sosial yardıma və müdafiəyə ehtiyacı olmasına səbəb olan orqanizm funksiyalarının pozulması halıdır. Məhkəmə qeyd edir ki, bütün hallarda şəxsin anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurları ona əlillik təyin edilməsi üçün əsas deyil. Yəni şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurları digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Belə ki, həmin Meyarlarda əlilliyin təyini üçün xəstəliklər, zədələr və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, habelə həmin orqanizmin funksiyalarının pozulmasının əlillik təyin edilməsi üçün tələb olunan kliniki funksional xüsusiyyətləri müəyyən edilmişdir. Qeyd olunan normalara istinadən məhkəmə tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin əlilliyin təyin edilməsi meyarlarında göstərilən xüsusiyyətlərə uyğun olub olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilməsi qərara alınmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, xx.xx.2022-ci il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?

2. Əgər həmin göndərişdəki diaqnoz iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansı iddiaçıda müşahidə olunur: 2.1. hər iki bud-çanaq oynağının ankilozu 2.2. hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması 2.3. bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu 2.4. hər iki bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması 2.5. budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinə 2.6. bud-çanaq oynağının rekonstruktiv əməliyyatdan sonrakı vəziyyəti, mülayim pozuntularla 2.7. bud sümüyünün psevdoartrozu, mülayim pozuntularla 2.8. bud sümüyünün psevdoartrozu, təzahür edən pozuntularla 2.9. pəncənin qüsurlu vəziyyətdə ankilozu 2.10. hər iki aşıq-baldır oynağının ankilozu 2.11. döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-İV mərhələ), əyilmə bucağı 650 -dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə.

3. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (zərurət yarandıqda instrumental müayinə vasitələrində istifadə olunmaqla)?

4. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla müəyyən edilsin ki, onun hazırkı sağlamlıq vəziyyəti hansı diaqnoza uyğundur və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, T 705/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki:

1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Bakı Xəzər Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Q00057146LZB nömrəli Forma 088 göndərişində qeyd edilmiş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Belə ki, onun xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Odlu silah yaralanmasından sonra sol pəncənin ön və alt səthlərində kobud dartıcı çapıq toxumaları, sağ ayağın İV barmağının əsas falanqasının əsasının qeyri-düzgün bitişmiş sınığı, pəncənin xırda oynaqlarının və aşıq-baldır oynağının İİİ (üçüncü) dərəcəli osteoartrozu, açıcı- bükücü kəskin kontrakturası (açma-1 lOdər., bükmə-lOOdər.) baldır və pəncə əzələlərinin kəskin atrofıyası, sağ ayaq barmaqlarının çəkicəbənzər deformasiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması, XBT-10 kodu ilə (Y36.4, L90.5, S92.5, M84.0, M19.1, M24.5, M62.5, M20.4, R52.2, R26.08).” diaqnozu qoyulmuşdur

2. Vətəndaş İddiaçı qərardadın 2-ci bəndində ekspertiza qarşısında qoyulmuş hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar olan sualda göstərilən hallardan hər-hansı biri onda müəyyən edilmədi. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda travma ilə bağlı zədələnmə nəticəsində orqanizmin funksiyalarının pozulması faktı aşkar edilsə də, rəydən müəyyən olunur ki, bu pozulma “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən və şəxsə əlillik təyin edilməsi üçün zəruri olan kliniki funksional xüsusiyyətlərə malik olmamışdır. Belə olan halda məhkəmə, cavabdehin qəbul etdiyi qərarda qeyd olunan halların ekspert rəyi ilə təsdiq olunmasını, yəni iddiaçıya əlilik təyin edilməsi üçün zəruri olan ağırlaşma və patofunksional dəyişikliklərin aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Beləliklə, sadalananlardan müəyyən olunur ki, iddiaçıya qoyulan diaqnoz əlilliyin müəyyən olunması meyarlarına cavab vermədiyindən cavabdeh iddiaçıya əlillik təyin edilməsində imtina etməkdə haqlı olmuş, bu zaman mövcud qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Buna görə də cavabdehin bu hərəkəti qanunsuz sayıla və iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar