Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8097/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdehin 23 fevral 2023-cü il tarixli **********975500 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi və İddiaçı MMCnin inzibati şikayətin təmin edilməsi barədə qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Cəmiyyətin əsas fəaliyyəti “tikinti materiallarının topdan satışı”dır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 10 iyun 2022-ci il tarixli, **********027200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul olunmuşdur. X12 əsasən, 2021-ci ilə dair mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və ya sığorta haqqı- 550.674,06 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 566.074,42 manat və kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 15.400,36 manat təşkil edir. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumata əsasən, 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 77001,8 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış mallarının və ya xidmətlərin həcminin və çeşidinin onun vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da, əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, 10 iyun 2022-ci il tarixli, **********027200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar əsasında ona 2021-ci il üzrə 15.400,36 manat məbləğində mənfəət vergisi hesablanmışdır. "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, 2021-ci il üçün hesablanmış 15.400,36 manat mənfəət vergisinin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2023-cü il tarixli, **********975500 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə şikayət təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********027200 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “uçot-baza məlumatlarına əsasən, "xxxx" MMC tərəfindən “Dalğa-2" MMC-dən (VÖEN: **********) və fərdi sahibkar X4 (VÖEN: **********) elektron qaimə-fakturalar əsasında 77 001,80 manat dəyərində əldə etdiyini iddia etdiyi müxtəlif çeşidli malların (iynə, təkər, akukapağı, domkrat, dinamo, direksiyan pompası, caşka, hava fitri, kompressor, latka, remen, salnik, şlanq vəs.) uçot baza məlumatlarına əsasən “Dalğa-2" MMC-nin və fiziki şəxs X5 əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin araşdırmaya dəvət olunmalarına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin araşdırmada iştrak etmədiklərini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları ’’na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olması barədə qərarlar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ” xx.xx.2022-ci il tarixli **********027200 nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır”. Hesab edirlər ki, vergi orqanı tərəfindən qəbul edilmiş 10 iyun 2022-ci il tarixli, **********027200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar və həmin Qərar əsasında MMC-yə 2021-ci il üçün hesablanmış 15.400,36 manat mənfəət vergisinin azaldılmasına dair MMC-nin şikayəti üzrə qəbul edilmiş 23 fevral 2023-cü il tarixli, **********975500 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bildirmək istəyirlər ki, 11 mart 2021-09 iyul 2021-ci il tarixlərində "xxxx" MMC (VOEN **********) və fiziki şəxs X2 (VÖEN **********) topdansatış fəaliyyətləri üçün mallar almışlar. Lakin, həmin şəxslərdən aldıqları malların dəyəri vergi orqanı tərəfindən mənfəət vergisi bəyannaməsində xərc kimi nəzərə alınmamışdır. Nəzərə çatdırmışlar ki, o, bu malları alarkən hər iki malsatanlar riskli vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Belə ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2021-ci il, X8 isə (VÖEN **********) xx.xx.2021-ci ildə müvafiq qərarlarla riskli vergi ödəyicisi olmuşdurlar. Bu məlumatlar Dövlət Vergi Xidmətinin məlumat bazasında öz əksini tapır. Lakin, bütün bunlara baxmayaraq vergi orqanı tərəfindən hətta Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsi belə nəzərə alınmayaraq həmin malların dəyəri tam olaraq xərc kimi nəzərə alnımamışdır. Bununla da, Cəmiyyət tərəfindən qeyri-qanuni əməliyyatlar aparılmamış, MMC tərəfindən “Dalğa-2" MMC (VÖEN: **********) və fərdi sahibkar X9 (VÖEN: **********) ilə müqavilələr bağlanmış və əldə edilmiş malların dəyəri qarşı tərəflərin hesablaşma hesablarına köçürülmüşdür. Bundan əlavə, Vergi Məcəlləsinin tələblərinə görə vergi orqanı hesabat dövrü qurtardığı vaxtdan 30 gün müddətində kameral qaydada vergi borcu hesablaya bilər. Lakin, vergi orqanı iddiaçıya 2021-ci il üzrə mənfəət vergisinin hesablanması barədə 30 günlük müddətə də riayət etməmişdir. 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin son müddəti 2022-ci ilin mart ayınadək olduğu halda, həmin müddətdən 30 gün müddətində kamreal yoxlama keçirilə bilərdi. Cavabdehin qərarındakı rəqəmlər reallığı əks etdirmir, bu isə iddiaçının fəaliyyətinin dayandırlmasına gətirib çıxaracaqdır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 10 iyun 2022-ci il tarixli **********027200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin “tikinti materiallarının topdan satışı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 77 001,80 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” xx.xx.2022-ci il tarixli **********289400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 15 400,36 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********027200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Belə ki, kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 8 500 565,34 manat məbləğin 77 001,80 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 15 400,36 manat mənfəət vergisi hesablanmışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində 10 486 562,45 manat (ƏDVsiz) dəyərində elektron qaimə-fakturalar əldə edilməsi, bundan 5 476,00 manat (ƏDV-siz) dəyərində olan EBBC seriyalı 324141 nömrəli, 326070 nömrəli, 664708 nömrəli, 730225 nömrəli, 730254 nömrəli və EBBD seriyalı 063514 nömrəli, 114041 nömrəli, 209524 nömrəli, 266760 nömrəli və 380343 nömrəli elektron qaimə-fakturaların “Dalğa-2" MMCdən, 71 525,80 manat (ƏDV-siz) dəyərində olan EBAY seriyalı 553704 nömrəli, EBBA seriyalı 650940 nömrəli, EBBB seriyalı 883743 nömrəli, EBBD seriyalı 732067 nömrəli və EBBE seriyalı 580294 nömrəli elektron qaimə-fakturaların fiziki şəxs X3 əldə edilməsi həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Qeyd olunan vergi ödəyiciləri tərəfindən Cəmiyyətə təqdim edilən elektron qaimə-fakturaların malın adı hissəsində iynə, təkər, aku kapağı, domkrat, dinamo, direksiyan pompası, caşka, hava filtri, kompressor, latka, remen, salnik, şlanq və s. kimi malların adları qeyd edilmişdir. “Dalğa- 2" MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək 44 288,00 manat dəyərində "şon id-370 21.5/75R21, vakkum əyləc Qaz-3309, kondisioner kompressoru niva, radiator misker, kalenval və s." kimi mallar təqdim edilməsinə baxmayaraq, vergi ödəyicisinin idxalında və elektron qaimə-faktura əsasında alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1 -ci və 3.1.1-ci yarımbəndlərinə əsasən “Dalğa-2" MMC-nin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir.Fiziki şəxs X9 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 252 800,00 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə satışda "kraska, şpaklovka, fıren koruyu 2524 tormuznoy baconka dar boqaz, amarzator, elektrod f3, əlcək və s." kimi malların təqdim edildiyi, lakin qeyd olunan malların vergi ödəyicisinin elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 -ci və 3.1.1-ci yarımbəndlərinə əsasən X9 riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Qeyd edirlər ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Yəni, iddiaçı "xxxx" MMC tərəfindən “Dalğa-2" MMC və fiziki şəxs X9 ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək riskli əməliyyat aparılmışdır. Araşdırma zamanı, Cəmiyyət tərəfindən 2021-ci il ərzində 13 367 001,25 manat (ƏDV- siz) dəyərində elektron qaimə-fakturanın təqdim edildiyi, 10 486 562,45 manat (ƏDV-siz) dəyərində isə elektron qaimə-fakturanın əldə etdiyi müəyyən edilmişdir. Elektron qaimə- fakturaların araşdırılması zamanı, "xxxx" MMC-yə (VÖEN: **********) 318 959,64 manat (ƏDV-siz) dəyərində, "X7" MMC- yə (VÖEN: **********) 348 343,88 manat (ƏDV-siz) dəyərində, "xxxx" ASC-yə (VÖEN: **********) 3 225 589,89 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMCyə (VÖEN: **********) 437 170,77 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC-yə (VÖEN: **********) 1 050 266,06 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC-yə (VÖEN: **********) 1 306 692,80 manat (ƏDV-siz) dəyərində, "X13 Sanayi Ve Ticaret Anonim Şirketi"Nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: **********) 122 864,89 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC-yə (VÖEN: **********) 1 569 383,97 manat (ƏDV-siz) dəyərində olmaqla ümumilikdə 79 vergi ödəyicisinə 13 367 001,25 manat (ƏDV-siz) məbləğində müxtəlif malların və xidmətlər (akkumlyator, kompressor, pompa, boru, klapan, salnik, filter, yağ, şlanq, forsunka, sinxronizator, icarə xidməti və s.) təqdim edildiyi, "xxxx" ASC-dən (VÖEN: **********) 1 523 884,04 manat (ƏDV-siz) dəyərində, "X14 Zavodu" MMC-dən (VÖEN: **********) 3 178 971,52 manat (ƏDV- siz) dəyərində, "xxxx" MMC-dən (VÖEN: **********) 75 328,10 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMCdən (VÖEN: **********) 280 053,51 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC-dən (VÖEN: **********) 267 636,43 manat (ƏDV-siz) dəyərində olmaqla ümumilikdə 76 vergi ödəyicisindən 10 486 562,45 manat məbləğində müxtəlif mallar və xidmətlər (boya, elektrod, klapan, şlanq, salnik, akkumulyator, sement, filter və s.) alındığı müəyyən edilmişdir. Qanunvericiliyuin tələblərinə görə əmtəəsiz əməliyyat əsasınında əldə edilmiş sənədlər xərcləri təsdiq edən sənəd hesab olunmur. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi barəsində “Riskli vergi ödəyicisi siyahısına daxil edilməsi” barədə Qərar qəbul edilir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində qeyd olunur ki, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Qeyd edirlər ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV- nin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 132.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-cü maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Bununla yanaşı bildirilmişdir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının hüququdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********659800 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən xx.xx.2023-cü il tarixli **********975500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********027200 saylı 10 iyun 2022-ci il tarixli qərarına əsasən 2021-ci il mənfəət vergisi üzrə iddiaçıya 15.400,36 manat məbləğində vergi borcu hesablanmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 23 fevral 2023-cü il tarixli **********975500 nömrəli qərarına əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarilxi **********027200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Riskli vergi ödəyiciləri barədə məlumatlara əsasən X9 adlı vergi ödəyicisi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixi 265 nömrəli Qərarına uyğun olaraq qəbul edilmiş risk meyarının 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən xx.xx.2021-ci il tarixli; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı vergi ödəyicisi isə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixi 265 nömrəli Qərarına uyğun olaraq qəbul edilmiş risk meyarının 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən xx.xx.2021-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.
19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı MMC uçot-baza məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdən isə ƏDV məqsədləri üçün qeydiyyata alınmış və əsas fəaliyyəti “tikinti materiallarının topdan satışı”dır. Hazırki mübahisənin yaranma səbəbi kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində vergi ödəyiciləri "xxxx" MMC və X9 ilə xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan müddətdə aparılmış 77001,80 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da, cavabdeh tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. "xxxx" MMC xx.xx.2021-ci il tarixli, X9 isə xx.xx.2021-ci il tarixli qərarlarla riskli vergi ödəyicisi hesab edilmişlər.Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri "xxxx" MMC və X9 riskli əməliyat apardığı tarix aralıqlarında məhz İddiaçı MMC-yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaiməfakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. 22.Vergi Məcəlləsinin: 13.2.82.riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (**********) və X9 (**********) barəsində riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC və X9) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla İddiaçı MMCnin üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
25. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
28. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 10 iyun 2022-ci il tarixli **********027200 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva