Məhkəmə qərarları › İş №2-1(112)-8098/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8098/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8098/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinə qarşı 3cü şəxslər X1, X4, X2 və X5 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinə qarşı 3-cü şəxslər X1, X4, X2 və X5 işə cəlb edilməklə cavabdehin 21.06.2021-ci il tarixli imtina məktubuna əsasən hərəkətsizliyinin qanunsuz hesab edilməsi, 3-cü şəxslərin Bakı şəhəri, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8098/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinə qarşı 3-cü şəxslər X1, X4. X2, X3 yaşayış yeri üzrə qeydiyyatından çıxarılmaları barədə iddia tələbi ilə, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərədə tutulmuş inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası) növü ilə məhkəməyə müraciət etmişdir. Öhdəliyin icrası barədə iddia növünə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iddia tələbi üzrə cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsi olduğundan, inzibati işə cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinin olduğu yerin məhkəməsi tərəfindən, yəni, Abşeron rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinə qarşı 3-cü şəxslər X1, X4, X2, X5 işə cəlb edilməklə cavabdehin 21.06.2021-ci il tarixli imtina məktubuna əsasən hərəkətsizliyinin qanunsuz hesab edilməsi, 3-cü şəxslərin Bakı şəhəri, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(112)-8098/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar