Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8098/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 23 yanvar 2015ci il tarixdən əvvəlki 3 illik dövr üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1 yanvar 1960-cı ildə Zəngilan rayonunda anadan olmuşdur, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 23 yanvar 2015-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Ona müharibə veteranı kimi müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etmişdir, xx.xx.2015-ci ildə ona müavinət təyin olunmuşdur. Lakin ona təyin olunmuş müavinət qeyd olunan tarixdən üç il əvvəl üçün hesablanmaqla ödəməli olduğu halda, müavinətin ödənişi müraciət etdiyi tarixdən sonrakı dövrlər üzrə həyata keçirilmişdir. O, cavabdehə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin 23 yanvar 2015-ci il tarixdən əvvəlki 3 illik dövr üçün hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı cavabdehə müraciət edərək ona xx.xx.2015-ci il tarixdən əvvəlki 3 illik dövr üzrə müharibə veteranları ücün nəzərdə tutulmuş sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı müharibə veteranı adı almış şəxslərə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. Həmin Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi şərtini qeyd edir. Müvafiq icra hakmiyyəti orqanı isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qanunvericiliyin tələbindən göründüyü kimi, müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin, yəni müavinətlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən də cavabdeh orqanın imtinası qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş M/V №056306 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. Bildiririk ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Sizə “Veteran vəsiqəsi” verildiyi tarixdən (xx.xx.2015-ci il tarixdən) xx.xx.2019-cu il tarixinədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən sosial müavinət təyin edilmiş və tam məbləğdə ödənilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq Sizə xx.xx.2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Veteran vəsiqəsi” xx.xx.2015-ci il tarixində verildiyindən, eyni zamanda sözügedən müavinət ləğv edildiyindən Sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbayan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məkəməyə daxil olmuş Azərbayan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-6687 saylı məktubundan görünür ki, Heydərov X3 Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya xx.xx.2014-cü il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2015-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmişdir. İş materiallarında olan İddiaçı müavinət işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 85 saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən müharibə veteranı kimi sosial müavinət təyin edilmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı Qarabağ müharibə vetarınıdır. Əsas: M/VN – 056306, xx.xx.2015). «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur). Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsi verilmişdir və ona həmin tarixdən müharibə veteranı kimi sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmışdır. İddiaçıya həmin tarixdən sosial müavinət hesablanaraq verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı müraciəti isə cavabdeh tərəfindən təmin edilməmişdir. Lakin iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilmə əsasını iddiaçının 1993-1994-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müvafiq hərbi hissəsinin tərkibində xidmətdə olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. İş materiallarından görünür ki, iddiaçı ona müharibə veretanı kimi müavinətin ödənilməsi üçün 2015-ci ilin yanvar ayında cavabdehə müraciət etsə də, ona müraciət edilməzdən əvvəlki üç il üçün müavinət ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ona müavinətin ödənilməsi üçün 2015-ci ilin yanvar ayında etdiyi müraciətə əsasən müavinətin ödənilməsinə başlanılmaqla bərabər müraciət edilməzdən əvvəlki üç il üçün müavinət hesablanaraq ödənilməli idi. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qimyətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-8098/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8098/2022
29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver