Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-810/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Orxan Mahmud Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukraynanın Odessa Milli Dənizçilik Universitetində aldığı “dəniz və çay nəqliyyatı” hazırlıq istiqaməti üzrə ixtisasının tanınması və həmin universitet tərəfindən adına verilmiş xx.xx.2019-cu il tarixdə B19 seriyalı 115811 saylı diplomun Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X3 Milli Dənizçilik Universitetinin “Dəniz və çay nəqliyyatı” hazırlıq istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. Qiyabi təhsil forması üzrə tələbəsi olmuşdur. “Dəniz və çay nəqliyyatı” ixtisası üzrə təhsil almışdır. Ukrayna Dövlətinin ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Ukrayna Elm və Təhsil Nazirliyi Odessa Milli Dənizçilik Universiteti tərəfindən xx.xx.2019-cu il tarixdə B19 seriyalı 115811 nömrəli, “Dəniz və çay nəqliyyatı” hazırlıq istiqaməti üzrə ixtisası üzrə ali təhsil haqqında diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 xx.xx.2020ci il tarixli M-93/03-TKTA nömrəli cavab məktubuna əlavə edilmiş, əməliyyat tarixi xx.xx.2020-ci il tarixli qeyddə bildirilmişdir: Nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsi; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, A78DF3E08551738 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab olunmur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 xx.xx.2020-ci il tarixli M-93/03-TKTA nömrəli cavab məktubuna əlavə edilmiş, əməliyyat tarixi - xx.xx.2020-ci il tarixli qeydi ilə imtinası heç bir əsaslandırmaya söykənmir. Avropa ölkələri də Ukrayna Dövlətinin bəzi təhsil müəssisələrində, o cümlədən, Odessa Milli Dənizçilik Universitetində təhsilin səviyyəsini yüksək qiymətləndirmişlər. Belə olan halda, həmin Universitetdə təhsil almış şəxsin (iddiaçının) biliklərinin standartlara cavab verməməsi qənaətinə gəlmək məntiqəuyun görünmür. Məhz cavabdeh tərəfindən tərtib edilmiş həmin məktubun məzmunundan görünür ki, cavabdeh iddiaçının xarici ali təhsil ixtisasının tanınması ilə bağlı müraciətini ətraflı araşdırmamış, cavabdeh yalnız onun danışıq nitqinə istinad etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2 iddiaçı sorğu sual edən nümayəndəsi keçdiyi ixtisasa uyğun suallar verməmişdir. Ona rus dili qramatikasından suallar vermişdir. İddiaçı nümayəndəyə bildirmişdir ki, onun ixtisası “dəniz və çay nəqliyyatı” üzrədir. Xahiş etmişdir ki, ona suallar ixtisasına görə verilsin. İddiaçı hər dəfə Ukrayna Dövlətinə çağırış vərəqəsi ilə getmişdir. Bir ay müddətində dərsləri keçib, lazımi zaçot və imtahanları vermişdir, Azərbaycana geri qayıtmışdır. Bu barədə iddiaçının xarici pasportunda müvafiq qeydlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Təhsildə X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin 07 may 2020-ci il -ci il tarixli qərardadı ilə 2-1(112)-810/2021 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2019-cu il tarixli B19 seriyalı 115811 saylı diplomun Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2019-cu ildə Odessa Milli Dənizçilik Universitetində tam kursu bitirmiş, “Dəniz və çay nəqliyyatı” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmiş və yekun dövlət attestasiyasını uğurla başa vurmuşdur. Dövlət İmtahan Komissiyasının qərarı ilə (08 iyul 2019-cu il) ona bakalavr dərəcəsi verilmişdir. X6 və Təhsil Nazirliyi tərəfindən xx.xx.2019cu il tarixdə A-61955-19 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - B19 seriyalı 115811 nömrəli diploma əlavədən görünür ki, İddiaçı X3 Milli Dənizçilik Universitetində təhsil aldığı müddətdə “Dəniz və çay nəqliyyatı” (gəmi energetik qurğularının istismarı) ixtisası üzrə 56 fənndən yaxşı, məqbul və kafi qiymətlər alımış, tədris və istehsalat təcrübəsi keçmiş, buraxılış – ixtisas işini (bakalavr işi) müdafiə etmiş və kafi qiymət almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, M-93/03TİETA nömrəli məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci maddəsinə əsasən A78DF3E085517338 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmamışdır. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı Odessa Milli Dənizçilik Universiteti tərəfindən verilmiş B19 seriyalı 115811 saylı diplomun bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina edilmiş, imtinaya əsas kimi təhsil aldığı ixtisasın mənsimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün sadalanan hallardan hər hansı birinə istinad edilməmişdir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 2.3 bəndinə əsasən həmin konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırkı Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Həmin Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikasının 31 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə yuxarıda şərh edilən normativ hüquq aktlarının tələblərinə uyğun olaraq yenidən baxmalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinin tələblərinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda iddianın predmetini inzibati orqan tərəfindən məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul edilən qərarlar təşkil edir. Hər iki halda məhkəmə özü inzibati akt qəbul etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından hazırkı vəziyyətdə Ukraynanın Odessa Milli Dənizçilik Universiteti tərəfindən verilmiş B19 seriyalı 115811 saylı bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2. maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. Ukraynanın Odessa Milli Dənizçilik Universiteti tərəfindən verilmiş B19 seriyalı 115811 saylı bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Təhsildə X2 üzərinə öhdəlik qoyulsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-810/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-810/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver