Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8102/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X9, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən “597a/t” saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən mərhum X3 adına arayışın cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X2 və İstismarı birliyi tərəfindən bağın icarəyə verilməsi haqqında 06 yanvar 1992-ci il tarixli, 23749 nömrəli müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan “597a/t” saylı bağ sahəsi X4 ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan “597a/t” saylı bağ sahəsi onun atası X4 məxsus olmuş və atası 01 avqust 1935-ci il təvəllüdlü X6 14 iyul 2003-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 4 saylı Notariat ofisində vərəsəlik işi açılmış və 08 oktyabr 2024-cü il tarixli, 291 nömrəli vərəsəlik məktubu ilə X3 vərəsəsi mərhumun qızı İddiaçı müəyyən edilmişdir. Mərhum atasına məxsus 0.12 ha torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman onun torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa elektron kadastr məlumatlarına əsasən torpaq sahəinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, tərəfinizdən göstərilən torpaq sahəsi sxematik xəritədə həmin hissədə qeyd olunmamışdır. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan 597a/t saylı torpaq sahəsi atasına ayrılan zaman yerdə və naturada təhvil verilmişdir və torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir. Torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi isə bir hissəsinin tam hasarlanmaması maddi imkanının aşağı olması ilə bağlı olmuşdur. Eyni zamanda torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən irəli gələn səbəblərdən asılı deyildir. Odur ki, cavabdeh tərəfindən qeyd edilən iradlar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsaslı sübut təqdim etmədən ona məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmsı üçün əsasdır. Bu səbəbdən də cavabdehin qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və iddia tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir.
3. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, tərəfinizdən göstərilən torpaq sahəsi sxematik xəritədə həmin hissədə qeyd olunmamışdır.”
4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sxematik xəritədə həmin hissədə qeyd olunmamışdır.
5. Məhkəmənin sorğusuna cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi yaşayış məntəqələri torpaqlarıdır, əraziyə digər şəxsin müraciəti barədə məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Pirşağı qəsəbəsi, 597 a/t saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin, müayinə aktının, koordinat cədvəlinin, təqdim edilən ortofotoya əsasən yaxın qonşuluqda qeydiyyata alınmış bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri və ortofoto məhkəməyə təqdim edilir.
6. X2 və İstismarı birliyinin bağın icarəyə veriıməsi haqqında 23749 nömrəli xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən X5 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan “597a/t” saylı bağ sahəsi ayrılmışdır.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Bakı şəhəri 4 Saylı notariat ofisinin cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli 291 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 (doğum: xx.xx.1935, ölüm: xx.xx.2003) adına Bakı şəhəri 4 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə İddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən miras əmlak aşağıdakından ibarətdir: Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi (X2 və istismarı birliyinin 23749 saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1992-cil tarixli müqaviləsi). Yuxarıda qeyd olunanlara əsasən, göstərilən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən arayışı müraciət edən vərəsə İddiaçı (və ya nümayəndəsi) və ya öz vasitənizlə Bakı şəhəri 4 saylı notariat ofisinə təqdim etməyiniz xahiş edilir.
8. Cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Pirşağı bağ massivi 597a/t saylı torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m faktiki 1240 kv.m təşkil edir, bağ sahəsi ümumi hasar daxilindədir, ümumi sahədən 597a/t saylı bağ sahəsi kimi göstərilən ərazi, sahədə olan tikililərlə ayrılmışdır. Sahədə tikili yoxdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi. İİ. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
İİİ.Məhkəmənin mövqeyi
17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X2 və İstismarı birliyi tərəfindən bağın icarəyə verilməsi haqqında 06 yanvar 1992-ci il tarixli, 23749 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan “597a/t” saylı bağ sahəsi X4 ayrılmışdır. X6 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
22. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
23. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sxematik xəritədə həmin hissədə qeyd olunmamışdır.
31. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, X2 və İstismarı birliyi tərəfindən bağın icarəyə verilməsi haqqında 06 yanvar 1992-ci il tarixli, 23749 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən ölçüsü 0.12 ha olan “597 a/t” saylı bağ sahəsi X4 ayrılmışdır. (müqavilənin əslinə məhkəmə iclasında baxış keçirildi)
32. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “597a/t” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
33. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. Məhkəmə cavabdehin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sxematik xəritədə həmin hissədə qeyd olunmaması dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin əsli iddiaçıdadır, sözügedən müqavilədə qeyd edilmişdir ki, Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/688 nömrəli qərarına əsasən X4 0,12 ha torpaq sahəsi ayrılmışdır.
36. Məhkəmə cavabdeh imtina və etirazında göstərdiyi əsaslar ilə bağlı öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə mərhum X4 qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən “597 a/t” saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva