Məhkəmə qərarları › İş №2-1(112)-8103/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8103/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8103/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 693 nömrəli Qərarına onun əlilliyinə səbəb olan ankilozan spondilit xəstəliyinin hərbi xidmət vəzifələrini yerinə yetirilərkən almış olduğu xəstəliklərlə səbəbli əlaqəsinin qeyd olunması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə onun əlilliyinə səbəb olan xəstəliyin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması barədə öhdəliyin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, o, ön xətdə yerləşən hərbi hissədə 2004-cü ilin N noyabr tarixindən 2006-cı ilin 28 may tarixinədək həqiqi hərbi xidmətdə olmuş və baş leytenant hərbi rütbəsində tağım komandiri vəzifəsini icra etmişdir. Hərbi xidmətə qədər səhhətində hər hansı xəstəlik olmamışdır və hərbi komissarlığın tibbi komissiyasından sağlam çağırışçı olaraq keçərək müddətli həqiqi hərbi xidmətə başlamışdır. O, hərbi xidmət zamanı yüksək dağlıq şəraitdə, torpaq səngərdə, kəskin rütubət və soyuq hava şəraitində uzun müddət xidmət etdiyi üçün hərbi xidmət dövründə səhhətində kəskin problemlər yaranmışdır. O, dəfələrlə hərbi hissənin tibb məntəqəsində və Müdafiə Nazirliyinin tibb müəsissələrində müayinə və müalicə olunmuş, lakin onurğasında yaranmış problemə dəqiq diaqnoz tapılmamışdır. Ona kəskin soyuqlama, infeksiya ilə əlaqədar kəskin istilik yaranma və s. diaqnozlar qoyularaq müalicə olunsa da, lakin bu müalicələr heç bir fayda verməmişdir. Hərbi xidmət dövründə qazandığı xəstəliklər tərxis olunduqdan sonra daha kəskin, dözülməz ağrılara səbəb olmuşdur. Mülki şəxs olaraq Səhiyyə Nazirliyi Tədris Terapevtik Klinikada aparılan müayinələr nəticəsində onurğasında yaranmış xəstəliyin düzgün diaqnozu qoyularaq - ankilozan spondilit xəstəliyi olduğu müəyyən edilmişdir. Vaxtında düzgün diaqnozun müəyyən olunmaması və xəstəliyin sürətlə irəliləməsi onda həyati vacib funksiya pozğunluğuna səbəb olmuşdur və ona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq qərarı əsasında İİİ qrup müddətsiz əllilik təyin olunmuşdur. Tibb mütəxəssislərinin bildirdiyinə görə onun əlil olmasına səbəb olan xəstəliyin yaranma səbəbləri kəskin rütubətli iqlimdə uzunmüddətli fəaliyyət, onurğa zədələnmələri, kəskin soyuq iqlim şəraiti və s. olmuşdur. Hərbi xidmət etdiyi ərazi Murovdağ dağ silsiləsində yerləşirdi. Kəskin soyuq hava şəraiti, torpaq səngərdə yaşamaq, kəskin dağ relyefində silah -sursat və digər yüklərlə məcburi məsafələrin qət edilməsi xəstəliyinin birbaşa yaranma əsaslarıdır. Onun hərbi xidmətdə olduğu zaman Müdafiə Nazirliyinin Baş Kilinik Hospitalında ona qoyulan diaqnozlardan biri kəskin pielonefret olmuşdur. Sonradan onun əlil olmasına səbəb olan xəstəliklə bağlı müayinə və müalicə olunduğu tibb müəsissələrində mütəxəssislərin bildirdiyinə görə kəskin pielonefret onun əlil olmasına səbəb olan xəstəliyin başlanğıc mərhələsi olmuşdur və bu xəstə olması ilə nəticələnmişdir. Bildirmişdir ki, o, əlilliyinə səbəb olmuş xəstəliyi hərbi xidmət dövründə qazandığı üçün hərbi xidmətlə bağlı əlil olmuş şəxs kimi təqaüd və sığorta məbləğini almalıdır. Bunun üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının onun hərbi xidmət dövründə aldığı xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin olması barədə qərarının olması zəruridir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin qərarın verilməsi üçün o, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edərək müvafiq sənədləri əldə edib onun hərbi xidmət dövründə aldığı xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin olması barədə qərarının verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasına müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda onun təqdim etdiyi sənədlərin araşdırıldığı, xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin xəstəlik olduğu, hərbi xidmət dövründə alındığı barədə sənədlər təqdim etməsinin zəruriliyi və xəstəliklə bağlı ümumi mücərrəd cavab verilmişdir. Həmin cavabda onun əlilliyinə səbəb olan hərbi xidmət dövründə aldığı xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin olması qəbul edilsə də, lakin həmin orqan tərəfindən müvafiq qərarın verilməsindən imtina edilmişdir. Şəxsin əlilliyinə səbəb olan hərbi xidmət dövründə aldığı xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin olması barədə qərar qəbul etmək səlahiyyəti və vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına aiddir və mövcud vəziyyətdə onun tərəfindən qərar qəbul edilməsindən imtina edilməsi əsassızdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 284 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixli 693 nömrəli MN MHHK-nın “Qərar”ında "Xroniki prostatitin kəskinləşməsi”, “Kəskin pielonefrit”, “Sağ ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası”, “Kəskin respirator xəstəlik, orta ağır gedişli. Vegetativ damar distoniyası” diaqnozları ilə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR.” rəyi verilmişdir. Ərizədə qeyd etdiyi “Ankilozlaşan spondilit” diaqnozunu mövcud “Qərar”a əlavə etmək üçün onun hərbi xidmət etdiyi dövrə aid tibbi və ya hərbi-tibbi sənədlər təqdim etməyi şərtdir. “Ankilozan spondilit” aksial sümüklərin ən çox rastlanan iltihabi revmotoloji xəstəliyidir. Ən vacib klinik əlaməti sakroileitdir. Bu xəstəlikdə HLA-B27 geni mutasiyası pozitivdir. Klinikasında gənc kişilərdə bel ağrısı ən çox görünən simptomdur. Səhər bel sərtliyi ilə birlikdə bu sərtlik gimnastik hərəkətlərlə yüngülləşir, normal lordoz itir. Lumbal vertebralarda hərəkət məhduddur, Şober testi (önə doğru əyilmə) ilə rast gəlinir. Xəstəliyin etiologiyasında dağlıq şəraitdə yaşamaq və ya xidmət etməklə bağlı heç bir tibbi ədəbiyyatda məlumat yoxdur. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 1033 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, 2004-cü ildə Bakı şəhəri Binəqədi RHK tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi xx.xx.2005-ci ildə N nömrəli hərbi hissədə müayinə olunduğu xəstəlik-diaqnoz: “Kəskin pielonefrit”, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN X1 müayinə və müalicə olunduğu diaqnoz: “Xroniki prostatitin kəskinləşməsi”, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN X1 müayinə və müalicə olunduğu diaqnoz: “Sağ ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası” və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi MN X1 müayinə və müalicə olunduğu diaqnoz: “Kəskin respirator xəstəlik, orta ağır gedişli. Vegetativ damar distoniyası” Bu xəstəliklərin hərbi xidmtlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “ç” yarımbəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı iddia ərizəsində Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə ona “ümumi xəstəliklə” əlaqədar müddətsiz təyin edilmiş “Vİ (dördüncü) dərəcə kifoskolioz kəskin funksiya pozuntusu. Ankilozlaşan spondilit, mərkəzi forma, statia İİİ. Funksional çatmamazlıq İİİ” diaqnozu ilə olan əliliyinin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi yazılması öhdəliyinin MN MHHK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Lakin İddiaçı əliliyinə səbəb olan bu diaqnoz hərbi xidmətdən sonrakı dövrə aiddir. Belə ki, xx.xx.2022-ci il tarixli xidmətkeçmə haqqında arayışdan görünür ki, İddiaçı21.11,2024-cü il tarixdə xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdə omuşdur. Hərbi xidmətdə olduğu müddətdə onun aldığı “Kəskin pielonefrit. Xroniki prostatitin kəskinləşməsi. Sağ ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası. Kəskin respirator xəstəlik, orta ağır gedişli. Vegetativ damar distoniyası” diaqnozları il olan xəstəliklərinin səbəb əlaqəsi MN MHHK tərəfindən yuxarıda göstərildiyi kimi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir. İddiaçı əliliyinə səbəb olan xəstəliklərin hərbi xidmət dövrü ilə heç bir əlaqəsi yoxdur. Göstərilən əsaslara görə İddiaçı MN MHHK-na qarşı iddiası tamamilə əsassız və qanunsuzdur. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəf məhkəmə baxışı iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “cavabdehin xx.xx.2022-ci il tarixli, 693 nömrəli Qərarına onun əlilliyinə səbəb olan ankilozan spondilit xəstəliyinin hərbi xidmət vəzifələrini yerinə yetirilərkən almış olduğu xəstəliklərlə səbəbli əlaqəsinin qeyd olunması barədə qərar qəbul edilməsi” şəklində icraata qəbul edilmişdir. İş materiallarından görünür ki: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 693 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 2004-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2005-ci ildə N nömrəli hərbi hissədə müayinə olunduğu xəstəlik - diaqnoz: “Kəskin pielonefrif xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki prostatitin kəskinləşməsi” xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlik - diaqnoz: "Sağ ağciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası” və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin respirator xəstəlik, orta ağır çedişli. Vegetativ damar distoniyası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Binəqədi rayon idarəsinin xx.xx.2022-ci il tarixli 10 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 140 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2005-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2005-ci il tarixli, xx.xx.2005-ci il tarixli, xx.xx.2006-cı il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə eyni cavabdehə qarşı “əlilliyə səbəb olan xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin olması barədə qərar qəbul edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-ü il tarixli, 2-1(112)-1180/2024 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə məqsədi MN MHHK-nin qərarının dəyişdirilməsinə nail olmaqdan ibarətdir. Lakin müəyyən edilmişdir ki, artıq məhkəmənin icraatında olmuş 2-1(112)-1180/2024 nömrəli inzibati iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı mübahisələndirilən, dəyişdirilməsini tələb etdiyi qərardan məlumatlı idi. Məhkəmə tərəfindən məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinin tələbləri baxımından iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş, dinlənilmə hüququ təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçı həmin qərardan məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmaqla xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, ona həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, lakin iddiaçı məhkəmə iclasında buraxılmış prosessual müddətin üzürlü sayılması üçün ərizə təqdim etməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı eyni tələblə daha əvvəl, xx.xx.2023cü il tarixdə də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından hətta 2023-cü il tarixdən məlumatlı olduğunu özündə əks etdirir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ərizəsində qeyd olunanlardan belə qənaətə gəlir ki, İPM 24.1-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 693 nömrəli Qərarına onun əlilliyinə səbəb olan ankilozan spondilit xəstəliyinin hərbi xidmət vəzifələrini yerinə yetirilərkən almış olduğu xəstəliklərlə səbəbli əlaqəsinin qeyd olunması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar