Məhkəmə qərarları › İş №2-1(112)-8103/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8103/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8103/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X3) torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “uyğunsuzluğun aradan götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Maştağa Bağ massivində yerləşən “492B” saylı 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələb edilən torpaq sahəsi uzun illərdir ki, onun mərhum anasının, daha sonra onun istifadəsində olmuşdur. Müvafiq hüquqmüəyyənedici sənədə əsasən hüquqların dövlət qeydiyyatına alınması barədə müraciət edilmiş, müraciət heç bir əsaslı səbəb olmadan təmin edilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492V” saylı torpaq sahəsinə texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan başqa, iddiaçı tərəfinindən təqdim edilən orderin verilməsinə əsas olmuş qərarın tarixi ilə həmin qərarın arxiv arayışının tarixi arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim olunmuş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarında torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, iddiaçı X1, cavabdeh X2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-870/2024 №-li, xx.xx.2024-cü il tarixli bildirişi İdarəyə daxil olmuş, məhkəmə mübahisəsi ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 50 nömrəli kooperativin B/S nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 9 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən X5 Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 492 B nömrəli bağ ayrılmışdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 avqust 2023-cü il tarixli, 3-48-2F/2-M-05848/2023 nömrəli iddiaçıya ünvanladığı məktub əsasında, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda müraciətin təminindən imtina etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, mərhum Zibaxanım Yusifovanın mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qərarı və onun əsasında verilmiş orderə əsasən ayrılmışdır. Həmin hüquqmüəyyənedici sənədlər qərarda istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd qismində çıxış edən həmin qərar və orderin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir.Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə, cavabdehin imtina əsası kimi orderdə göstərilmiş qərarın tarixi ilə qərarın arxiv arayışının tarixi arasında uyğunluğun mövcud olmasına münasibətdə qeyd edir ki, bu uyğunsuzluğun olması hazırki iddianın təminini istisna etmir. Belə ki, iddiaçı göstərilən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı inzibati icraat çərçivəsində iddia qaldırmış və yuxarı instansiya məhkəməsinin (Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı) mövqeyinə əsasən onun iddiası mümkün sayılmamışdır. Məhkəmə, yaranmış bu uyğunsuzluğa hazırki məhkəmə icraatı çərçivəsində münasibət bildirərək qeyd edir ki, arxiv çıxarışında qərarın tarixinin 4 sentyabr 1990-cı il tarixli olması, lakin orderdə bu qərarın tarixinin 12 sentyabr 1990-cı il tarixinə aid olması texniki səhv kimi qəbul edilməlidir. Belə ki, arxiv çıxarışında qeyd olunan 4 sentyabr 1990cı il tarixli qərarın məzmunu bağ sahələrinin ayrılması ilə bağlıdır və həmin qərarda adıçəkilən bağ sahələrinin ayrıldığı şəxslər sırasında (2.4.67-ci bənd) mərhum Yusifova Zibaxanımın adı yer alır. Lakin orderdə qərarın tarixi 12 sentyabr 1990-cı il kimi göstərilmişdir ki, bu da, məhkəmə tərəfindən texniki səhv olaraq qəbul edilir. Orderdə qərarın tarixinin səhv göstərilməsi, bağ sahəsinin mərhuma ayrılması barədə qərarın mövcudluğunu istisna etmir. Əslində, bağ sahəsinin mərhuma ayrılması ilə bağlı qərar mövcuddur və yalnız tarixdəki uyğunsuzluq bu qərarın hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Nəticə etibarilə, həmin qərarın tarixindəki uyğunsuzluq yalnız texniki səhv olaraq qiymətləndirilir və iddianın təmininə təsir etmir. Məhkəmə,həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər icraiyyə komitəsinin 6/265 nömrəli qərarı və onun əsasında verilmiş order qüvvədədir, orderdə sözügedən qərarın tarixinin səhv göstərilməsi iddiaçının etimad hüququnun pozulmasına səbəb ola bilməz. Məhkəmə, cavabdehin digər imtina əsası – torpaq sahəsinin digər şəxsin istifadə olmasına, digər şəxsə mülki icraat çərçivəsində qaldırılan iddianın (torpaq sahəsinin boşaldılması) yekunlaşmamasına münasibətdə bildirir ki, bu hal hazırki iddianın təminini istisna etmir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs X3 tərəfindən izahat alınmış və o, öz izahatında bildirmişdir ki, İddiaçı məxsus 0,12 ha o, qeyri-qanuni zəbt edərək hasara almış, həmin torpaq sahəsini o, uzun illər bundan əvvəl hasara almış və nə qədər maddi vəsait xərclədiyi yadında qalmamışdır. Göründüyü kimi üçüncü şəxsdən alınmış izahat faktiki olaraq onun iddiaçıya aid torpaq sahəsini qeyriqanuni yolla zəbt etdiyinin göstəricisidir ki, bu halda torpaq sahəsinin iddiaçının istifadəsində olmaması və ya iddiaçı tərəfindən mülki məhkəmə icraatı çərçivəsində qaldırılan iddianın yekunlaşmamasının iddiaçının tələbinə hər hansı təsiri yoxdur. Çünki, bir daha qeyd olunur ki, üçüncü şəxs faktiki olaraq əlavə torpaq sahəsini zəbt etdiyini qəbul etmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, imtina həmin hissədə də əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz mülkiyyət hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi mülkiyyət hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz mülkiyyət hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bağ massivində yerləşən “492B” saylı 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar