Məhkəmə qərarları › İş №2-1(112)-8105/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8105/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8105/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X3 qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum aktı qeydi kitabına düzəliş olunaraq ata qrafasının dəyişdirilərək “Borisoviç” yerinə “Anatoliy” kimi, soyad qrafasının dəyişdirilərək “Çmil” yerinə “Qrankin” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Belə ki, buna dair ona Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Belə ki, doğum haqqında şəhadətnamənin təkrarının verilməsi barədə cavabdehə müraciət edən zaman doğum haqqında akt qeydi kitabında soyadı “Çmil”, ata adım isə “Borisoviç” kimi qeyd edildiyi ona məlum olmuşdur. Doğum haqqında şəhadətnaməmin əksinə olaraq digər bütün sənədləriəmək kitabçasında, xarici pasportunda, hərbi biletində, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, hətta nikah haqqında şəhadətnaməsində soyadı və ata adı düzgün şəkildə İddiaçı kimi qeyd olunmuşdur. Hal-hazırda bu yanlışlıq ona sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmağına səbəb olur. O doğum aktı qeydində yanlışlıq nəticəsində sənədləşdirmə işlərini yekunlaşdırıb vətəndaşlığa qəbul edilmək üçün müraciət edə bilmir. Doğum haqqında akt qeydində soyadın və ata adının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X3 müraciət etmişdir. Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 05/76-988 saylı məktub ilə tərəfindən təqdim olunmuş sənədlər arasında ziddiyyət olduğu bildirilərək, ərizəsinin təmin olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını bildirmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: НЗ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının soyadı, adı, atasının adı X5 kimi qeyd edilmişdir; xx.xx.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının soyadı, adı, atasının adı X5 kimi qeyd edilmişdir; İV-МЮ № 650106 nömrəli, 21 oktyabr 2000-ci il tarixli nikah bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 06 oktyabr 1956ci il təvəllüdlü İddiaçı ilə 02 oktyabr 1959-cu il təvəllüdlü X6 arasında 21 oktyabr 2000-ci il tarixdə nikah bağlanmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X2 xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizəsinə baxılmış, müraciət etdiyi şəxsiyyətini təsdiq edən sənədə (Rusiya Federasiyasının ümümvətəndaş pasportu) əsasən soyadı “Qrankin” adı “Anatoliy” ata adı “Vladimiroviç” qeyd olunub. Tərəflərindən andan olduğu Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə iddiaçıya məxsus doğum akt qeydində soyadı “Çmil” ata adı “Borisoviç” qeyd edildiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddiaçının doğum haqqında akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi üçün zəruri sənədləri təqdim etməklə seçdiyi qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş və dəyişiklər edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət etmək hüququ vardır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla xx.xx.1956-cı ildə doğulmuş X7 doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir; Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı doğum haqqında akt qeydində soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1607 saylı xx.xx.1956-cı il tarixli doğum haqqında akt qeydində soyadı “Çimil” adı “Anatoliy” ata adı “Borisoviç” qeyd edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı deyil, valideynləri X10 ilə X1 xx.xx.1956-cı il təvəllüdlü X7 doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən adıçəkilən şəxsin soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilmədi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin və vəkilinin məhkəmə iclasındakı izahında görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının soyadının və ata adının digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Çmil”, ata adı “Borisoviç” kimi qeyd edilsə də, iddiaçının nikah bağlanması haqqında şəhadətnaməsində, əmək kitabçasında və hərbi biletində soyadı “Qrankin”, ata adı “Vladimiroviç” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının soyadının və ata adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə həmçinin vurğulayır ki, doğum haqqında akt qeydinə əsasən iddiaçının atası X8. “Qrankin” isə iddiaçının anasının soyadıdır. Həmçinin iddiaçının sonradan soyadının və ata adının dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malıkdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsin sənədlərində göstərilən adı, atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə uyğunsuzluğunun doğum haqqında akt qeydinə dəyişiklik edilməklə aradan qaldırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN xidmət” X3 qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar