Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8105/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi stajı, 10 ildən artıq (hərbi xidmət nəzərə alınmaqla) güzəştli stajı vardır. Belə ki, iddiaçı güzəştli əmək (qabiliyyətinə) fəaliyyətinə xx.xx.1979-cu ildə SSR-nin Qara Metallurgiya Nazirliyinin Mərkəzi Domna təmiri trestinin 2-ci dərəcə çilingər peşəsi üzrə işə başlamış və bütün bu dövrlərdə ağır şəraitdə iş yeri Sumqayıt boruyayma zavodunun marten, prakat, boru prakat və tökmə sexləri olmuşdur. Marten sexində sobaların şaxtalarının təmirində müntəzəm olaraq isti və tozlu sahədə (ağızda nəfəsliklə) ağır işlərdə çalışmışdır. Ümumiyyətlə qeyd edilən sexlərdə qəza vəziyyəti yaranmış avadalıqların təmirində isti vəziyyətdə çalışmışdır. İddiaçı xx.xx.1979-cu ildə işə qəbul olunmuş, xx.xx.1980-cı ildə hərbi xidmətlə əlaqədar işdən azad olunmuş və xx.xx.1982-ci ildə hərbi xidmətdən sonra xx.xx.1983-cü ildə yenə eyni idarədə həmin peşəyə qayıtmışdır. xx.xx.1985-ci ildə çilingər peşəsində qalmaqla ona 3-cü dərəcə elektrik qaynaqçısı və qaz kəsicisi vəzifəsi verilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcə çilingər vəzifəsi verilmişdir. xx.xx.1990-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1990-cı ilədək eyni təşkilat və eyni peşədə ağır işlərdə işləmişdir. İddiaçının işlədiyi müəssisənin sənədləri Dövlət arxiv idarəsinə təhvil verilmədiyindən və araşdırılması mümkün olmadığına görə ərizəsinin icrasından imtina olunmuşdur. Həmçinin, əsas səbəblərdən biri də, bugün qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət güzəştli staja şamil edilmir. Lakin iddiaçının işlədiyi dövrdə hərbi xidmət ərəfəsində zərərli peşə sahəsində işləyib hərbi xidmətə gedirdinsə və qayıtdıqdan sonra həmin yerdə həmin peşəni icra edirdinsə hərbi xidmət güzəştli staja daxil edilirdi. İddiaçı 1979-cu ildə əmək fəaliyyətinə başlamış və 1980-cı ildə hərbi xidmətə çağırılmış və hərbi xidmətdən qayıtdıqdan sonra eyni idarədə eyni peşə üzrə fəaliyyətini xx.xx.1990-cı ilədək davam etdirmişdir. İddiaçı 1978-ci ildən 2006-cı ilədək fasiləsiz işləmiş və hal-hazırda da əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək ümumi stajı 20 ildən çox, güzəştli stajı isə 10 ildən artıq bir müddəti əhatə edir. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. İmtina məktubu hazırda qüvvədə olan qanuna əsasən verilmişdir. Belə olan təqdirdə iddiaçı həmin imtinanı əsassız hesab edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçıya 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş 2 şərt ödənilməlidir: 1) ümumi iş stajının 20 il olması; 2) güzəştli iş stajının 10 il olması. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. 01 noyabr 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1979-xx.xx.1980-cı il və xx.xx.1983-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt “Mərkəzi Domnatəmir” trestində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Sözügedən dövrlər güzəştli iş stajına aid edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan (10 ildən) az təşkil edəcəkdir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 22 oktyabr 1980-cı il tarixdən 17 dekabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. АРМ № ******* nömrəli, 01 noyabr 1978-ci il tarixli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sofulu qoyun sovxozunda fəhlə işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək Azərbaycan SSR Sumqayıt xüsusiləşdirilmiş quraşdırma idarəsi “Mərkəzi domna sobalarının təmiri” metallurgiya zavodlarının avadanlıqları üzrə 2-ci dərəcəli quraşdırıcı çilingər işləmiş, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1983-cü il tarixdə metallurgiya zavodlarının avadanlıqları üzrə 3-cü dərəcəli quraşdırıcı çilingər qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə metallurgiya zavodlarının avadanlıqları üzrə quraşdırıcı çilingərə 3-cü dərəcə verilmiş, xx.xx.1985-ci il tarixdə elektrik qaynaqçısına 3-cü dərəcə verilmiş, xx.xx.1985-ci il tarixdə qazkəsiciyə 3-cü dərəcə verilmişdir. xx.xx.1987-ci il tarixdə İdarənin adı dəyişdirilərək SSRİ Qara Metallurgiya Nazirliyi “Mərkəzi domna sobalarının təmiri” trestinin Sumqayıt xüsusiləşdirilmiş idarəsi olmuşdur. xx.xx.1987-ci il tarixdə Əmək haqqının hesablanması ilə bağlı yeni tarif cədvəlinə keçidlə əlaqədar, 4-cü dərəcə ilə metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı peşəsi müəyyən edilmişdir. xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə S.M.Kirov adına Qırmızı əmək bayraqlı maşınqayırma zavoduna zavod idarəsinin ştatına mühasib qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə Telefon rabitələri istehsalat birliyinin təsərrüfat hesablı təmir-tikinti idarəsinə maddi təminat üzrə mühasib qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə müvəqqəti olaraq baş mühasib keçirilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Nərimanov rayonu Mənzil-təsərrüfat idarəsinə baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə böyük iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə böyük iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə Birliyə iqtisadiyyat şöbəsinə müdir vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 (bir) il müddətinə Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü il tarixdə AR DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə Pensiya və müavinətlərin təyinatı sektoruna Baş müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə həmin sektorda baş məsləhətçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə AR ƏƏSMN yanında DSMF Bakı şəhər Nərimanov rayon Şöbəsinin Pensiya sektoru baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Fondun Bakı şəhər Xətai rayon şöbəsinin Sosial Sığorta sektoru baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin 06 fevral 2025-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, həmin maddənin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən hüquq normalarının məzmunu ilə müəyyən edilir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2006-cı ilədək 20 il ümumi, 10 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə güzəştli pensiya hüququ verən stajı olmalıdır. Göründüyü kimi iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı il tarixədək Azərbaycan SSR Sumqayıt xüsusiləşdirilmiş quraşdırma idarəsi “Mərkəzi domna sobalarının təmiri” metallurgiya zavodlarının avadanlıqları üzrə 2-ci dərəcəli quraşdırıcı çilingər, xx.xx.1983cü ildən xx.xx.1990-cı ilədək metallurgiya zavodlarının avadanlıqları üzrə 3-cü dərəcəli quraşdırıcı çilingər, elektrik qaynaqçısı, qazkəsici, metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı işləmişdir. Cavabdeh iddiaçının həmin dövrlər üzrə güzəştli stajının olmaması səbəbindən həmin dövrlərin güzəştli əmək stajı verən dövr kimi qəbul etməkdən imtina etmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçının həmin dövrlərdə işlədiyi Sumqayıt “Mərkəzi Domnatəmir” tresti hal-hazırda fəaliyyət göstərmədiyi üçün məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olub-olmaması ilə bağlı arayışın əldə edilməsi mümkün deyildir. Bu səbəbdən həmin vəzifələrin müvafiq kateqoriyaya aid olub-olmamasının müəyyən edilməsi vəzifəsi məhkəmənin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı (Qara metallar)” bölməsində: 1030200a—1753a kodla “təmirçi çilingərlər əl ilə elektrik qaynaqçıları”; 1030200a—18559 kodla “sobaların isti təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşələri qeyd olunmuşdur. 1030400a-1753a kodla təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları; “Metal emalı (metal emalı üzrə sair peşələr)” bölməsində; 1110400a-19906 kodla əl ilə elektrik qaynaqçıları vəzifələri öz əksini tapmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının metallurgiya sahəsində xx.xx.1979-cu ildən xx.xx.1980-cı il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş güzəştli əmək stajı verən peşələrdir. İddiaçının həmin peşələr üzrə stajı 11 il 08 ay 28 gün təşkil edir. Beləliklə iddiaçı xx.xx.2006-cı ilədək 10 ildən artıq güzəştli və 20 ildən artıq ümumi əmək stajına malikdir. Bu səbəbdən ona xx.xx.2013-cü ildən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (32.1-1.). İddiaçı iddia tələbində ona ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsini xahiş etmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsində göstərilən tələblə xx.xx.2025-ci ildə cavabdehə müraciət etmişdir. Bu səbəbdən iddia ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi hisəssində qismən təmin edilməli, xx.xx.2025-ci ildən əvvəlki 3 il üçün ödənilməyən pensiya məbləği hesablanaraq yuxarıda göstərilən qaydada aylıq pensiya ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2025-ci ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8105/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8105/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver