Məhkəmə qərarları › İş №2-1(112)-8106/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8106/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8106/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakalrı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8, X16 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təərfindən Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1371 saylı sərəncamı ilə X6 ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə (indiki Şağan qəsəbəsi ərazisində) yerləşən 1200 kv.m. torpaq sahəsinin 0.0572 ha. hissəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 235K saylı sənədlə X3 adına, qalan 0.06 ha. hissəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 185R saylı sənədlə X11 adına apardığı xüsusi mülkiyyət hüququna dair qeydiyyatının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8106/2022 nömrəli qərardadı ilə X8 və X16, xx.xx.2022-ci il tarixli, 2-1(112)-8106/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində 5/107 saylı sahədə (indiki Şağan qəsəbəsi ərazisində) yerləşən 1200 kv.m torpaq sahəsi Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1371 saylı sərəncamı ilə X6 ayrılmışdır. 1995-ci il tarixədək Şağan qəsəbə nümayəndəliyi olmadığı üçün Şağan qəsəbəsi Mərdəkan qəsəbə nümayəndəliyinin tabeçiliyində olub, bu səbəbdən verilmiş sərəncamda ərazi Mərdəkan qəsəsbəsi kimi qeyd olunmuşdur. Torpaq sahəsində fərdi yaşayış evi inşa olunmuşdur. Rafiq Kərimov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. O, Rafiq Kərimovun nəvəsidir. O, ailəsi ilə birgə R.Kərimova ayrılmış torpaq sahəsində inşa olunmuş evdə 2001-ci ildən yaşayır. Bu fakt xx.xx.2022-ci il tarixdə notariat qaydasında verilmiş **********44 saylı ərizə ilə də təsdiqini tapmışdır. İstifadədə olan "xxxx" MMC tərəfindən tərtib olunmuş elektrik enerjisindən istifadəyə görə tərtib olunmuş sayğac göstəricilərindən də məlum olur ki, onun ailəsi bu ünvanda uzun illərdir ki, yaşayır, sayğac da bu günədək mərhum X4 adınadır. X18 2017-ci ildə vəfat etmişdir. O, 5 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisində açılmış vərəsəlik işi üzrə X4 vərəsəsi kimi qeydə alınmışdır. Ona məlum olmuşdur ki, uzun illər cəza çəkən əmisi X12 onun yaşadığı torpaq sahəsini DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ilə əlbir olub qanunsuz olaraq 0.572 ha. hissəsini X3 və 0.06 ha hissəsini isə X16 adlı şəxsin adına Buzovna südçülük sovxozu üzrə sənəd əsasında özəlləşdirmişdir, həmin sənəd guya 2003-cü ildə Buzovna kənd təsərrüfatı birliyinin işçilərinə paylanmış pay torpaqlarına aid sənəddir. Həmin sənəd əsasında cavabdeh göstərilən şəxslərin mülkiyyət hüququnu iddiaçının yaşadığı əraziyə qeydiyyata almışdır. Bu hərəkətlər inzibati orqan tərəfindən qanunsuz edilmiş hərəkətlərdir. Mərdəkan qəsəbəsindən Bakı şəhəri istiqamətində magistral yoldan 1.870 metr Buzovna qəsəbəsi istiqamətinə Şağan qəsəbəsində yerləşən torpaq sahələrində keçmiş Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar əsasında bu günədək özəlləşdirmələr aparılmışdır. Onun da torpaq sahəsi 1.450 metrdə yerləşir. Göründüyü kimi onun yerləşdiyi ərazi İcra Hakimiyyətinin sərəncamında olan ərazidir. Bu hal cavabdeh təşkilata məlum olsa da, cavabdeh Buzovna südçülük sovxozunun sənədi əsasında İcra Hakimiyyətinin sərəncamında olan və yaşayış olan şəxslərin torpaq sahəsini qanunsuz olaraq kənar şəxslərin adına qeydə alımışdır. O, inzibati orqana bu barədə müraciət edib bu qanunsuzluğun aradan qaldırılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Beləliklə cavabdeh inzibati orqan onun yaşadığı və vərəsə kimi qeydə alındığı 1200 kv.m olan torpaq sahəsinin 0.0572 ha hissəsini Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 235K saylı sənədlə X3 adına xx.xx.2022-ci il tarixdən mülkiyyət hüququ ilə qeydə alınmış və o da xx.xx.2022-ci il tarixdə həmin sənəd üzrə sahəni 12.000 manata X7 satmışdır. Qalan 0.06 ha hissəsini isə xx.xx.2022-ci il tarixdə yenə qanunsuz olaraq əraziyə aidiyyəti olmayan sənədlə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi sahə 185R kimi Gövhərin əri X11 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata almışdır. Aqil Rəhimov də adına olan mülkiyyət sənədindən istifadə edib ərazini xx.xx.2022-ci il tarixdə 70.000 manata X7 satmışdır. Bir torpaq sahəsinə əvvəla necə olur ki, iki müxtəlif ünvan verilir, həmçinin Gövhər Rəhimova və Aqil Rəhimov 1988-ci ildən birgə nikahda olduqları halda necə olur ki, bir ailəyə iki pay torpağı verilir. Göründüyü kimi DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin qanunsuz hərəkətləri ilə Buzovna qəsəbəsi ərazisinə iki müxtəlif ünvanı olan sənədlərlə onun yaşaydığı Şağan qəsəbəsi ərazisində olan torpaq sahəsi özəlləşdirilmişdir. Ona görə də 3-cü şəxslərin adına cavabdeh tərəfindən aparılmış qanunsuz qeydiyyat ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışıdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 235K saylı torpaq sahəsi Abşeron Rayon icra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X1 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışı əsasında X3 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 4Ə-246 nömrəli alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən özgəninkiləşdirilmişdir. Hazırda 235K saylı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 185R saylı torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X1 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrdən çıxarışı əsasında X11 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Torpaq sahəsi xx.xx.2022-ci il tarixli, 4Ə-175 nömrəli alqı-satqı müqaviləsi əsasında X10 tərəfindən özgəninkiləşdirilmişdir. Hazırda 185R saylı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrülü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar