Məhkəmə qərarları › İş №2-1(112)-8106/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8106/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8106/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum babası İbrahim Qasım oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mərhum İbrahim Qasım oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair mərhum İbrahim Qasım oğlunun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum İbrahim Qasım oğluna məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən 1938-ci ildə inşa olunmuş, 2 mərtəbəli yaşayış evi və torpaq sahəsindən ibarət ddaşınmaz əmlaklar Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən təqdim edilən evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasporta əsasən şəxsi mülkiyyət hüquqi ilə xx.xx.1967-ci il tarixdə vəfat etmiş İbrahim Qasım oğluna məxsus olmuşdur. İddiaçı mərhumun nəvəsi olduğunu, mərhumun vərəsələrindən biri olaraq həmin ərazidə yaşayan və qeydiyyatda olan mərhumun oğlu Arif İbrahim oğlu ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət etdiyini və xx.xx.2023-cü il tarixdə mərhum İbrahim Qasım oğlunun adına vərəsəlik işi açıldığını bildirmişdir. İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək sözügedən ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İbrahim Qasım oğlunun adına arayışın verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 35 saylı Notariat ofisinin məktubunda və ölüm haqqında şəhadətnamədə hüquq sahibinin ölüm tarixi xx.xx.1967-ci il qeyd edilsə də, texniki pasport hüquq sahibinin adına ölümündən sonra 1976-cı il tarixində tərtib edilmişdir. Həmçinin bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı texniki pasportun baş planı ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********17 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən İbrahim Qasım oğlunun adına verilmiş yanvar 1976-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun cavabdeh tərəfindən təqdim edilmiş arxiv surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən 1938-ci ildə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin inventarizasiya kartoçkası tərtib edilmişdir. Cəmi meydançanın sahəsi 816 kv.metrdir. -Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İl seriyalı 235421 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahim Qasım oğlu xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. -Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi tərəfindən təqdim edilən arayışdan görünür ki, mərhum İbrahim Qasım oğlu xx.xx.1956-cı il tarixdən vəfat etdiyi tarixədək Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. -ünvan 3baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda İbrahim Qasım oğlunun vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsinin İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda bildirilmişdir ki, müayinə zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə dair texniki pasportun baş planı ilə göstərilən sahənin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Belə ki, texniki pasportun baş planında qeyd olunan torpaq sahəsinin 48.0 metr olan tərəfi dalan istiqamətdə olsa da, faktiki olaraq sahənin yerləşməsi tam fərqlidir (istiqamət qonşu əraziyə tərəfdir). Texniki pasportda qeyd olunan ikimərtəbəli fərdi yaşayış evi mövcuddur (divarın qalınlığı 80.0 sm olmaqla ölçüsündə cüzi fərqlər var). Göstərilən sahədə “A” literli fərdi yaşayış evindən başqa üç ədəd əvvəldən inşa edilmiş fərdi yaşayış evləri var. Həmin yaşayış evlərinə dair sənəd təqdim edilməyib. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin Texniki İnventarlaşdırma bürosu tərəfindən vərəsəsi olduğu mərhum İbrahim Qasım oğluna verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta istinad edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən 816 kv.metr torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində göstərilən sənədə uyğun gəlir. Belə ki, iddiaçı mərhum babası İbrahim Qasım oğluna verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 816 kv.m torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətlənirilməsinə aid pasportu cavabdehə təqdim etmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının istinad etdiyi texniki pasport cavabdeh qeydiyyat orqanının arxivində saxlanılır. Cavabdeh qeydiyyat orqanı sözügedən sənədi arxivinə götürməklə həmin sənədi onda göstərilmiş daşınmaz əmlak obyektlərinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Qeyd olunan texniki pasportun qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Texniki pasportun şəxsin ölümündən sonra tərtib edilməsi iddiaçının məsuliyyəti ilə bağlı məsələ deyil və o, bu sənədin tərtibində hər hansı qaydada iştirak etməmişdir. O da nəzərə alınmalıdır ki, texniki pasport evin texniki göstəricilərini əks etdirən sənəddir və burada əsas məqam iddia olunan tikilinin mövcudluğu və torpağın sahəsi ilə yerləşmə baxımından uyğunluğudur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan göründüyü kimi isə texniki pasportda göstərilən 2 mərtəbəli fərdi yaşayış evinin mövcud olması və torpağın sahəsinə dair tərəflər arasında mübahisə yoxdur. Mübahisə yalnız torpağın yerləşməsinə dair uyğunsuzluqla bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı yalnız texniki pasportda göstərilən ölçülər daxilində torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlara iddia edir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Torpağın sahəsinə dair mübahisə olmadığı, faktiki yerləşmə ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasının isə müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələ olduğu nəzərə alındıqda cavabdehin konkret haldakı dəlili daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün tutarlı əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüquqların mərhum İbrahim Qasım oğluna məxsus olmasına dair arayışın verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən fərdi yaşayış evi və 816 kv.metr torpaq sahəsi üzərində hüququn mərhum İbrahim Qasım oğluna məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar