Məhkəmə qərarları › İş №2-1(112)-8107/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8107/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8107/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə iddiaçı -İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət keçməsinin rəsmiləşdirilməsi və yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət keçməsinin rəsmiləşdirilməsi və yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsində xidmət keçməsinin rəsmiləşdirilməsi və ona 2-ci qrup əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması üçün məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Şərur rayon hərbi komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə “kiçik leytenant” hərbi rütbəsində hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak etmiş, xx.xx.1992-ci il tarixdə döyüşdə yaralanmış və xx.xx.1992-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, yaralanmağı ilə əlaqədar ona xx.xx.1997-ci il tarixdə müddətsiz olaraq İİ dərəcəli əlillik qrupu təyin edilmişdir. Hazırda o, İİ qrup əlilliyə görə mülki şəxs kimi əmək pensiyası alır. xx.xx.2022-ci il tarixdə o, ərizə ilə AR Müdafiə Nazirliyinə və AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət edərək onun “kiçik leytenant” hərbi rütbəsində AR Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsində xidmət keçməsinin rəsmiləşdirilməsi və ona İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması məqsədilə məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin ərizəsinə AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən 8/1238 №-li, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsində xidmət keçməsinin rəsmiləşdirilməsi və ona İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması üçün məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair xx.xx.2022-ci il tarixli 8/3865 №li yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə pensiyanın təyin olunması üçün təminat xərcliyinə uyğunlaşdırmaqla təminat xərcliyinin hesablanması və bu barədə müəyyən olunmuş qaydada “məlumat vərəqəsinin verilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 1/3544 nömrəli məktubunda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən İddiaçı Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumatın olmadığı, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 4464 nömrəli məktubunda X7 Komitəsinin Arxivində saxlanılan sənədlərdə İddiaçı haqqında məlumatın aşkar edilmədiyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsindən daxil olmuş İddiaçı şəxsi işində olan sənədlərə baxış keçirilən zaman İddiaçı xx.xx.1992-ci il tarixdın xx.xx.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə komitəsi tərəfindən təşkil edilmiş qoşun sıralarında xidmət keçməsinə dair hər hansı bir məlumatın mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçının Azərbaycan Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsində həqiqi hərbi xidmətdə olması faktı ilə bağlı sənədlərdə öz əksini tapmışdır. İddiaçı barəsində məlumat vərəqinin tərtib edərək DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi qanuna müvafiq deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkündür. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iki hissədən, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1991-ci il tarixli Qərarı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi) tərkibində xidmət keçməsinin rəsmiləşdirilməsindən (məcburetmə haqqında iddia) və buna uyğun olaraq ona hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması üçün müvafiq inzibati orqana məlumat vərəqinin göndərilməsindən (öhdəliyin icrası haqqında iddia) ibarətdir. İddia buna subyektiv hüququ olan şəxs tərəfindən iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İddiaçı eyni tələblərlə əvvəlcə inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətinin təmin olunmasından imtina olunduğu üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İş materiallarında olan iddiaçıya məxsus; - AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ələkli kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - ZE seriyalı ******* №-li hərbi biletdə (notarial qaydada təsdiq olunmuş surəti) Naxçıvan MR Şərur rayon hərbi komissarlığı tərəfindən aparılmış qeydlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək həqiqi hərbi xidmətdə olmuş (səh. 5 bənd 10); 05 iyul 1988-ci il tarixdə Naxçıvan MR Şərur rayon hərbi komissarlığında qeydiyyata alınmış, 05 iyul 2000-ci il tarixdə qeydiyyatdan çıxarılmış (səh 20); 08 may 1992-ci ildən 20 iyul 1992-ci ilədək Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır (səh. 8 bənd 11). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının 139 №-li, xx.xx.1997-ci il tarixli Qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1960-cı il təvəllüdlü, vətəndaş İddiaçı aldığı travma, nə səbəbə ki, xx.xx.1992-ci ildə xx.xx.1992-ci ilə kimi “Alın nahiyyəsinin qarpana ilə zədələnməsi, göz nahiyyəsinin, göz ətrafının qarpana travmatik əzilməsi” diaqnozu ilə Şərur rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. /xx.xx.1992-ci il tarixli çıxarış epikrizi/Hərbi Travmadır. Əsas: Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.1997-ci il tarixli protokolu. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika X4 tərəfindən Naxçıvan HƏEK-ya ünvanlanmış xx.xx.1997-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Mərkəzə təqdim edilmiş tibbi-ekspert sənədləri ilə tanış olduqdan sonra məlum olmuşdur ki, o, həqiqətən 18 may 1992-ci il tarixdən 25 iyun 1992-ci il tarixə kimi Şərur rayonunun sərhəd bölgəsində gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. “Alın və göz nahiyyəsinin çarpana ilə travmatik əzilməsi” diaqnozu ilə Şərur RXM-da müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi HHK-nın 13 may 1997-ci il 139 saylı qərarı ilə İddiaçı aldığı travma – hərbi travma hesab edilmişdir. Təqdim edilmiş sənədlərə əsaslanaraq, əlilliyin səbəbi “Travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb” hesab etmək olar. Şərur Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1997-ci ildə verilmiş 112 №-li arayışda (notarial qaydada təsdiq olunmuş surəti) göstərilmişdir ki, 1960-cı il təvəllüdlü kiçik leytenant İddiaçı 18 may 1992-ci ildən 20 iyul 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Müdafiə Komitəsinin tərkibində Sədərək bölgəsində rota Komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak etmiş və yaralanması ilə əlaqədar 20 iyul 1992-ci ildə ordudan təxris olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə Cavabdeh xx.xx.2022-ci il tarixli 8/1238 №-li məktubu ilə cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsindən daha öncə daxil olmuş istefada olan kiçik leytenant İddiaçı şəxsi işinə, habelə tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı 18 may 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşun sıralarında xidmət keçməsinə dair hər hansı bir məlumat mövcüd deyil. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Nazirlik tərəfindən istefada olan kiçik leytenant İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün “Məlumat vərəqi"nin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/2-4579 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yaradılmış Müdafiə Komitəsinin sənədlərinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı Sədərək bölməsində rota komandirinin müavini vəzifəsində döyüşlərdə iştirakı və təxris olunması barədə araşdırma apara bilmirlər. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin 19 iyul 2022-ci il tarixli 0115 №li məktubu ilə məhkəməyə təqdim olunmuş 1960-cı il təvəllüdlü istefada olan kiçik leytenant İddiaçı şəxsi işində olan aşağıda qeyd edilən sənədlərdən (surətləri); - Şərur rayon Hərbi komissarlığı tərəfindən İddiaçı ünvanlanmış “Çağırış vərəqəsi”ndə onun 18 may 1992-ci il tarixdə Şərur rayon Hərbi komissarlığına gəlməsi əmr olunmuşdur. - “Xidmət Vərəqəsi”ndə Şərur rayon Hərbi komissarı tərəfindən aparılmış və Komissarlığın möhürü ilə təsdiq olunmuş qeydlərdən görünür ki, İddiaçı 18 may 1992-ci ildən 20 iyul 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Müdafiə Komitəsində rota komandirinin müavini vəzifəsində xidmət etmiş, xx.xx.1992-ci il tarixdə yaralanması ilə əlaqədar ordu sıralarından təxris olunmuşdur. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********5 №-li, xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid pensiya işindən müəyyən olunur ki, DSMF Nizami rayon şöbəsi tərəfindən (032019 №-li pensiya işi) xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1997-ci ildə pensiya təyin olunmuş, daha sonra DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən xx.xx.2005-ci ildə İİ qrup əlilliyə (Qarabağ əlili) görə pensiya təyin olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin 20 sentyabr 2022-ci il tarixli 1158 №li məktubunda, 1960-cı il təvəllüdlü istefada olan kiçik leytenant İddiaçı məxsus olan şəxsi işdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan MR Müdafiə Komitəsində xidməti və Şərur rayon Hərbi Komissarlığının əmrinə əsasən yaralanması ilə əlaqədar ordu sıralarından təxris olunması ilə bağlı məlumatların hansı əsaslarla aparılması barəsində İdarədə heç bir məlumatın olmadığı bildirilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, 18 may 1992-ci il tarixdə Şərur rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ələkli kəndində doğulmuş kiçik leytenant rütbəli İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xx.xx.1991-ci il tarixli Qərarı ilə yaradılmış Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsində rota komandirinin müavini vəzifəsində xidmət etmiş, xx.xx.1992-ci il tarixdə yaralanması ilə əlaqədar ordu sıralarından təxris olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi HHK-nın 13 may 1997-ci il 139 saylı qərarı ilə İddiaçı aldığı travma – hərbi travma hesab edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. - 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. - 25-ci maddəsinə əssən hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. - 27.1.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. - 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,Cavabdehndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir - 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. Qeyd olunan normalar o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı barəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək icra etdiyi rota komandirinin müavini vəzifəsinə uyğun olaraq xidmətinin rəsmiləşdirilməsi aparılmaqla və buna uyyğun məlumat vərəqi tərtib olunmaqla, ona pensiya təyin olunması üçün DSMF-yə göndərilməlidir və bu verilmiş tələb üzrə cavabdehliyi məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının va cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ələkli kəndində doğulmuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsində) tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək rota komandirinin müavini vəzifəsində xidmət keçməsinin rəsmiləşdirilməsi və ona İİ qrup əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunması üçün məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar