Məhkəmə qərarları › İş №2-1(112)-8109/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8109/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8109/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh “X9” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vəsaitin tutularaq xəzinə hesabına geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh “X9” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 14.185,12 manat müavinət məbləği, 1.911,69 manat gəlir vergisi olmaqla, ümumilikdə 16.096,81 manat vəsaitin tutularaq Filiala ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İ.Bidirxanoviçə aid əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri sığortaedən tərəfindən altsistemə daxil edilmiş və Filial tərəfindən İ.Bidirxanoviçə 14.185,12 manat (on dörd min yüz səksən beş manat on iki qəpik) məbləğində müavinət, əlavə olaraq 1.911,69 manat (bir min doqquz yüz on bir manat altmış doqquz qəpik) məbləğində gəlir vergisi ödənişə göndərilmişdir. Təhqiqat aktına əsasən müəyyən edilmişdir ki, bədbəxt hadisə 17 may 2022-ci il tarixdə Cəmiyyətə məxsus “STE-1” barjasının təmiri məqsədi ilə “Bibiheybət” Gəmi Təmiri Zavoduna məxsus tərsanəyə yedək gəmiləri vasitəsilə yedəkləmə prosesi aparılan zaman “SOCAR-1” gəmisinə birləşdirilmiş yedək kəndirinin qırılması nəticəsində baş vermişdir. Tərtib edilmiş Təhqiqat aktına əsasən Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş "Matros üçün əməyin mühafizəsi üzrə 1-01 nömrəli təlimatı“nın “İş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin 2-ci abzasının (Polad və bitki mənşəli materialdan olan kanatlarla iş görərkən, barabanlardan, knextdən, blokdan və digər qurğulardan 1 (bir) metr məsafədən yaxında dayanmaq qadağandır. Sintetik materialdan olan kanatlardan istifadə edilərsə, həmin məsafə 2-3 metrdən az olmamalıdır) tələblərinə riayət edilməmişdir. Yekun olaraq, Filial tərəfindən sığortaolunanın hesabına əsassız ödənilmiş vəsaitin Filialın xəzinə hesabına geri qaytarılması ilə bağlı sığortaedənə 25 iyun 2024-cü il tarixli 3-17-1/2-146146/2024 nömrəli məktub ünvanlanmış, geri qaytarılmayacağı təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Sığortaedən 15 iyul 2024-cü il tarixli 13-3-2/2- 787/2024 nömrəli cavab məktubu ilə əsassız ödənilmiş müavinətin geri qaytarılmasından imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş bədbəxt hadisəylə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmri ilə 5 nəfərdən ibarət komissiya yaradılmış, komissiyanın iştirakı ilə təhqiqat aktı tərtib edilmişdir. Təhqiqat aktında hadisənin bütün təfsilatı qeyd olunmuş, həmçinin bədbəxt hadisənin baş vermə səbəbi kimi İ.Əliyev tərəfindən ASCO-nun əməyin mühafizəsinə dair müvafiq sənədlərinin tələblərinə riayət edilməməsi komissiyanın 5 üzvündən 3-nün səs çoxluğu ile təsdiqlənmişdir. Buna baxmayaraq, iddiaçı əsassız olaraq cavabdeh tərəfindən hadisənin istehsalatda baş verməsinin gizlədildiyini bildirmiş, lakin məhz təhqiqat aktının 6-cı bəndində baş vermiş bədbəxt hadisənin istehsalatla əlaqəli olması göstərilmişdir. İddia tələbinin əsası kimi qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiqlənən "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 107-ci hissəsində qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləğinin sığortaedənin vəsaiti hesabına ödənildiyi qeyd olunmuşdur. Qeyd olunan bəndlərinin dispozisiyalarında məhz sığortaedənin, yəni cavabdehin İZ aktına əsasən təqsirli hesab ediliyi halda sığorta ödənişinin onun hesabına ödənilməsi öhdəliyi vurğulanmışdır. ASCO-nun isə sözügedən bədbəxt hadisəylə bağlı təqsirinin olmaması Səbail rayon Prokurorluğunun müvafiq ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli qərarında, həmçinin həmin qərar əsasında tartib olunan İZ aktında təsdiq olunmuşdur. Sözügedən bədbəxt hadisənin sənədləşdirilməsi ilə bağlı, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi üzrə tərtib olunan 28 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhər Xətai rayon Məhkəməsinin müvafiq qərarı ilə ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra adıçəkilən inzibati orqanın müvafiq qərardan verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 3(103)-1442/2023 saylı qərarı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Nəticə etibarilə, sözügedən bədbəxt hadisəylə bağlı tərtib olunmuş İZ aktının əsaslılığı və qanuniliyi aidiyyəti instansiyalar üzrə məhkəmələr tərəfindən də yoxlanılmış və məhkəmə qərarları ilə təsdiq olunmuşdur. İddiaçının Nazirlər Kabinetinin 8 may 2000-ci il tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nəqliyyat Donanması gəmilərində xidmət" nizamnaməsinin V fəslinin 49-cu bəndinə (Kapitan gəminin bortunda təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət olunması üçün məsuliyyət daşıyır) və "Gəminin inşası və təmiri zamanı kapitanın vəzifələri bölməsinin 108-ci bəndinə (gemi doka qoyularkən (slipə qaldırma) və dokdan çıxarılarkən (slipdən endirmə) kapitan heyətin işinə rəhbərlik etməlidir) istinadı ilə əlaqədar bildiririk ki, bədbəxt hadisənin baş vermə zamanında gəmi nə doka qoyulmuş, nə də dokdan çıxarılmışdır və bu fakt həm təhqiqat aktının tərkibinə daxil olan rəylərdə, həm də Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan məktublarda öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsin xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə həmin vəsaitin işəötürəndən tutulması ilə bağlı qeyd edir ki, analoji mübahisələr üzrə, vəfat edən əmək pensiyaçısının kart hesabına artıq ödənilmiş vəsaitin onun vərəsəsindən tutulmasına dair işlərdə də analoji vəziyyət mövcud olur. Artıq vəsaiti alan şəxslə (əmək pensiyaçısının vərəsəsi ilə) pensiya orqanı arasında hər hansı publik münasibət mövcud olmur. Lakin DSMF publik münasibətlər çərçivəsində ödənilmiş həmin vəsaiti mülki qaydada tələb edə bilmədiyindən formalaşmış məhkəmə təcrübəsinə əsasən bu iddialara da inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxılır. Odur ki, hazırkı işdə də, iddiaçı ilə cavabdeh arasında publik münasibətlərin olmaması, həmin vəsaitin inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə tələb etmək hüququnu istisna etmir. Çünki mübahisənin xarakteri publik münasibətlərə əsaslanır və sosial sığorta ilə bağlı qanunvericiliyin tələbləri mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında araşdırılmalı olan məsələdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 bədən xəsarətləri alması faktına görə toplanmış 88-c-2022 nömrəli materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “material üzrə təyin olunmuş məhkəmə texniki-təhlükəsizlik ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3624 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilar, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin və “Matros üçün əməyin mühafizəsi üzrə 1-01 №-li Təlimatı”nın iş vaxtı təhlükəsizlik tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ….. Göründüyü kimi, “X9” QSCnin X11 Donanmasına məxsus STB-1 barjasının 901 saylı üzən tərsanəyə qaldırılması işinə cəlb olunmuş motorçu X3 bədən xəsarətləri almaları faktına görə toplanmış materialda hər hansı bir cinayət, eləcə də inzibati xəta tərkibinin əlamətləri yoxdur. Belə ki, aparılmış yoxlama zamanı müəyyən olunmuşdur ki, həmin hadisə bilavasitə zərərçəkmiş şəxs – İlqar Əliyev tərəfindən “Təşkilar, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin və “Matros üçün əməyin mühafizəsi üzrə 1-01 №-li Təlimatı”nın iş vaxtı təhlükəsizlik tələbləri başlığının tələblərinin onun özü tərəfindən pozulması səbəbindən baş vermişdir” X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh QSC-nin X11 Donanmasının rəisi X1 işçisi X5 ilə xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırması əsas gətirilərək İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1442/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1929/2023 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı səhv ödənilmiş müavinət məbləğinin geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Məktubda qeyd olunmuşdur ki, İ.Bidirxanoviçə aid əmək qabiliyyətinin olmaması vərəqələrindəki əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı olduğuna istinad olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respubliası Əmək Məcəlləsinin: Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin:

1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra – sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir.

2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

107. Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsi üçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir. Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar, yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır. Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

116. Artıq verilmiş müavinət məbləği müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən sui-istifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən, məhkəmənin qərarı ilə aliment və ailə başçısının xəsarət almasına, yaxud sağlamlığının başqa şəkildə pozulmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.

121. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş sığortaolunana əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək Fondun yerli qurumları tərəfindən ödənilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən təqsirkar sığortaedən tərəfindən dövlət sosial müdafiə fondunun hesabına qaytarılmalıdır. Qeyd edilən normanın aydın olması üçün “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışları nəzərə yetirmək lazımdır. Həmin Qanunun: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər. İş materiallarından aydın olduğu kimi, iddiaçı Cavabdeh QSC-nin X11 Donanmasında çalışan X4 ödənilmiş 14.185,12 manat məbləğində müavinətin, habelə tutulmuş 1.911,69 manat gəlir vergisi daxil olmaqla, ümumilikdə 16.096,81 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya qaytarılmasını tələb edir. Göstərilən hüquqi münasibətlərdə iddiaçı sığortaçı, cavabdeh sığortaedən, X5 isə sığortaolunan qismində çıxış edir. İddiaçı artıq ödənildiyini iddia etdiyi müavinət məbləğinin cavabdehdən geri tutulmasını onunla əsaslandırmışdır ki, bədbəxt hadisə 17 may 2022-ci il tarixdə Cəmiyyətə məxsus “STE-1” barjasının təmiri məqsədilə “Bibiheybət” Gəmi Təmiri Zavoduna məxsus tərsanəyə yedək gəmiləri vasitəsilə aparılması zamanı, “SOCAR-1” gəmisinə birləşdirilmiş yedək kəndirinin qırılması nəticəsində baş vermişdir. İddiaçının mövqeyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 107-ci maddəsinin tələbləri baxımından bədbəxt hadisənin baş verməsində təqsir cavabdehə aid olduğundan, sığortaolunan X4 müavinət iddiaçı tərəfindən deyil, məhz cavabdeh tərəfindən ödənilməli idi. Bu səbəbdən iddiaçı onun tərəfindən artıq ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə isə iddiaçının irəli sürdüyü arqumentləri əsassız hesab edir. Belə ki, qüvvədə olan qanunvericiliyin və müvafiq normativ hüquqi aktların tələblərinə əsasən, bədbəxt hadisənin rəsmiləşdirilməsi zamanı tərtib edilmiş İZ aktı ilə sığortaedənin təqsirli hesab edilməsi halında, istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara müavinət əmək qabiliyyətinin itirildiyi bütün dövr üzrə hesablanmış məbləğdə sığortaedənin vəsaiti hesabına ödənilməlidir. Başqa sözlə, hüquqi tənzimləmənin mahiyyəti ondan ibarətdir ki, əgər bədbəxt hadisənin baş verməsi İZ aktına əsasən sığortaedənin təqsiri ilə əlaqələndirilirsə, bu halda sığortaolunanın müvəqqəti əmək qabiliyyətini itirdiyi dövr üçün müavinətin ödənilməsi üzrə maliyyə yükü sığortaçının deyil, birbaşa sığortaedənin üzərinə düşür. Məhkəmə hazırkı iddia tələbi üzrə müəyyən etməli olduğu əsas halın, bədbəxt hadisənin cavabdehin təqsiri nəticəsində baş verib-vermədiyinin aydınlaşdırılmasından ibarət olduğunu qeyd edir. İş üzrə toplanmış sübutların məcmusundan isə aydın görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisənin yaranmasında cavabdehin hər hansı hüquqazidd hərəkəti və ya səhlənkarlığı mövcud olmamışdır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan da göründüyü kimi, hadisə bilavasitə zərərçəkmiş şəxs – X5 tərəfindən “Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin, habelə “Matros üçün əməyin mühafizəsi üzrə 1-01 №-li Təlimat”ın “iş vaxtı təhlükəsizlik tələbləri” bölməsinin tələblərinin onun özü tərəfindən pozulması nəticəsində baş vermişdir. Həmin hal təhqiqat zamanı aparılmış texniki-təhlükəsizlik ekspertizasının rəyi ilə də obyektiv şəkildə təsdiq edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırmanın nəticələri üzrə müvafiq aktın tərtib edilməməsi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cavabdeh 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin sözügedən qərar qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-1929/2023 nömrəli qərarından, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1442/2023 nömrəli qərarından aydın olur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisə cavabdehin təqsiri nəticəsində deyil, zərərçəkmiş X3 əməyin mühafizəsi üzrə təlimatların tələblərini pozması səbəbindən baş vermişdir. Bu baxımdan, iddiaçının cavabdehin təqsirli olması arqumentlərinə əsaslanaraq məsuliyyəti cavabdehin üzərinə qoyması və Əsasnamənin 107-ci maddəsinə istinad etməklə ödənişin geri qaytarılmasını tələb etməsi hüquqi əsaslardan məhrumdur. Qanunvericiliyin tələblərinə əsasən, şəxsin (o cümlədən hüquqi şəxsin) təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə, onun təqsirli hesab edilməsi yolverilməzdir. Təqsirsizlik prezumpsiyası prinsipinə görə isə sübut olunmamış təqsir əsasında hüquqi məsuliyyətin tətbiqi və ya maliyyə öhdəliyinin yüklənməsi hüquqa zidd hesab olunur. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar