Məhkəmə qərarları › İş №2-1(112)-811/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-811/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-811/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, Laçın rayonu ərazisində döyüşə yollanmış, 1993-cü fevral 17-də əməliyyat olunduğu üçün Sabunçu rayon xəstəxanasına göndərilmişdir. İddiaçı qeyd edir ki, onun hər hansı cinayət məsuliyyəti olmamış, onun barəsində ittiham hökmü çıxarılmamış, 1992-1993-cü illərdə xidməti barədə qeydlər hərbi biletdə öz əksini tapmışdır.. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissəni N iyul 1993-cü il tarixdə silahla tərk etdiyinə görə veteran statusunun verilməsindən imtina olunur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçı N saylı hərbi hissəni N iyul 1993-cü il tarixdə silahla tərk etdiyinə görə veteran statusunun verilməsindən imtina olunur. 21 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin N iyul 1993-cü il tarixli əmrində iddiaçının silahla qaçmış şəxsin heyətinin Qaradağ RHK-dən çağrılmış şəxslərin siyahısında adı qeyd edilmişdir. 21 aprel 1998-ci il tarixdə hərbi xidmətə çağrılmışdır. 17 fevral 2000-ci il tarixli əmrlə şəxsi heyət siyahısında çıxarılaraq qeydiyyata düşmək üçün Qaradağ RHK-ya göndərilmişdir. İddiaçının 1992-ci il noyabrdekabr, 07 mart 1993-03 iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin məktublarında qeyd edilmişdir ki, iddiaçı 26 sentyabr 1992-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılmış və K-22 təhvil verilmişdir. İddiaçının 1993-cü il tarixədək hərbi xidmət keçməsi barədə Qaradağ rayon idarəsində məlumatı yoxdur. Bundan əlavə, iddiaçı 21 aprel 1998-ci il tarixdən 17 fevral 2000-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və təxris olunmuşdur. Milli Məclisin 17 oktyabr 1997-ci il tarixli “Amnistiya” haqqında qərarına əsasən iddiaçı 21 aprel 1998-ci il tarixdə təkrarən hərbi xidmətə çağrılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyası və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının və X1 məktublarında qeyd edilmişdir ki, iddiaçının müalicə və müayinə olunması barədə hər hansı məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzr Dövlət Xidmətinin və Müdafiə Nazirliyinin və Quba Hərbi Prokurorluğunun məktublarında qeyd edilmişdir ki, iddiaçı barəsində cinayət işinin açılıb-açılmaması, təqsirləndirilməsi, cinayət təqibinə xitam və s barədə hər hansı məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu cavabdeh sübut etməlidir ki, məhkəmə hesab edir ki, məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlər də müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbulunu istisna etmək üçün yetərli sübut hesab edilir. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçı 26 sentyabr 1992-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılmış və K-22 təhvil verilmişdir. N iyul 1993-cü il tarixli 118 nömrəli əmri ilə isə iddiaçının adı silahla qaçmış şəxsin heyətin siyahısı üzrə qeyd edilmişdir ki, Milli Məclisin 17 oktyabr 1997-ci il tarixli “Amnistiya” haqqında qərarına əsasən iddiaçı 21 aprel 1998-ci il tarixdə təkrarən hərbi xidmətə çağrılmış və 17 fevral 2000-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunmalıdır ki, iddiaçının hal-hazırda qanuni əsaslarla ehtiyata buraxılması müəyyən edilir, belə ki, iddiaçı 17 fevral 2000-ci il tarixli əmrlə ehtiyata buraxılmışdır. Lakin, məhkəmə hesab edir ki, qanuni əsaslarla ehtiyata buraxılma hazırkı halda müraciətin təminini istisna edən halı aradan qaldırmır. Belə ki, iddiaçının 17 fevral 2000-ci il tarixdə ehtiyata buraxılması, onun 21 aprel 1998-ci il tarixdən təkrarən hərbi xidmətə çağrılması ilə əlaqədardır ki, həmin dövr üzrə döyüş əməliyyatlarının aparılması istisna edilir. İddiaçının döyüşlərdə iştirak etdiyini qeyd etdiyi dövrdə isə, iddiaçı 26 sentyabr 1992-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılsa da, həmin hərbi xidməti davam etdirməmiş, silahla xidmət yerini özbaşına tərk etməsi barədə sənədləşmə aparılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının silahla qaçmış şəxsi heyətin siyahısına daxil edilməsinə dair N iyul 1993-cü il tarixli 118 nömrəli əmri inzibati aktdır, hüquqi nəticəsi mövcuddur, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilən səbəbdən də, nə qədər ki, həmin əmr qüvvədədir, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsinə dair işin halı mübahisə doğurmur. Qeyd olunmalıdır ki, məhz həmin halın hüquqi nəticəsidir ki, iddiaçı amnistiya aktına əsasən bir-neçə il sonra yenidən hərbi xidmətə çağrılmışdır. Yuxarıda istinad edilən amnistiya qərarından görünür ki, amnistiya aktı hərbi xidmətlə əlaqədardır. Doğrudur, aidiyyəti qurumların sorğulara cavab məktublarından müəyyən edilir ki, iddiaçının hərbi xidmətdən yayınma ilə əlaqədar cinayət işinin açılması, təqsirləndirilməsi, ittiham hökmü və ya digər xarakterli qərar barəsində hər hansı məlumat mövcud deyildir. Lakin, nəzərə alınmalıdır ki, hərbi xidmətdən yayınma halının təkcə cinayət işi ilə əlaqələndirilməsi veteran statusu və vəsiqəsinin verilməsi məqsədləri ilə uyğunluq təşkil etmir. Şahid ifadəsinə istinadla da veteran statusunun verilməməsi həmin istiqamət üzrə qiymətləndirmə baxımından dəyərləndirilir. Doğrudur şahid ifadəsində iddiaçı ilə döyüşlərdə iştirakına dair ifadə vermişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döyüşlərdə iştirak edən şəxslərin təkcə döyüşlərdə iştirakı veteran statusunun verilməsi üçün kifayət etmir, buna münasibətdə döyüşlərdə iştirak edən şəxslərin döyüşlərdə iştirakının davamlılığı, hərbi xidmət yerini tərk etməməsi, xidməti və tibbi zərurətlə əlaqədar olaraq döyüş bölgəsindən kənarlaşdırılmasının mümkün olması, qanuni əsaslarla məhz göstərilən dövrdə ehtiyata buraxılması zəruridir. Hazırda isə göstərilən hallar 1993-cü il tarixli xidmət yerini tərk etməyə dair əmrin, əmrin hüquqi nəticələrinin, eləcə də bunun davamı kimi amnistiya aktının iddiaçıya tətbiqinin qiymətləndirilməsi baxımından mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar