Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8110/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) onunla kirayə müqaviləsinin bağlanması ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, keçmiş Oktyabr rayon XDS İK-nin 02329 nömrəli xx.xx.1962-ci il tarixli orderinə əsasən qeyd edilmiş yaşayış sahəsi X1 istifadəsinə verildiyindən, anası Firəngiz Məmmədovaya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyindən, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olduğundan həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bir otaqlı 11.0 kv.m sahəsi olan mənzilin kirayə müqaviləsinin onun adına bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ümumi həyətdə yerləşən, digər yaşayış sahələrindən təcrid olunmuş bir otaqlı 11.0 kv.m sahəsi olan mənzil 19 aprel 1962ci il tarixli 02329 saylı order əsasında X5 istifadəsində olmuş, xx.xx.2001-ci il tarixli 525 saylı Cavabdeh Başçısının sərəncamına əsasən mənzilin kirayə müqaviləsi Məmmədova Minənin ölümü ilə bağlı anası X3 adına keçirilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının anası Məmmədova Firəngiz vəfat etmiş və bu səbəbdən mənzilin kirayə müqaviləsinin onun adına rəsmiləşdirilməsini cavabdehdən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məktubla qanun üzrə vərəsəlik şəhadətnaməsinin və sahiblik və istifadə hüquqlarının mülki-hüquq münasibətlərinin predmeti olduğu səbəbindən imtina edilmişdir. Lakin cavabdehə təqdim etdiyi doğum və ölüm haqqında şəhadətnamələr təsdiq edir ki, o, mərhum anası F.Məmmədovanın varisidir, lakin kirayə müqaviləsinin dəyişdirilməsi üçün müraciət etdiyi daşınmaz əmlak özəlləşdirilmədiyi üçün daşınmaz əmlakla bağlı vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edən iddiaçının səlahiyyətli inzibati orqana ünvanlanmış hazırkı tələbi məcburetmə haqqında iddia növünə uyğun olmaqla inzibati mübahisədir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə (İPM), maddə 2.2.2). İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş (İPM, maddə 33.2), ona imtina cavabı verildikdən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM, 38.2). İddianın əsaslılığına gəldikdə isə, məhkəmə qeyd edir ki, işdə olan Oktyabr rayonu Mənzil İdarəsinin xx.xx.1962-ci il tarixli orderindən görünür ki, 1-ci Sverdlovski küçəsində yerləşən sahəsi 11 kv.metr olan 1 otaqlı 52 saylı mənzil 2 nəfər ailə üzvü ilə X5 istifadəsinə verilmişdir. xx.xx.1995-ci il tarixli, 498419 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 beyin-damar pozğunluğu səbəbindən ölmüşdür. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli 525 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamından görünür ki, S.Əsgərova küçəsi 52 saylı evin mənzil kirayəçisi X6 ölümü ilə əlaqədar 1 otaqlı sahəsi 11,0 kv.m olan mənzilin kirayə müqaviləsinin mərhumun gəlini X4 ilə bağlanılması qərara alınmış, sərəncamda onun ailə rəkibi aşağıdakı kimi müəyyən edilmişdir:
1. X4 – özü;
2. Məmmədova Təranə Ə.- qızı;
3. Adilov Rəvan T.- nəvəsi. xx.xx.1995-ci il tarixli, 445380 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 və X7 xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuş, nikahdan sonra arvada “Adilova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 950351 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ağciyər ödemi səbəbindən xx.xx.2018-ci il tarixdə ölmüşdür. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 40 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Başçısının 525 nömrəli, 17 sentyabr 2001-ci il tarixli Sərəncamı ilə ünvan 2 ünvanında yaşayış sahəsi 11,0 kv.m olan 1 otaqlı mənzilin kirayə müqaviləsi 08 iyun 2018-ci il tarixində vəfat etmiş X4 ilə bağlanmışdır. Hal-hazırda həmin mənzildə qeydiyyatda olanlar X7 və X9r. İddiaçı hazırda Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli 525 saylı sərəncamına əsasən 52 saylı mənzilin kirayəçisi olan anası Firəngiz Məmmədovanın vəfat etməsi ilə bağlı həmin mənzilə dair kirayə müqaviləsinin onunla bağlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarının ailə üzvləri, onunla eyni hüquq və vəzifələrə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Bu zaman tələb olunan yeganə şərt mənzilə hüququ olan digər şəxslərin razılığının alınmasıdır. İşdən görünür ki, mübahisəli mənzil 1962-ci ildə Minə Məmmədovanın istifadəsinə verilmiş, daha sonra onun ölümü ilə bağlı 2001-ci ildə mənzilin kirayəçisi iddiaçının anası F.Məmmədova hesab edilmiş və sərəncamda onun ailə üzvü kimi iddiaçının adı da qeyd edilmiş, iddiaçı həmin mənzildə yaşamaqla birgə təsərrüfat aparmış, 2005-ci ildə həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə olan halda aydındır ki, 20 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, mübahisəli yaşayış sahəsində qeydiyyada olan X13 xx.xx.2024-cü il tarixdə notarial qaydada ərizə təqdim edərək, qeydiyyatda olduğu ünvan 3 ünvanının kirayə müqaviləsinin həmin ünvanda qeydiyyatda olan anası İddiaçı adına keçməsinə etiraz etməmişdir. Belə olan halda aydın olur ki, 52 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Cavabdeh iddiaçıya imtina cavabı verərəkən yaşayış sahəsinin X1 istifadəsinə verilməsinə, anası Firəngiz Məmmədovaya dair qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilməməsinə, eyni zamanda daşınmaz əmlaka mülkiyyət, sahiblik və istifadə hüququna dair münasibətlər mülki-hüquq münasibətlərinin predmeti olmasına istinad etmiş, lakin bu zaman yuxarıda qeyd olunan işin hallarını və maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Həmçinin qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.-ci maddəsinə əsasən qaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görəyaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi ünvanında yerləşən 1 otaqlı 11 kv.metr sahəsi olan 52 saylı evə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova