Məhkəmə qərarları › İş №2-1(112)-8111/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8111/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8111/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X6) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X6) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzili və Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzili iddiaçıya məxsusdur. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyesrində onun adına qeydə alınmış və reyestrdən çıxarış verilmişdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilini “daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” ilə 13 fevral 2007-ci il tarixdə əldə etmişdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzili siə, atası X2 miras qalmışdır. Atası həmin mənzili alqı-satqı müqaviləsi ilə 14 aprel 2006-cı il tarixdə əldə etmişdir. X5 və X6 həmin mənzillərin əvvəlki sakinləridir. Alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunduqdan sonra həmin mənzili tərk etmişlər. Müqavilənin 13-cü bəndinə əsasən satıcı satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Adıçəkilən şəxslər həmin öhdəliyi üzərinə götürməsinə baxmayaraq, bu günə kimi iddiaçıya məxsus mənzillərdə qeydiyyatda qalmışlar. İddiaçı onların qeydiyyatına xitam verilməsi ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir. Lakın xahişi təmin olunmamışdır. İstifadə hüquqlarının itirilməsinin müəyyən edilməsi ilə əlaqədar iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaya ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə, İPM-in 33, 45-47, 73-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh ediməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, X3 Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilindən və X4 Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdeh və üçüncü şəxslər gəlməmişlər, iddiaçı isə gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 31 mart 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 aprel 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 22 aprel 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X5 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 22 aprel 2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X6 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ tərəfindən İddiaçı ünvanlanmış 04 may 2021-ci il tarixli məktubdan görünür ki, sonuncuya «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxslər X5 və X4 müvafiq olaraq Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzil və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzili və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzili İddiaçı mülkiyyətindədir və bu barədə DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq ********* və ********* qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Üçüncü şəxslər X5 və X6 həmin mənzilin əvvəlki sakinləri kimi orada qeydiyyatdadırlar, lakin sözügedən mənzildə yaşamırlar. İddiaçı onların sözügedən mənzillərdən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər RPİ-yə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuş və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər X5 və X6 İddiaçı mülkiyyətində olan müvafiq olaraq Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzillərində yaşamadıqlarından, onlarla hazırkı iddiaçı arasında hər hansı notarial qaydada təsdiqlənmiş müvafiq müqavilələr mövcud olmadığından, mənzillər hazırkı iddiaçıya alqısatqı müqavilələr ilə satıldığından, adıçəkilən şəxslərin müvafiq mənzillərə hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər RPİ tərəfindən aparılan inzibati icraatda üçüncü şəxslərin iddiaçının mülkiyyətindəki mənzillərdən qeydiyyatdan çıxarılmasından imtina barədə məktubunda göstərilən əsaslarla qaldırılan məsələnin həllinin təmin olunmaması formal mülahizələrə söykənən, qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzillərində müvafiq olaraq üçüncü şəxslər X5 və X6 hazırda yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən isə təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında üçüncü şəxslər X5 və X1 yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilindən üçüncü şəxs X3 və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilindən üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 38 “A” saylı evin 18 saylı mənzilindən üçüncü şəxs X3 və Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 32 “A” saylı evin 2 saylı mənzilindən üçüncü şəxs X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar