Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8116/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh qarşı “göstərişin məcburi icrasının təmin edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra mətndə Xidmət) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fiziki şəxs Cavabdeh verilmiş 11.06.2021-ci il tarixli göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X7 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra Dövlət Xidməti) 16.09.2020-ci il tarixli 305 nömrəli müraciəti (daxilolma qeydiyyatı: 17.09.2020, 5/1626) daxil olmuşdur. Müraciətdə “CROCODİLE” adlı mağazada “DAMA S.P.A" şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X7 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "xxxx" MMC 327 nömrəli 09.12.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2425, 16.12.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanının sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli 29.12.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2511, 30.12.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X7 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar “CROCODİLE" adlı mağazanın sahibi Cavabdeh Xidmətin 28.12.2020-ci il tarixli AİBNDX-05/01-5/2080 nömrəli məktubu ilə “PAUL & SHARK” və 08.01.2021-ci il tarixli AİBNDX-05/01-5/33 nömrəli məktubu ilə isə “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq bu barədə Xidmətə məlumat verməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş məktublarla (daxilolma qeydiyyatları: 5/74, 13.01.2021-ci il və 5/125, 19.01.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "xxxx" MMC-nin 005 nömrəli 21.01.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/155, 22.01.2021-ci il) ilə ünvan 2 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK" və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözügedən ünvanda fiziki şəxs Cavabdeh (VÖEN: **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "xxxx" MMC 18.02.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/526, 22.02.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə 08.02.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq fiziki şəxs Cavabdeh fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması 07.04.2021-ci il tarixinə təyin edilərək müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Komisiyyanın 07.04.2021-ci il, 27.04.2021-ci il və 19.05.2021-ci il tarixlərində keçirilmiş işəbaxılma iclasları müxtəlif səbəblərdən təxirə salınmışdır. Komissiyanın 09.06.2021-ci il tarixində keçirilən işəbaxılma iclasında fiziki şəxs Cavabdeh nümayəndəsi X5 və "xxxx" MMC-nin nümayəndəsi X2 iştirak etmişdir. Komissiyanın müvafiq qərarları ilə fiziki şəxs Cavabdeh aşağıdakı sənəd və məlumatlar tələb edilmişdir: -vergi orqanlarında qeydiyyatda olduğu barədə şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surəti; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; -“PAUL & SHARK" və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarix (gün, ay, il) barədə məlumat; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS" əmtəə nişanlı malların satışından əldə olunmuş gəlirləri barədə məlumatlar və bunu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlı malların mədaxilinə, yəni alışına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlı malların qalığı barədə (malın adı, qablaşdırma növü, sayı, mədaxil və satış qiymətləri) məlumatlar; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinə olan dövrdə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş müvafiq hesabatların (əlavə dəyər vergisinin bəyannamələri) müvafiq qaydada təsdiq olunmuş surətləri. Eyni zamanda həmin qərarlarla təsərrüfat subyektləri məlumatların düzgün və vaxtında təqdim olunmamasına görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə əsasən məsuliyyət daşıdıqları fiziki şəxs Cavabdeh nəzərinə çatdırılmışdır. Buna baxmayaraq fiziki şəxs Cavabdeh lazımi sənədləri təqdim etməmiş və bu səbəbdən Dövlət Xidmətinin 09.06.2021-ci il tarixli qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə fiziki şəxsə 11.06.2021-ci il tarixli göstəriş verilmişdir. Lakin həmin göstəriş icra edilməyərək tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Dövlət Xidmətinə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, cavabdehin fəaliyyəti qanunvericiliyə uyğun aparılmaqdadır, heç bir qanun pozuntusuna yol verməmişdir. Şikayətin özü ilə tanış olmaq imkanları yoxdur. Şikayət əsasında qurumun iddiaçıya yolladığı qərarlarda araşdırma üçün olan əsaslar göstərilməmişdir. Dəfələrlə qurumdan hansı qanun pozuntusuna yol verdiklərini dəqiqləşdirməsi haqda xahiş etmiş, cavab yerinə çıxarılan növbəti qərarla mücərrəd, iş qaldırılması üçün göstərdikləri hallarla üst üstə düşməyən qanunvericilik aktlarından sitatlar gətirməklə kifayətlənmişlərdir. Qurumun keçirdiyi iclaslarda və yazılı olaraq bildirmişlər ki, mağazanı, bütün texniki vasitələri, bütün bank çıxarışlarını, bütün alış sənədlərini, o cümlədən bütün idxal sənədlərini, bütün tələb olunan və olunmayan, amma ona məxsus olan sənədləri artıqlaması ilə istədikləri zaman onların nümayəndələrinin ixtiyarına verməyə hazırdırlar. İddiaçı və əməkdaşları tələb olunanların icrasının mümkünsüzlüyünü və dəqiqləşdirilməsini xahiş edirlər. Təəssüf ki qurum yazdıqlarını oxumur, dediklərini dinləmir. Qurum məhkəmədən 11.06.2021-ci il tarixli göstərişin icra olunmasını istəməklə məhkəməni aldatmağa çalışır. Göstəriş 09 iyun 2021-ci il tarixli qanunsuz qərarın yerinə yetirilməsi haqqındadır. Qurum iddia ərizəsinə qoşma kimi göstərişi əlavə edir, amma göstəriş üçün əsas olan çıxardığı icrası mümkün olmayan qərarını əlavə etmək əvəzinə qətiyyən iddiaçının işlə heç cür üst üstə düşməyən, tamamilə fərqli hal üzrə başqa bir şəxs ilə olan məhkəmə çəkişməsi materialını əlavə edərək guya presendenti olan bir hal kimi təqdim etməyə çalışır. Şikayətçi ölkədə faəliyət göstərən bazar subyektlərindən biridir. Amma əmtəə nişanlarının sahibi deyildir. Qurumun verdiyi qərarlarda adları çəkilən əmtəə nişanlarının sahibləri bazarın subyektləri olmayan xarici hüquqi şəxslərdir. Şikayətçinin hər hansı xarici ölkə şəxsləri ilə malların alqı-satqı müqaviləsi bağlamaq bu malları gətirib satmaq kimi şübhəsiz hüquqları vardır. Şikayətçinin istənilən digər bazar subyektindən şübhələnərək müxtəlif orqanlara müraciətlər etməsi qanunla qadağan oluna bilməz. Amma iddia etdiyi məsələləri eyni zamanda sübut etmək öhdəliyi də qanunvericilik tərəfindən müəyyən olunmuşdur. İddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək ünvan 1 ünvanında fəaliyyət göstərən “CROCODİLE” adlı mağazada “DAMA S.P.A" şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X7 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığını bildirmişdir. Qeyd olunan müraciətlə əlaqədar “CROCODİLE" adlı mağazanın sahibi Cavabdeh fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 15.03.2021-ci il tarixdə iş qaldırılmış, işə baxılması üçün komissiya tərkibi müəyyən olunaraq təsdiq edilmiş, Komissiya tərəfindən mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Müvafiq sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 09.06.2021-ci il tarixli qərarı ilə barəsində 2818,77 manat maliyyə sanksiyası tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatların təqdim olunması tələb edilmişdir. Xidmətin 11.06.2021-ci il tarixli göstərişi ilə 09.06.2021-ci il tarixli qərar ilə tətbiq edilmiş 2818,77 manat maliyyə sanksiyasının bank hesabına köçürülməsinin təmin edilməsi və eyni zamanda həmin qərarda sadalanan sənədlərin 3 iş günü müddətində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Hazırkı iş üzrə iddiaçı Xidmət 11.06.2021-ci il tarixli göstərişinin sənəd və məlumatların təqdim edilməsi hissəsində məcburi icrasının təmin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). X3 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qeyd olunan Plenum Qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq məhkəmə inzibati orqanın inzibati məhkəmə icraatı qaydasında qaldırdığı sənəd və məlumatların təqdim edilməsi ilə bağlı hazırkı iddiasının iddiaçının məhkəmə müdafiəsi hüququnun mövcud olub-olmaması baxımından mümkünlüyünə aşağıdakı normativ aktlar əsasında qiymət verməyi zəruri hesab edir. İ. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun: -11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: -müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; -qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; -haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; -bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. -11-ci maddəsinin 2-ci bəndinə əsasən bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. -12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: -Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; -Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. İİ. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun: -3-cü maddəsinə görə inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. -16-cı maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. -17-ci maddəsinin 1-ci bəndinə görə Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. -17-ci maddəsinin 2-ci bəndinə görə vurulmuş zərər məhkəmə tərəfindən tutulur. -18-ci maddəsinə görə bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. -Təsərrüfat subyektləri: -müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; -müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. İİİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: -1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. -2.1-ci bəndinə görə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. -2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. -2.4-cü bəndinə əsasən Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. -2.5-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. -2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. -2.16-cı bəndinə görə Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. -2.17-ci bəndinə görə göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi - onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. Beləliklə, sadalanan qanunvericilik normalarından müəyyən olunur ki, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya anttinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlardan, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərə tutulmuş müvafiq nəticələrə səbəb olur. Belə ki, antiinhisar orqanının işi mahiyyəti üzrə həll etdikdən və pozuntu barədə müvafiq qərar qəbul etdikdən sonra həmin qərara uyğun verilmiş göstərişlər yerinə yetirilmədikdə qanunverici antiinhisar orqanı üçün iki mühüm səlahiyyət nəzərdə tutumuşdur: 1.Qaydaların 2.21-ci bəndində sadalanmış hallar üzrə müvafiq iddia ilə məhkəməyə müraciət etmək. Belə ki, Qaydaların adıçəkilən 2.21-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstəriş yerinə yetirilmədikdə, Antiinhisar orqanı həmin aktların bütövlüklə və ya qismən etibarsız hesab edilməsi, yaxud antiinhisar qanunvericiliyinin pozulması baş verən ana qədərki vəziyyətin bərpa olunmasının məcburi həyata keçirilməsi haqqında ərizə ilə məhkəmə orqanlarına müraciət edə bilər. Digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilmədikdə Antiinhisar orqanı müqavilənin məcburi bağlanması, yaxud müqavilələrin tamamilə və ya qismən etibarsız sayılması haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. Antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilmədikdə Antiinhisar orqanı qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında iddia ilə məhkəmə orqanlarına müraciət edə bilər. 2.Qaydaların 3-cü bəndinə əsasən göstərişlərin icra edilməməsinə görə cərimə və maliyyə sanksiyasının tətbiqi. Belə ki, Qaydaların adıçəkilən 3.1-ci bəndinə əsasən antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. 3.2-ci bəndinə əsasən bazar subyektlərinə antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edilməsi haqqında işlərə baxılması, bu bölmədə nəzərdə tutulan hallar istisna olunmaqla, bu Qaydaların ikinci bölməsində müəyyən edilmiş qaydada kollegial şəkildə həyata keçirilir. Beləliklə, müəyyən olunur ki, antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququ var, lakin bu hüquqdan qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret 3 növdə göstərişin yerinə yetirilmədiyi halda istifadə etməsi mümkündür. Qeyd olunan göstərişlər isə Qaydaların 2.21-ci bəndində sadalanmış 1.antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstərişin yerinə yetirilməməsi, 2.digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstəriş icra edilməməsi və 3.antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilməməsidir. Eyni zamanda qeyd edilməlidir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16, Qaydaların 2.4; 3.1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması hallarına dair işə baxılması zamanı təsərrüfat subyektlərindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı göstəriş verə bilir ki, bu göstərişlər işin mahiyyəti üzrə qəbul edilmiş komissiyanın yekun qərarı ilə bağlı verilmiş göstərişlər deyildir. Və işin mahiyyəti üzrə qəbul edilmiş qərardan (göstərişlərdən) fərqli olaraq antiinhisar qanunvericiliyinə daxil olan normativ aktların heç birində, antiinhisar orqanının müvafiq sənəd və məlumatların tələb edilməsi ilə bağlı göstərişlərin icra edilmədiyi təqdirdə həmin göstərişin məcburi icra edilməsi üçün məhkəmədə iddia qaldırmaq səlahiyyəti təsbit olunmamışdır. Bununla əlaqadar qeyd edilməlidir ki, “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda adıçəkilən 12-ci maddəsi antiinhisar orqanının icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə və ya vaxtında icra edilməməsinə görə bazar subyektlərinə maliyyə sanksiyasının tətbiq edilməsini, eləcə də “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi təsərrüfat subyektlərinin antiinhisar orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirməməsinə, Qanunun 13, 13-1 və 16-cı maddələrində göstərilmiş məlumat və sənədləri təqdim etməməsi və ya düzgün olmayan məlumatların verilməsinə görə maliyyə sanksiyası şəklində cərimə olunmasını nəzərdə tutmuş, lakin adları çəkilən qanun normalarında antiinhisar orqanının sənəd və məlumatların verilməsi ilə bağlı məhkəmədə müstəqil şəkildə iddia qaldırmaq barədə hər hansı müddəa göstərilməmişdir. Məhkəmə qeyd edir ki, müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı göstərişlərin icrasının təmini üzrə Qaydalarda daha konkret müddəalar təsbit olunmuşdur. Belə ki, Qaydaların 3.3-cü bəndinə görə bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün işlərə baxılmasına aşağıdakılar əsas ola bilər: -antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər; -antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi; -düzgün olmayan məlumatların təqdim edilməsi. -3.4-cü bəndinə əsasən göstərişin icrasına nəzarət edən Komissiya üzvü, onun icra müddətinin qurtardığı gündən başlayaraq 10 gündən gec olmamaqla Antiinhisar orqanının göstərişinin icra edilməməsini əhatə edən məlumatlar olan sənədləri Komissiyanın sədrinə təqdim edir. Komissiyanın sədri, bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə cərimə və ya maliyyə sanksiyası tətbiq olunması haqqında iş qaldırılması barədə qərar çıxarır. -3.7-ci bəndinə görə cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır və bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. -3.10-cu bəndinə görə antiinhisar qanunvericiliyinin pozulmasına görə təsərrüfat subyektlərinə tətbiq edilən cərimələr və maliyyə sanksiyaları bu haqda qərarlar qəbul edildiyi vaxtdan 30 gün müddətinə mübahisəsiz dövlət büdcəsinə ödənilir. Antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərir. -3.11-ci bəndinə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. -3.12-ci bəndinə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Göründüyü kimi qanunverici antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması işlərinə baxarkən antiinhisar qanunvericiliyinə əsasən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişləri yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etmək, cərimə və ya maliyyə sanksiyasının yerinə yetirilməsi barədə göstəriş vermək, cərimə və ya maliyyə sanksiyasının ödənilmədiyi və ya qismən ödənildiyi halda məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək icra məmuruna göndərmək səlahiyyəti tanımışdır. Qeyd edilməlidir ki, cərimə və ya maliyyə sanksiyasını ödəməklə yanaşı bazar subyektləri eyni zamanda müvafiq sənəd və məlumatları antiinhisar orqanına təqdim etməyə borcludurlar. Əks halda qanunverici antiinhisar orqanına təkrar göstəriş vermək və yenidən cərimə tətbiq edilməsi məsələsinə baxmaq imkanı tanımışdır. Beləliklə, yuxarıda qeyd edilən normaların hazırkı işlə müqayisəli təhlili nəticəsində məhkəmənin gəldiyi qənaətə görə hazırkı iddiaçı Xidmətin cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsinə dair göstərişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağının normativ hüquqi əsası yoxdur. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatda 11.06.2021-ci il tarixli göstərişin adından göründüyü kimi antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında olduğunu, eləcə də Xidmətin Əsasnaməsinin 3.10-cu bəndi ilə Xidmətin hazırkı iddia ilə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını iddia etsə də məhkəmə qeyd edilən dəlillərlə aşağıdakılara əsasən razılaşmır. Belə ki, 11.06.2021-ci il tarixli göstərişin adı Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında olsa da həmin göstəriş Qaydaların 2.16 və 2.21-ci bəndlərində nəzərdə tutulmuş göstəriş mahiyyətində deyildir. Göstərişin adından fərqli olaraq məzmununda və nəticəsində cavabdehdən qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi tələb olunmamışdır. Göstərişdə Cavabdeh müvafiq sənəd və məlumatların Xidmətə təqdim etməsi tələb olunmuşdur. Bu baxımdan göstərişin “adı” hazırkı iddia tələbini qaldırmağa yetərli əsası deyildir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.10-cu bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək Dövlət Xidmətinin vəzifəsidir. Əsasmənin qeyd edilən müddəasında da Xidmətin məhz antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə məhkəməyə müraciət etmək səlahiyyəti təsbit olunmuşdur ki, bu səlahiyyətin tətbiqi imkanı geniş şəkildə Qaydaların 2.16, 2.21-ci bəndlərində nəzərdə tutulmuşdur. Başqa sözlə, Əsasnamədə Xidmətin yalnız antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verdiyi, lakin yerinə yetirilməyən göstərişlərinin icrası ilə bağlı məhkəməyə müraciət etmək səlahiyyəti qeyd edilmişdir. İşə baxarkən müvafiq sənəd və məlumatları tərəfdən tələb etmək qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkət və ya tələb deyildir. Bu əsasdan hazırkı 11.06.2021-ci il tarixli göstərişin icrası Əsasnamənin 3.0.10 və Qaydaların 2.16 və 2.21-ci bəndlərinin təsir dairəsinə düşmür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın hazırkı iş üzrə göstərişin məcburi icra edilməsi ilə bağlı iddiası inzibati məhkəmə icraatında məhkəmə müdafiəsinə hüquqi əsas olmadığından mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh qarşı “göstərişin məcburi icrasının təmin edilməsi” tələbinə dairi iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8116/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8116/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver