Məhkəmə qərarları › İş №2-1(112)-8116/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8116/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8116/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı binanın 531 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı binanın (əmək münasibətlərində olduğu Dövlət Neft Şirkətinin keçmiş yataqxana binası) 531 saylı mənzilində 10 ildən artıq müddətdir yaşayır. Mənzilə dair bütün kommunal xərcləri ödəyir. 2012-ci ilin əvvələrindən yaşadığı bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Cavabdeh təşkilat tərəfindən bina sakinlərinin əksəriyyətinə yaşadıqları mənzillərə dair kirayə müqaviləsi adlarına bağlanmış və kirayə müqavilələri əsasında bir çox mənzillərin özəlləşdirilməsi həyata keçirilmişdir. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə müraciətinə Departamentin 11.04.2022-ci il tarixli, H-31 saylı cavab məktubu ilə bildirilmişdir ki, "ünvan 1 ünvanında yerləşən evin 531 saylı mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan ünvan 1 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Göstərilənlərə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti iddia tələbinə dair yazılı münasibətində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evin 531 saylı mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İddiaçı iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X4 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №i şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci ildə İmişli şəhərində doğulmuş X2 ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin144 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşən, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, ev 8, mənzil 531 dair plan sxem 144 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 144 saylı Mənzil Kommunal İstismar sahəsinin 29.03.2022-ci il tarixli 215/22 saylı arayışından görünür ki, İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, Ş.Məmmədov küçəsi, ev 8, 531 saylı mənzildə 2008-ci il tarixindən yaşayır, kommunal borcu yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 144 saylı Mənzill-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 26.05.2022ci il tarixli 349/22 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin bir otaqdan ibarət məhdud kommunal şəraitli 531 saylı mənzilində yaşayır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 8 saylı bina balansa qəbul edilərkən aparılan inventarizasiya zamanı İddiaçı faktiki olaraq, yaşadığı 519 saylı otağa 531 saylı mənzil növbəsi verilmişdir. İddiaçı 2008-ci il tarixdən hal-hazıra kimi qeyd edilən mənzildə yaşayır və kommunal xidmətlərə görə borcu yoxdur. Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 25.05.2022-ci il tarixli A 64 saylı arayışdan görünür ki, İddiaçı 11.01.2010-cu ildən 31.03.2014-cü ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR Sosial İnkişaf İdarəsi tərəfindən verilmiş SOCAR**********30490075X00004 saylı 31.05.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 saylı binanın 519 saylı mənzilinə köçürülməsinə əsas olan hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) İdarədə tapılmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011- ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri onlara aid sənədlərlə birlikdə Bakı Şəhər icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11.04.2022-ci il tarixli H31 nömrəli məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, ünvan 1 saylı evin 531 saylı mənzilinə adına kirayə müqaviləsinin bağlanılması barədə müraciətində baxılmışdır. Bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən evin 531 saylı mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim olunmadığından kirayə müqaviləsinin adına bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İddia mümkündür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 s saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət əmlakının registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasını Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal Xidmətllər Departamentinin (qeydiyyat № 826) balansında olan daşınmaz dövlət əmlakı haqqında “Registrindən çıxarış”da ünvan 5 ünvanında yerləşən yaşayış binası qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli 029 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011 -ci il tarixli, 435 s nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri (Dövlət Əmlakının Registrindən 2011-ci il 15 dekabr tarixli 3391 nömrəli çıxarış üzrə) Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən sərəncamının əlavəsində göstərilən siyahı üzrə yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balansa qəbul edilməsi, həmin yaşayış fondunun mövcud texniki normalara uyğun istismarının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli 435 s nömrəli sərəncamına əlavə edilmiş siyahı üzrə, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər- Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələrinin bu sərəncamın Əlavəsinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki yaşadığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentindən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 2008-cı il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqlı, yaşayış sahəsi 21,42 kv. metr, ümumi sahəsi 24.63 kv. metr olan 531 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqlı, yaşayış sahəsi 21,42 kv. metr, ümumi sahəsi 24,63 kv. metr olan 531 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqlı, yaşayış sahəsi 21,42 kv. metr, ümumi sahəsi 24,63 kv. metr olan 531 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar