Məhkəmə qərarları › İş №2-1(112)-8118/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8118/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8118/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatına alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanın tələbi ilə əlaqədar rəsmi cavabı qanunsuz hərəkət və hərəkətsizlik hesab edilməsi və onun faktiki yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 59 “B” ünvanı üzrə pasport qeydiyyatına alınmağının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, pasport qeydiyyatına Polis İdarəsinin inzibati binasına alınsa da onun faktiki yaşayış yeri, ünvanı var və həmin yaşayış sahəsi ünvan 5da yerləşən evdir. O, Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə (bundan sonra cavabdeh) qeydiyyat yerini müəyyənləşdirmək məqsədi ilə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bu ünvandakı ev ona və ailəsinə məxsusdur. Bu ünvanda onun əri və övladı daim pasport qeydiyyatına götürülüb və onlar ailə olaraq bu evdə yaşayır. X2 tərəfindən də onun pasport qeydiyyatına alınmağına dair cavabdeh orqana müraciət edilib. Cavabdeh orqan isə onlara ASAN xidmət mərkəzinə müraciət etməyini tövsiyyə edib və əks halda da məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib. Onların müraciət ünvanı tamamilə düzgün olduğu halda cavabdehin, onlara ASAN xidmət mərkəzinə getməyini, əks halda məhkəməyə müraciət edə biləcəyini tövsiyyə etməsi, hesab edir ki, tələbinə qarşı qanunsuz hərəkət və hərəkətsizlik kimi qiymətləndirilməlidir və dolasıyı yolla tələbindən cavabdeh tərəfindən olunan imtina sayılmalıdır. Onun həmin ünvana qeydiyyata alınmağına ailə üzvlərinin hər hansı etirazı yoxdur və olmayıb. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Şərh olunanlardan çıxış edərək cavabdeh inzibati orqandan faktiki yaşayış yeri olan Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cavad küçəsi, 59 “B ünvanına pasport qeydiyyatına götürülməyinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin 01 aprel 2022-ci il tarixli, 091- 16705C-3222 №-li məktubunun mətni isə onun tələbinə dolayısı yolla imtinadır. Onun faktiki yaşayış yeri olan, yaşayış sahəsinə qeydiyyata alınmaq istədiyi fərdi tikiliyə ünvan verilib, yaşayış üçün yararlı olmaqla kommunal şəraiti var (qaz, su, işıq xətləri ilə təmin olunub). Bu ünvana onun ailə üzvləri qeydiyyata alınıb. Onlardan istifadə etdiyi kommunal xidmətlərin pulu alınır. Belə olduğu təqdirdə onun ailəsi ilə birlikdə yaşadığı faktiki yaşayış yerinə pasport qeydiyyatına alınmağı tamamilə düzgündür, nəinki, bu tələbindən imtina edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasına və qərar qəbul çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Rayon Polis İdarəsidir. - 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş 11 may 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında xx.xx.2019-cu ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 may 2019-cu ildə, 1399 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. - 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası İddiaçı olan X4 xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X5 (xx.xx.2013-cü ildən) və xx.xx.2020-ci il təvəllüdlü X4 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - ünvan 5da qeydiyyatda olan X3 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, İddiaçı Müşviq qızının ünvan 5a qeydiyyata salınmasına etiraz etmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 091-16705e- 3222 №-li məktubdan görünür ki, müraciətinə tərəflərindən baxılmışdır. Nəzərinə çatdırılır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Yasamal RPİ-nin X1 və ya Bakı şəhərində yerləşən “Asan xidmət” Mərkəzlərinin birinə müraciət etməlidir. Əks halda o, mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı faktiki olaraq ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. Yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin ev faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı həmin evdə qeydiyyatda olan X3 ailə üzvü - arvadı olmaqla onunla birlikdə həmin ünvanda yaşayırlar və həmin ünvanda əri Ənvər Cavadovla birlikdə qızı Nərgiz Cavadzadədə qeydiyyatdadır. Həmin evdə qeydiyyatda olmaqla yaşayan Ənvər Cavadov iddiaçının həmin ünvan üzrə qeydiyyata alınmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq yaşadığı evlə bağlı order, kirayə müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsə də, iddiaçı faktiki olaraq həmin evdə yaşadığından, eləcə də bununla bağlı mübahisəli hal mövcud olmadığından (bu barədə məhkəməyə məlumat verilməmişdir), iddiaçının həmin evə qeydiyyata alınmaması barədə cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı ünvan 8 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 8 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar