Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8118/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X24, X5, X6, X16, X25, X17, X7, X8, X13, X26, X3, X18, X19, X27, X4, X2, X9, X14, X20, X15 və X10) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Gündoğan, 1ci döngə, giriş 49 ünvanında qeydiyyatda olan X24, X5, X6, X16, X25, X17, X7, X8, X13, X26, X3, X18, X19, X27, X4, X2, X9, X14, X20, X15 və X1 həmin ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X24, X5, X6, X16, X25, X17, X7, X8, X13, X26, X3, X18, X19, X27, X4, X2, X9, X14, X20, X15 və X10 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X13 azyaşlı olduqlarından onların atası, X14 iş üzrə onların qanuni nümayəndəsi qismində cəlb edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X3 azyaşlı olduğundan onun atası, X4 iş üzrə onun qanuni nümayəndəsi qismində cəlb edilmiş və xx.xx.2011-ci il təvəllüdlü X26, xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2015-ci il təvəllüdlü X27 azyaşlı olduqlarından onların atası, X19 iş üzrə onların qanuni nümayəndəsi qismində cəlb edilmiş və xx.xx.2017-ci il təvəllüdlü X20 və xx.xx.2020-ci il təvəllüdlü X15 azyaşlı olduqlarından onların atası, X9 iş üzrə onların qanuni nümayəndəsi qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Gündoğan, 1-ci döngə, giriş 49 ünvanını alqı-satqı müqaviləsi ilə xx.xx.2024-cü il tarixdə almışdır və mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2025-ci il tarixdə ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus mənzildə mənzilin keçmiş sakinləri olan üçüncü şəxslər qeydiyyatdadır, lakin üçüncü şəxslər həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər mənzildən qeydiyyatdan çıxmağı üzərinə götürsələr də, öhdəliyi yerinə yetirməmişlər. Bu da iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Tərəflərə və üçüncü şəxslərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin, üçüncü şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X23 izahatında bildirmişdir ki, onların qeydiyyatda olduğu ev və iddiaçının mülkiyyətində olan ev fərqlidir. Belə ki, onun mülkiyyətində olan evə dair çıxarışı var. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı hazırkı iddia tələbində bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Gündoğan, 1-ci döngə, giriş 49 ünvanı onun xüsusi mülkiyyətindədir və o, həmin mənzildən orada qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən çoxmənzilli binaların, qeyriyaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir (3.9.). Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə, tərkibindəki qeyri-yaşayış sahələrinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyriyaşayış sahələrinin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir (3.11.). Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvana tərəfindən baxış keçirilmişdir. Baxış zamanı sözügedən fərdi yaşayış evində X16, X19, X14, X11, X17, X4, X26, X21 və X12 yaşadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Həmin ünvana yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Gündoğan, döngə 1, giriş 49 ünvan rekviziti təyin edilmişdir. 5A ünvanında qeydiyyatda olan şəxslərin ünvan rekvizitində aparılacaq cari düzəlişlərlə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edildikdən sonra yalnız yeni qaydalarla ünvan qeyd edilməklə təkrarlanma aradan qaldırılacaqdır. Beləliklə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə üçüncü şəxslərin qeydiyyatda olduqları fərdi evlər tamamilə fərqli ünvanlarda yerləşir. Həmin fərdi yaşayış evlərinə əvvəllər bir ünvan, yəni ünvan 3 ünvanı verilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 27 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən iddiçının mülkiyyətində olan fərdi evə yeni ünvan, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Gündoğan, döngə 1, giriş 49 ünvanı verilmişdir. Lakin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həm köhnə, həm də yeni ünvanlar saxlanmışdır. Bu isə üçüncü şəxslərin qeydiyyatının iddiaçının mülkiyyətində olan fərdi evdə görünməsinə səbəb olur. İddiaçı müvafiq inzibati orqana müraciət edərək onun mülkiyyətində olan fərdi evə dair çıxarışda dəyişiklik edilərək köhnə ünvanın çıxarılmasını xahiş etməlidir. Əgər könnə ünvan iddiaçıya məxsus fərdi evin çıxarışından silinərsə artıq problem öz həllini tapmış olacaqdır. Lakin, ünvan 3 ünvanı artıq iddiaçının mülkiyyətində olan fərdi evə aid deyildir. Yəni, iddiaçı hazırda üçüncü şəxslərin ona aid olmayan ünvandan qeydiyyatdan çıxarılmalarını tələb edir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8118/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8118/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver