Məhkəmə qərarları › İş №2-1(112)-812/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-812/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-812/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “İddiaçı ailə üzvlərinin hər birinə 25 faiz dərəcəsi olmaqla iddiaçının almadığı şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək “həyat yoldaşı X11 və övladları Məmmədzadə Suad, Məmmədzadə Mədinə”yə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yerdəyişmə müavinətinin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək iş üzrə iddia tələbinin “ailə üzvlərinin hər birinə 25% faiz dərəcəsi olmaqla almadığı Şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək həyat yoldaşı X11 və övladları Məmmədzadə Suad, Məmmədzadə Mədinəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsinin qəbul edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı DSX-də 20 il xidmət edərək, 2023cü ilin iyun ayında DSX rəisinin əmri Sərhəd Nəzarəti böyük X19 şöbəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. xx.xx.2018-ci il DSX rəisinin müvafiq əmri ilə Sərhəd Nəzarəti “Gəncə” X15 X14 rəisi vəzifəsindən azad olaraq X16 Məntəqəsi rəisi vəzifəsinə təyin olunmuşdur. Xidmət yerini dəyişməyi ilə əlaqədar ona birdəfəlik yerdəyişmə (yüklərinin daşınma) pulu 100 faiz vəzifə-rütbə maaşı, ailə üzvlərinin hər birinə vəzifə və rütbə maaşının 0.25 faizi mislində ödənilməli idi. Bununla bağlı 22 avqust 2023-cü ildə Sərhəd Nəzarəti rəisinin ünvanına rəsmi müraciət etməyinə baxmayaraq ona əsassız imtina verilmişdir. İddiaçı 2020-ci il tarixdə X16 Məntəqəsindən X5 Məntəqəsinə xidməti yerini dəyişəndə yerdəyişmə (yüklərinin daşınması) birdəfəlik müavinəti ilə təmin olunmuşdur. Bu barədə DSX rəisinin ünvanına ərizə-məktub ünvanlamış xx.xx.2023-cü il tarixli 3-38/2-A-15xx-xx/2023 nömrəli sənədlə imtina verilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də, sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçının qeydiyyat ünvanının Bakı şəhəri olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZE seriyalı 10086000 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədzadə Suat xx.xx.2008-ci il təvəllüdlüdür, atası İddiaçı. AZE seriyalı 10086090 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məmmədzadə Mədinə xx.xx.2010-cu il təvəllüdlüdür, atası İddiaçı. AZ-İ 229589 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X8 ilə X11 xx.xx.2006-cı ildə nikahlarını bağlamışlar. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə ünvanladığı xx.xx.2024-cü il tarixli 18/2-26662/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X11 xx.xx.2002-ci ildən Cəbrayıl şəhəri, 20 yanvar küçəsi, ev 22, xx.xx.2008-ci il təvəllüdlü X4 xx.xx.2009-cu ildən Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində, xx.xx.2010-cu il təvəllüdlü X2 xx.xx.2010-cu ildən Beyləqan rayonu, 1- ci Aşıqlı kəndinə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin **********123 nömrəli xx.xx.2023-cü il tarixli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2000- xx.xx.2002, xx.xx.2003xx.xx.2023 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023 il tarixdə verilmiş Yaşayış yerindən kənardaa 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alının vətəndaşın müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Ağstafa Böyük-Kəsik k., hərbi şəhərcik m.24 ünvanına qeydiyyata alınıb – xx.xx.2024-cü ilədək. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38/2-A-15xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin pul təminatı haqqında əsasnamə 31 iyul 2018-ci ildə təsdiq olunduğu üçün yerdəyişmə müavinətinin ödənilməsi imkan xaricindədir. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin məhkəmə ünvanladığı xx.xx.2024-cü il tarixli 16/8869m/24 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı özü və ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün raportla müraciət etmişdir (qoşmaya əlavə edilir). Lakin ailə üzvlərinə görə yerdəyişmə müavinətinin ödənilməsi üçün təsdiqedici sənədləri təqdim etmədiyindən, yerdəyişmə müavinəti yalnız sabiq hərbi qulluqçuya ödənilmişdir. Belə ki, qeyd olunur ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarına (bundan sonra - Qərar) istinadla iddia tələbi təmin edilməsi üçün əsas ola bilməz. İlk növbədə nəzərə almaq lazımdır ki, həmin qərar hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədinə yönəlmişdir. Bunun üçün müxtəlif meyarlar müəyyənləşdirilərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Daha sonra qərardan irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” qəbul edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarı hərbi qulluqçuların sosial müdafiəsini yaxşılaşdırmağa yönəlmiş həyata keçirilməli olan tədbirləri müəyyən etmişdir. Həmin qərar əlavə pul ödəmələrinin verilməsi məsələsini birbaşa həll etməmiş, Qərarın 2-ci bəndində (Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir) müxtəlif meyarlar müəyyənləşdirərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsini səlahiyyətli orqanlara tapşırmışdır. Səlahiyyətli orqanlar tərəfindən bununla bağlı konkret məbləğlərin ödənilməsinə dair qərarların qəbulu isə zaman etibarilə bir qədər sonraya təsadüf etmişdir. Lakin tənzimləmənin gec həyata keçirilməsi özü-özlüyündə iddianın təmin edilməsinə əsas təşkil edə bilməz. 04 mart 2018-ci il tarixli raportda, İddiaçı Sərhəd Nəzarətinin rəisindən xidmət yerinin “Gəncə” Beynalxalq Aeroportundan “Astara” X7 dəyişdirilməsi ilə əlaqədar olaraq ailə üzvlərinə yol xərclərinin ödənişi barədə aidiyyəti üzrə sərəncam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarət rəisinin 092 nömrəli 02 aprel 2018-ci il tarixli “Xidmət yerinin dəyişdirilməsi ilə əlqədar olaraq pul müavinatının ödənilməsi haqqında” nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli əsasən – xidmət yeri Sərhəd Nəzarətinin “Gəncə” Beynəlxalq Aeroportu X14ndən “Astara” X7 dəyişilməsini nəzərə alaraq “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant İddiaçı və ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada pul müavinatı ödənilsin6 Əsas polkovnik – leytinant İddiaçı xx.xx.2018-ci il ytarixli raportu.

İİİ. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

Maddə 10. Pul təminatı və maddi təminat hüququ

1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.

2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.

6. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.

Maddə 20. Müavinətlər və başqa güzəştlər almaq hüququ

1. hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə əsasən:

6. Yol təminatı. Xidməti yerdəyişməyə görə yol xərci müavinəti. 6.11. Ailə başçısının xidmət yerinə daimi yaşayış üçün (25 km-dən artıq olan məsafəyə) faktiki olaraq köçmüş ailə üzvlərinə yol xərci müavinəti aşağıdakı hallarda ödənilir: 6.12. Hərbi qulluqçunun yeni xidmət yerinə gəldiyi gün üçün onun öhdəsinə olan (şəxsi işində qeyd olunmuş) aşağıdakı ailə üzvlərinə yol xərci müavinəti ödənilir. 6.12.1. Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, hərbi qulluqçu ilə onun yeni xidmət yerinə gəlmiş qeydiyyatlı nikahda olan həyat yoldaşına. 6.12.2. Hərbi qulluqqçunun və onun həyat yoldaşının, həmçinin övladlığa götürülmüş 18 yaşından aşağı uşaqlarına, yaşından asılı olmayaraq himayəsində olan 1-ci və 2-ci qrup əlil uşaqlara, hərbi qulluqçunun yeni xidmət yerinə yola düşdüyü gün üçün mülki orta və ali təhsil müəssisələrində təhsil almaqda olan, onunla birlikdə daimi yaşamaq üçün gəlmiş və elə həmin il təhsili davam etdirmək üçün ailə başçısının xidmət etdiyi məntəqədə və ya onun xidmət yerinə yaxın olan yaşayış məntəqəsində təhsil müəssisələrinə daxil olan 18 yaşdan yuxarı uşaqlarına. 6.13. Ailə üzvlərinə yol xərci müavinəti hərbi qulluqçunun təyin olunduğu və ya xidmət etdiyi hərbi hissə tərəfindən onların müvəqqəti qeydiyyatda olduqları əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaları və ailə başçısı xidmət yeri üzrə müvəqqəti qeydiyyata düşmələri şərtilə, hərbi hissənin ailə tərkibi (uşaqların, valideynlərin, övladlığa götürülənlərin doğulma tarixi göstərilməklə) haqqında, ailənin gəldiyi yaşayış məntəqəsinin adı və ailənin gəldiyi tarix haqqında təqdim etməklə ödənilir. Yaşayış sahəsi verilənə və müvəqqəti qeydiyyata düşənədək kirayədə müvəqqəti yaşadıqları hallarda, ailə üzvlərinə yol xərci müavinəti, onların faktiki köçməsi hərbi hissə qərargahı tərəfindən (Mənzil məişət komissiyası) və ya həmin ərazinin müvafiq qurumları tərəfindən ailə tərkibi, uşaqların, valideynlərin (övladlığa götürənlərin) doğulma tarixi, ailənin gəldiyi yaşayış məntəqəsinin adı və ailənin gəlmə tarixi göstərilmə arayışı ilə təsdiq edilmişdirsə ödənilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 2018-ci ildə Gəncə şəhərindən Astara rayonuna xidmət yerini dəyişdirmiş və yeni xidmət yerinə ailəsi (arvadı, iki uşağı) ilə birlikdə köçmüşdür. Bu hal iş materiallarında olan müvəqqəti qeydiyyat vəsiqəsində öz əksini tapmışdır. İddiaçının özünə görə yerdəyişmə kompensassiya ödənilsə də, ailə üzvlərinə heç bir kompensassiya ödənilməmişdir. Cavabdeh bunun əsası kimi ailə üzvləri ilə bağlı təsdiqedici sənədlərin təqdim edilməməsini göstərmişdir. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və onların ailələrinin yerdəyişməyə uyğun olaraq maliyyə dəstəyi almağ hüququ yuxarıda istinad edilmiş qeyri normativ xarakterli hüquqi aktda öz əksini tapmışdır. Belə ki, ailə üzvlərinə yol xərci müavinəti hərbi qulluqçunun təyin olunduğu və ya xidmət etdiyi hərbi hissə tərəfindən onların müvəqqəti qeydiyyatda olduqları əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaları və ailə başçısı xidmət yeri üzrə müvəqqəti qeydiyyata düşmələri şərtilə, hərbi hissənin ailə tərkibi (uşaqların, valideynlərin, övladlığa götürülənlərin doğulma tarixi göstərilməklə) haqqında, ailənin gəldiyi yaşayış məntəqəsiinin adı və ailənin gəldiyi tarix haqqında təqdim etməklə ödənilir. İş materiallarında olan müvəqqəti qeydiyyat vəsiqəsi iddiaçının ailə üzvləri ilə yeni xidmət yerinə köçməsi təsdiq edilir. Həmin müavinətlərin ödənilməsindən imtina, bir növ hüquqların pozulması deməkdir. Yəni, hərbi qulluqçulara verilən bu cür müavinətlər, onların şəxsi vəziyyətinə görə müəyyən edilmiş haqlar çərçivəsində təqdim olunur. Həmin hüququn məhdudlaşdırılması, dövlətin göstərməli olduğu dəstəyin qarşısını almaq olur. Qeyd edilməlidir ki, iddiaçının raportu əsasında, iddiaçıya və ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulan pul müavinatın ödənilməsi barədə 092 nömrəli 02 aprel 2018-ci il tarixli Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş əmr mövcuddur. Əmrin ləğv edilməsi və ya dəyişdirilməsi barədə heç bir məlumat məhkəməyə bildirilməmişdir. Buna baxmayaraq iddiaçının xeyrinə çıxarılmış əlverişli inzibati akt bu günədək icra edilməmiş; cavabdeh həmin əmri icra etməkdən əsassız və qanun tələblərinə zidd olaraq yayınır. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların vəzifələri dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, həmçinin dövlətin maraqlarını hər hansı bir təhdid qarşısında müdafiə etməkdir. Onlar bu vəzifələrini yerinə yetirərkən çox vaxt şəxsi həyatlarını və ailələrini qurban verirlər. Odur ki, bu ağır və məsuliyyətli xidmətin qarşılığında hərbi qulluqçulara qarşı humanist yanaşmalar və qaygı göstərilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ailə üzvlərinin hər birinə 25 faiz dərəcəsi olmaqla iddiaçının almadığı şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək həyat yoldaşı X11 və övladları Məmmədzadə Suad, Məmmədzadə Mədinəyə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvlərinin hər birinə 25 faiz dərəcəsi olmaqla iddiaçının almadığı şöbə rəisi vəzifə və rütbə maaşına 2023-cü ilinə uyğun olaraq indeksləşdirilərək həyat yoldaşı X11 və övladları X3, X1 ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar