Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8120/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 04.12.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh **********4 nömrəli 27.01.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və sığorta stajının hesablanması üçün əmək kitabçası və ya yaxud əmək fəaliyyətini təsdiq edən məhkəmə qərarı təqdim edildikdən sonra iddiaçıya yaşa görə əmək pensiyasına yenidən baxılacağı bildirilmişdir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1974-cü il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon Lənbərən adına kolxozda işləməsi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 16.07.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin “İddiaçı kolxozda işləməyi faktının təsdiq edilərək əmək stajına əlavə edilməsi və 65 yaşı tamam olduğu 05.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı daha sonra 01.10.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “onun 1974-cü il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon Lənbərən adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 64 yaşının tamam olduğu 05.03.2019-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1974-1998-ci illərdə Lənbəran adına kolxozda işləmişdir. Arxiv arayışında bu öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, işin faktiki hallarına görə İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət edərəkən pensiya təyinatının aparılması üçün ən zəruri sənəd hesab edilən əmək kitabçasını müvafiq inzibati orqana təqdim etməmişdir. Bu səbəbdən də inzibati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində kişilərin yaş həddi 1 iyul 2018 – 30 iyun 2019 üzrə 64 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2018 – 30 iyun 2019 tarixi üzrə kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 64 yaşı 05.03.2019-cu ildə tamam olmuşdur. İşdə olan 024164 saylı diplomun surətindən görünür ki, iddiaçı 1972-1974-cü illərdə Bakı Politexnikumunun gündüz şöbəsində avtomobil nəqliyyatının istismarı ixtisası üzrə təhsil almışdır (1 il 10 ay 3 gün). İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndinin i) yarımbəndinə əsasən orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilir. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 11.11.1974- 22.11.1976-cı illərdə hərbi xidmət keçmişdir (2 il 12 gün). Həm iddiaçının hərbi xidmət keçdiyi dövrdə, həm də qüvvədə olan qanunvericiliyə əsasən hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) iddiaçının sığorta stajına daxil edilir. İşdə olan Bərdə rayon Dövlət Arxivinin 18.10.2021-ci il tarixli 201 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə edilən Lənbəran kolxozunun (AİM) 1974-1998-cı illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı 1974-cü ildə 72 əmək günü, 1976-cı ildə 30 əmək günü, 1977-ci ildə 360 əmək günü, 1978-ci ildə 345 əmək günü, 1979-cu ildə 486 əmək günü, 1980-ci ildə 528 əmək günü, 1981-ci ildə 648 əmək günü, 1982-ci ildə 461 əmək günü, 1983-cü ildə 148 (30+118) əmək günü, 1984-cü ildə 220 əmək günü, 1985-ci ildə 241 (29+212) əmək günü, 1986-cı ildə 399 (213+186) əmək günü, 1987-ci ildə 425 əmək günü, 1988-ci ildə 254 (158+96) əmək günü, 1989-cu ildə 325 əmək günü, 1990-cı ildə 353 əmək günü, 1991-ci ildə 240 (178+62) əmək günü, 1992-ci ildə 321 əmək günü, 1993-cü ildə 427 əmək günü, 1994-cü ildə 346 əmək günü işləmiş, kolxozda 1974-cü ildə minimum əmək günü norması 260, digər illərdə isə 180 olmuşdur. Arxiv arayışında iddiaçının 1995, 1996, 1997 və 1998-ci illərdə yerinə yetirdiyi əmək günü norması göstərilməmiş, həmin dövrdə aldığı əmək haqqı və yerinə yetirdiyi adam günü normaları qeyd olunmuşdur. İddiaçının kolxozda işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Arxiv arayışına əsasən iddiaçı 1977-1982, 1984-1994-cü illərdə minimum əmək gün normasından artıq işləmişdir, buna görə də həmin illər tam nəzərə alınır və müəyyən olunur ki, həmin dövr üzrə iddiaçının 17 il əmək stajı olmuşdur. İddiaçı 1974, 1976 və 1983-cü illərdə əmək iştirakı minimumunu yerinə yetirmədiyindən onun həmin dövr üzrə stajı faktiki müddət üzrə hesablanmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı 1974-cü ildə 2.7 ay (72÷260=0.276), 1976-cı ildə 1.6 ay (30÷180=1.66), 1983-cü ildə 8.2 ay (148÷180=0.822) olmaqla, həmin illərdə cəmi 12 ay, yəni 1 il staja malik olmuşdur. Arxiv arayışına əsasən iddiaçının 1995, 1996, 1997 və 1998-ci illərdə işlədiyi adam gün norması müəyyən edilmiş minimum əmək günü normasından çox olmuş, eyni zamanda 1997-ci və 1998-ci illərdə müəyyən olunmuş əmək haqqını tam almışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin illər də tam il kimi iddiaçının sığorta stajına daxil edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən təsbit olunur ki, iddiaçının 05.03.2020-ci il tarixə 25 ildən artıq, yəni 25 il 10 ay ümumi stajı olmuşdur. Lakin cavabdeh bu halı nəzərə almamış, bu zaman iddiaçının əmək kitabçasının olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, ƏPQ-nin 23.2.-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Ali Məhkəmənin İnzibati kollegiyası qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarları) 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçası olmasa da, arxiv arayışı mövcud olduğundan iddiaçının kolxozda işlədiyi illər onun ümumi iş stajına daxil edilməlidir. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr arxiv arayışı ilə təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının ümumi iş stajına aid edilməklə ona pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 1974-cü il, 1976-1998-ci illərdə Lənbəran kolxozunda işlədiyi dövr onun ümumi iş stajına daxil edilərək ona 64 yaşının tamam olduğu 05 mart 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8120/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8120/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver