Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8121/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qərarın ləğvi və adın dəyişdirilməsinə icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək azyaşlı övladı xx.xx.2023-cü il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsinin ad qrafasında dəyişiklik edilərək, uşağın adının “Asəl” yazılmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra hakimiyyətinə müraciət edilərək xahiş edilmişdir ki, övladı X1 adının “Asəl” adına dəyişdirilməsinə köməklik edilsin. Lakin 05 dekabr 2023-cü il tarixli məktubunuzla müraciətinə müsbət cavab verilmədiyi qeyd edilmişdir. İddiaçının yetkinlik yaşına çatmayan övladının adının dəyişdirilməsi qanunvericiliklə qadağan edilmir və Asel adı əslində valideyn olaraq onların iradə ifadələrini əks etdirməməklə yanaşı texniki səhv olaraq ad qrafasında qeyd edilmişdir. Bununla bağlı cavabdeh quruma təkrar ərizə ilə müraciət etsələr də, təkrar müraciətlərinə cavab verilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 30/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il təvəllüdlü X1 adının “Asəl” adına dəyişdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-11- 2950/2024 nömrəli məktubu ilə göndərilmiş X1 **********5092023 nömrəli doğumu haqqında qeydinin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası: xx.xx.1978-ci il təvəllüdlü X5, anası: xx.xx.1984-cü il təvəllüdlü İddiaçıdır. Məhkəmə sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli 5-10/2-1019/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5 övladı xx.xx.2023-cü il təvəllüdlü X1 adının ərəb mənşəli söz olub “asəl” bal mənasını verir. Azərbaycan dilində “ə”hərfi olduğu üçün övladının doğum haqqında şəhadətnaməsinin ad qrafasında “Asəl” yazılmasına müvafiq qərar qəbul edilməsini xahiş edir. -xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı övladı xx.xx.2023-cü il təvəllüdlü X1 adının ərəb mənşəli söz olub “asəl” bal mənasını verir. Azərbaycan dilində “ə”hərfi olduğu üçün övladının doğum haqqında şəhadətnaməsinin ad qrafasında “Asəl” yazılmasına müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 24 noyabr 2023-cü il tarixli 30/2023 nömrəli qərarına əsasən yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 adının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı normalara istinad edir. İşin hallarından görünür ki, İddiaçı və X5 ərizə ilə cavabdehə müraciət edərək övladları xx.xx.2023-cü il təvəllüdlü X1 adının “Asəl” adına dəyişdirilməsinə razılıq verilməsini xahiş etmişlər. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti 24 noyabr 2023-cü il tarixli 30/2023 nömrəli qərarı ilə uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi və 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmamasını əsas gətirərək, xx.xx.2023-cü il təvəllüdlü X1 adının dəyişdirilməsi məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı cavabdehin bu qərarını mübahisələndirərək övladlarının adının “Asel”dən “Asəl”ə dəyişdirilməsinə razılıq verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, uşağın (maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar) ad və soyadla bağlı hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – AM) ilə tənzimlənir. Həmin Məcəllənin “Uşağın ad, ata adı və soyad daşımaq hüququ” adlanan 53-cü maddəsi uşağa doğularkən adın, ata adının və soyadın verilməsi qaydasını, “Uşağın adının və soyadının dəyişdirilməsi” adlanan 54-cü maddəsi isə ad və soyada malik uşağın adının və soyadının sonradan dəyişdirilməsi qaydasını tənzimləyir. Həmin maddələrə əsasən: -Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Göründüyü kimi, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. Uşağın mənafeyinə gəldikdə, məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X6rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47) (bax: “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, qanunvericilik uşağın mənafeyinin həm ad qoyulması, həm də adın dəyişdirilməsi zamanı nəzərə alınmasının müəyyən etmişdir. Yəni inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan askpekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. İşdən görünür ki, cavabdeh imtina cavabı verərkən uşağın hazırkı adının onun mənafeyinə uyğun olduğuna istinad etsə də, adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib yetirməməsini qiymətləndirməmiş, formal olaraq valideynlərin bu hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qərar qəbul etmişdir. Baxmayaraq ki, valideynlər ərizələrində uşaqlarının adının “Asel” deyil, ərəb mənşəli söz olub “asəl” bal mənasını verən “Asəl” olaraq dəyişdirilməsinə razılıq verilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, dəyişdirilməsi xahiş edilən “Asəl” adı uşağın mənafeyinə xələl gətirə biləcək ad deyil, həmçinin onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Belə olan halda aydındır ki, hazırkı halda həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudliyyətlər mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuş, əsassız olaraq iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 30/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 adının “Asəl” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8121/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8121/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver